Gecənin günün ən pis vaxtı hesab edilməsi təəccüblü deyil. Elmi araşdırmalar onun təhlükəsini təsdiqləyib.
Alimlər gecəni günün ən təhlükəli vaxtı hesab edirlər. Onlar "gecənin ən qaranlıq vaxtı sübh tezdəndir" deyimini təsdiqləyirlər - gecənin sonu günün ən təhlükəli vaxtı hesab olunur.
Onların fikrincə, səhər saat 5-də başlayan 60 dəqiqə sağlamlığımız, əhvalımız, rifahımız, orqanlarımıza zərər vurma riskimiz və s. üçün ən təhlükəlidir.
Miçiqan universiteti və Dartmut tibb məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, bu tutqun 60 dəqiqə ərzində insanlar nə vaxt oyanmalarından asılı olmayaraq, ən pis əhval-ruhiyyəni yaşayırlar. Bu arada, axşamüstü saat 17:00-da insanların əksəriyyəti özlərini ən ayıq və nikbin hiss edirlər.
Tədqiqatın aparıcı müəllifi və “Dartmouth Health”in psixiatrı Benjamin Şapiro izah edir ki, əhval-ruhiyyə təbii dövrlərdən keçir, yuxu vəziyyətindən asılı olmayaraq səhər ən aşağı, axşam isə ən yüksək olur.
Alimlər qeyd ediblər ki, insan əhval-ruhiyyəsi müəyyən bir ritm izləyir. Mütəxəssislər əhval-ruhiyyənin orqanizmin daxili bioloji saatı ilə əlaqəli bir ritmə tabe olduğunu və bu təsirin oyaqlıq müddəti ilə artdığını aşkar ediblər.
Tədqiqat müəllifi, Massaçusets universiteti tibb məktəbinin riyaziyyat professoru Denni Forqer qeyd edir ki, günün vaxtı və əhval-ruhiyyəsindən əlavə, insan nə qədər çox oyaq qalarsa, əhval-ruhiyyəsi də bir o qədər pisləşər.
Şapiro izah edib ki, yuxusuzluq əhval-ruhiyyəni daha da pisləşdirən ayrı bir amildir. Buna görə də, bütün gecəni oyaq qalan və səhər saat 5-də hələ də ayıq olanlar, həmin vaxt yeni oyananlardan daha pis əhval-ruhiyyədə olmalıdırlar. Lakin, adi bir gündə onların səhər saat 5-dəki əhval-ruhiyyəsi yenə də axşam saatlarından daha aşağı olacaq. /Lent.az/