“Bu gün 94 yaşım tamam oldu, 95-ə keçdim. İnternetdə yazıblar, hamı zəng edir, təbrik edir. Bu internet adamı az qala biyabır edir. Telefon zənglərinə cavab verməkdən yorulmuşam. Qocayam da. Siz indi zəng etmisiz, mən oturmuşam evdə televizora baxıram. Bir adamın ki, gözü pis görsün, qulağı eşitməsin, dişləri olmasın, o adam necə doğum günü qeyd etsin?! Bunu heç cür qəbul edə bilmirəm”
Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın ilk ali dərəcəli qadın rejissoru Solmaz Həmzəyeva deyib. O daha sonra əlavə edib:

“Kim deyirsə qocalıq yaxşıdır inanmayın. Qocalığı sevmirəm. Allah sizə də qismət etsin özünüz görəsiniz. Mən heç kimə qəbul edə bilmirəm. Çətindir. Məni tanıyırlar, xasiyyətimi bilirlər. Roza Tağıyeva, Ofeliya Sənani, Şərqiyyə Hüseynova ailə üzvlərimdir, məni heç narahat etməzlər. İstədilər ki, məni evdən çıxarsınlar. Birindən 15 yaş böyüyəm, o birlərindən 10 yaş. Dedim ki, siz yemək yeyəcəksiz, mən baxacam?! Güldülər, dedilər başa düşürük. Dişlərim kritik vəziyyətdədir, müalicə etdirirəm.
Neynirəm belə ad gününü? (gülür). Heç anam bu yaşa qədər yaşamayıb. Belə zülm olar?! Allaha yalvarıram ki, ayaqüstə olum, heç kim mənə qulluq etməsin. Ondan pis bir şey yoxdur. Allah məni heç kəsə yük etmədi. Özüm-özümə qulluq etməyi bacarıram. Əsas budur. 95 yaşında qadının arzusu nə ola bilər? Alınan alındı, alınmayan da şükür ki, Allahın məsləhəti belədir. Qızımın xətrinə yaşayıram ki, bilsin mən varam. Qızım pianoçudur, Milli Konservatoriyada çalışır” deyə o bildirib.

