“Bu gün əksəriyyət şikayət edir, şəxsi dolanışıqdan da, ölkədən də, dünyadan da, hamı günahı başqalarında görür, fəqət yalnız barmaqla sayılası insanlar baş verənlərdə özünü də suçlayır...”
“Çoxları heç vaxt bu sualları özünə vermir: “Bəs mən niyə beləyəm? Mən niyə yalan danışıram? Mən niyə dələduzluq edirəm? Niyə alıcını çəkidə, qiymətdə, keyfiyyətdə aldadıram? Mən niyə rüşvət alıram? Niyə bir vəzifəli görəndə o, rüşvətxorun, şərəfsizin biri olsa belə, onun qarşısında ikiqat əyilirəm, ona yarınıram və yalnız arxasınca danışa bilirəm?..”
“...Başqalarının, el-obanın, camaatın, xalqın gözünə girmək üçün dünyada, bəzən hətta Allah yanında ən yaxşı görünən cəhətlərlə pərdələnirlər. Səxavətli, əliaçıq görünmək üçün əllərində artıq var-dövlətdən bir neçə yoxsula paylayıb “səmimi” foto və videolar paylaşırlar...”
“İxlaslı insan gördüyü hər işə, etdiyi hər yaxşılığa görə yalnız Uca Allahdan tərif, mükafat umar. Ən dərin ixlaslılar heç bunu da ummaz, sadəcə hər işi Yaradanın razılığını qazanmaq üçün görər...”
“Əgər dəyişilməyə, özümüzlə, Allahla, bir-birimizlə, cəmiyyətlə, bizləri idarə edənlərlə ixlaslı, dürüst olmağa çalışmırıqsa, onda ədalətsizlikdən, haqsızlıqdan, qanunsuzluqdan, rüşvətxorluqdan, yoxsulluqdan və s. şikayət etməyə də haqqımız çatmır...”
...Yəqin ki, oxucuların bir hissəsi başlıqdakı birinci sözü dərhal anlasa da, ikincinin mənasını anlamayacaq və ya bir az düşündükdən sonra başa düşəcək. Onları bir yandan qınamırıq, çünki əgər əsil insana hər iki dünyada xoşbəxt yaşamaq üçün hava-su kimi vacib olan həyati əhəmiyyətli bir məfhumun mənasını anlamırlarsa, deməli, onun yaşadığı ölkə və mühit həmin kəlmənin mahiyyətindən, qayəsindən çox uzaqdır...
Bu gün insanların xeyli qismi, xüsusən də 18-40 yaşlılar, təəssüf ki, daha çox süni intellektə etibar etdiklərindən “ixlas” məhfumunun izahını da onun vasitəsilə təqdim edirik:
“ İxlas - ərəb mənşəli söz olub, lüğətdə "arınmaq, təmizlənmək, saf/xalis olmaq" mənalarını verir. Dini-terminoloji mənada isə hər növ ibadət və xeyirxah əməlləri yalnız Allahın rizasını qazanmaq üçün, səmimi qəlbdən, riyadan (göstərişdən) və dünya mənfəətlərindən uzaq şəkildə yerinə yetirməkdir. İxlas, tövhidlə(Allahın varlığına, Onun birliyinə, tayı-bərabəri olmadığına və ibadətə layiq tək varlıq olduğuna inanmaq) eynidəyərli tutulur...
İxlasın əsas xüsusiyyətləri və nümunələri
Səmimiyyət və saf niyyət:
İbadətləri insanların təqdirini qazanmaq üçün deyil, yalnız Allah üçün etmək.
Riyadan uzaq olmaq:
Göstəridən, yaltaqlıqdan və ad-san qazanmaq məqsədindən tamamilə qaçmaq.
İbadətdə davamlılıq:
Yalnız çətinlikdə deyil, hər zaman Allahın razılığını əsas tutmaq.
Nümunə:
Bir şəxsin namazını insanlar görsün deyə deyil, yalnız Allaha bağlılıqdan dolayı, gizlində və ya açıqda eyni səmimiyyətlə qılması ixlasdır.
İxlasın sinonimləri
İxlas sözü Azərbaycan dilində aşağıdakı mənalarda da işlənir:
Səmimiyyət
Sidq (sədaqət, ürəkdən bağlılıq)
Saf/xalis niyyət
Qəlb təmizliyi
İxlasın mahiyyəti
İxlaslı mömin həyatını Allahın rizasını qazanmağa həsr edir və etdiyi hər davranışı, insanların düşüncələrinə əsasən deyil, Allahın razı qalacağı tərzdə tənzimləyir. İxlas bu dünyada verdiyimiz Allah qulluğu imtahanın ən vacib bölməsidir...”
Əslində süni intellekt ixlasın məna və mahiyyətini ilkin anlayış üçün yetərli qədər sistemli və qısa şəkildə çox gözəl izah edir. Əlbəttə, ixlas dərindən də dərin bir anlayışdır. Və İslam alimləri ona kitablar həsr etmişlər. Onu tam mahiyyəti və dərinliyi ilə izah etməyə ömür belə, yetməz...
Amma azca dərin düşüncəyə malik insan elə ilkin anlayış çərçivəsində fərd, ailə, qrup, tayfa, ölkə çərçivəsində yox, dərin, qlobal, dünya miqyasında düşünəndə məlum olur ki, yalnız ayrı-ayrı fərdlərin deyil, yaşadığımız məmləkətin, regionun və bütövlükdə dünyanın xilası məhz ixlasdadır. Bəlkə də “ixlas” sözündən, yəni onu təşkil edən hərf və səslərdən “xilas” sözünün düzələ bilməsi də təsadüf deyil. Necə ki, “xalq” sözündən “qalx” sözü düzələ bilir. Bizlər kimi “ixlas” haqda danışıb özləri də ixlaslı olmağa çalışanların istəyi, özlərinin də, ailə üzvlərinin də, tayfalarının da, bütövlükdə xalqın da, bəşəriyyətin də öz nəfslərinə qarşı qalxmasıdır. Hər kəs öz nəfsinə qarşı qalxmağa çalışsa, həm məmləkətdə, həm dünyada dələduzların, yalançıların, talançıların, rüşvətxor və korrupsionerlərin sayı maksimum az olar və nəticədə xalqlar da, dövlətlər də sülh və firavanlıq içində yaşayar, indiki kimi hər tərəfi qətllər, intiharlar, qətliamlar, terrorlar, müharibələr, eləcə də bir yanda ifrat varlılıq, harınlıq, digər yanda isə yoxsulluq, əlacsızlıq hökm sürməz. Elə məhz ixlasdır, dürüstlükdür, səmimilikdir hər bir insanı öz nəfsinə üsyan etməyə qaldıran... Odur ki, qətiyyətlə, çəkinmədən deyirik: xilasımız ixlasdadır...
Bəs ixlaslı insan, bəndə, mömin necə olur? O necə yaşayır? Ətrafındakı haqsızlıqlara, ədalətsizliklərə qarşı necə mübarizə aparır? Əksər fərdləri ixlasla yaşayan toplum, xalq necə olur?..
Bu suallara cavab vermək üçün ixlassız fərd, ailə, qrup, cəmiyyət, toplum, xalq, dövlətin, ölkənin necə ola bilməsindən bəhs edək.
İxlassız, yəni qeyri-səmimi, ikiüzlü, riyakar şəxs bədniyyətli olur. Və öz niyyətlərini həyata keçirmək üçün çox vaxt zahirən ixlaslı, səmimi, ədalətli görünməyə çalışır. Onlar ətraflarındakı hər bir insana öncə öz nəfsinin hədəflərinə çatmaq üçün bir alət kimi baxır. Belələri hətta öz ata-analarına, qardaş-bacılarına, ən yaxın qohum, dostlara və s. də eyni niyyətlə yanaşırlar. Onlar öz doğmalarına belə, bir xırda yaxşılıq edən kimi onu digər ailə üzvlərinin yanında hay-küylə car çəkir, özlərini nümayiş, reklam etdirir, həm də o yaxşılıq etdiyi əzizinə, doğmasına minnət qoyur, onu mənən alçaldır, əzir və bundan ləzzət alırlar. Bu cür məxluqlar etdikləri hər xırda yaxşılığa görə insanlardan, hətta ən yaxınlarından əvəz, tərif, mükafat umurlar. Halbuki ixlaslı insan gördüyü hər işə, etdiyi hər yaxşılığa görə yalnız Uca Allahdan tərif, mükafat umar. Ən dərin ixlaslılar heç bunu da ummaz, sadəcə hər işi Yaradanın razılığını qazanmaq üçün görər...
Xülasə, təsvir etdiyimiz xislətdə yaxınınız, dostunuz varsa, ona ixlassız deyə bilərsiniz. Hələ doğmalarına qarşı bu cür davranırlarsa, gör, yadlara necə yanaşırlar. Belələri illərlə sənin üzünə gülüb özünü ən yaxın adamın kimi tanıdar. Lakin bir gün, bir an gözləmədiyin halda səni ya gerçək, ya mənəvi mənada uçuruma itələyərək öz nəfs və arzularına qurban verər. Ətrafınıza diqqətlə baxın və belələrini çox görəcəksiz...
Bəs ixlasdan uzaq düçənlər ictimai-siyasi həyatda necə olur?..
...Başqalarının, el-obanın, camaatın, xalqın gözünə girmək üçün dünyada, bəzən hətta Allah yanında ən yaxşı görünən cəhətlərlə pərdələnirlər. Səxavətli, əliaçıq görünmək üçün əllərində artıq var-dövlətdən bir neçə yoxsula paylayıb “səmimi” foto və videolar paylaşırlar. Babat vəzifədədirlərsə, bunu ən böyük telekanallarda bir reportaj kimi verdirirlər. Hətta imkanları düşən kimi Həccə, Kərbəlaya, Məşhədə gedir və adlarının önünə məşədi, kərbəlayı, hacı titullarının artırılmasına şərait yaradırlar. Bələdiyyə sədri, yaxud deputat seçilmək üçün yuxarılara gizli-açıq yarınmaqla paralel, özlərini camaata demokratik düşüncəli, Avropa dəyərlərini sevən, insan haqlarını daim müdafiə etməyə çalışan haqq uğrunda bir mübariz kimi təqdim etməyə çalışırlar. Öz çıxışlarında rüşvətxor, korrupsioner başçıları, nazirləri kəskin təndiq edirlər. Ancaq qəlblərində özlərini məhz belə “yeyib-dağıdan fərasətli oğlan”ların yerində görürlər. Ona görə də belələrinin “haqq uğrunda” mübarizəsi öz nəfsani arzularına çatanadək olur. Elə ki xalq içində pislədikləri həmin korrupsionerlərdən biri onların “seçilib” mandat sahibi olmasına, yaxud bu, baş tutmasa, hansısa rayona başçı getməsinə şərait yaratdı- vəssalam, mübarizələri bitir. Və başlayırlar dünən haqqını müdafiə etməyə söz verdikləri vətəndaşların özlərini qapılarında günlərlə, aylarla süründürməyə, onlardan “haqq” ummağa və almağa, hətta tələb etməyə... Məlum olur ki, əslində bunlar öz “haqq”ları uğrunda çalışırmış...
Bəzən hətta elə olur ki, biri doğrudan da səmimi şəkildə haqq uğrunda mübarizə aparır, amma illərlə xalq arasında, çıxışlarında pislədiyi, nifrət yağdırdığı vəzifəli korrupsionerin ona külli miqdarda pul, ev, maşın, yaxud babat vəzifə, deputat mandatı təklif edir, onda dərhal nəfsinə uyur və razılaşıb dünən pislədiklərinin yanında yer alır...
Gəlin etiraf edək ki, çoxumuz öz aramızda, çayxanalarda, xeyir-şər məclislərində bir yerə yığışanda bizə qarşı olmazın haqsızlıqlar edən rüşvətxor, korrupsioner məmurlardan şikayətlənirik, onlara lənətlər yağdırırıq, hər kəsin öz haqqını tələb etməsinin, haqsızlığa qarşı mübarizənin vacibliyini vurğulayırıq. Fəqət həmin o korrupsioner, zülmkar başçının, yaxud nazirin özünün, oğul-qızlarının varidatlarından danışanda qəlbimizin dərinliyinə girmiş Şeytan nəfsimiz vasitəsilə bizə pıçıldayır: “Sən də onlar kimi ol, fərasətin varsa, sən də bir babat vəzifəyə get, ye, dağıt-tala, elə indi əlindən olan imkanlardan da istifadə edib çox şey edə bilərsən, gör, nə edirsən? Bu, nə ev-eşikdir- yaşayırsan, bu nə geyimdir- geymisən? Tərpən! Sabah gec olacaq...”
Kim nəfsinin o pıçıltılarına uydusa, vay halına. O gündən başlayaraq onun qəlbi çirkablar içində üzəcək. O, pul qazanmaq, maşın, ev almaq, vəzifəyə getmək üçün əlindən nə gəlirsə, edəcək, hamını, hətta öz doğmalarını belə əzib tapdayıb keçəcək... Fürsət düşən kimi rüşvət verib tədricən vəzifə pillələrində irəliləyəcək və elə dünən pislədikləri kimi, bəlkə də onlardan da betər olacaq... Və belə şeytani pıçıltılara uyanların sayı şox olan toplumların, xalqların vay halına- çünki onlar haqq uğrunda gerçək mübarizə aparıb rifaha, xoşbəxtliyə nail ola bilməyəcəklər... Əgər bir məclisdə haqq uğrunda mübarizədən danışıb oradan ayrılıb işinin başına gedən qəssab müştəriyə od qiymətinə iylənmiş ət sırıyırsa, müəllim gedib imtahana gələcək şagirdindən, tələbəsindən rüşvət umursa, həkim pul verməyən xəstəyə başdansovdu baxırsa, mühəndis tikdiyi binanın sementini, armaturunu oğurlayırsa, hakim haqsızdan pul alıb haqlını zindana basdırırsa, özünü müxalifət adlandıran partiya sədri gedib qəzetdə müsahibə verib bayaqdan camaatın pislədiyi naziri tərifini göylərə qaldırırsa və s., vay o dövlətin halına!..
Bu gün əksəriyyət şikayət edir, şəxsi dolanışıqdan da, ölkədən də, dünyadan da, hamı günahı başqalarında görür, fəqət yalnız barmaqla sayılası insanlar baş verənlərdə özünü də suçlayır. Çoxları heç vaxt bu sualları özünə vermir: “Bəs mən niyə beləyəm? Mən niyə yalan danışıram? Mən niyə dələduzluq edirəm? Niyə alıcını çəkidə, qiymətdə, keyfiyyətdə aldadıram? Mən niyə rüşvət alıram? Niyə bir vəzifəli görəndə o, rüşvətxorun, şərəfsizin biri olsa belə, onun qarşısında ikiqat əyilirəm, ona yarınıram və yalnız arxasınca danışa bilirəm?..”
Həyatda ixlaslı, səmimi, dürüst olmaq üçün insan özünə məhz bu sualları verməlidir. Bu sualları vermək isə özünü dəyişmək cəhdidir...
Oxucuların xeylisi bu sətirlərin müəllifini qınayacaq ki, əşşi, boşuna başını ağrıdırsan, boşuna yazırsan, onsuz da əksəriyyət düzələn deyil. Bəli, bəndəniz də deyilən gerçəklikləri dərk edir və don-kixotluq eləmir, o sadəcə öz borcunu yerinə yetirir. Dinimizdə buyrulan yaxşı əmələ dəvət - pis əməldən çəkindirmək (əmr be məruf -nəhy əz münkər) vəzifəsini icra etməyə çalışır...
Düzdür, biz də yüz faiz ixlaslı deyilik, hamımızın bu həyatda özünəməxsus xəta və günahları var... Ancaq hər halda ixlaslı olmağa, yəni özümüzü maksimum dəyişməyə cəhd edirik. Və bu hər bir insanın borcudur. Əgər bu yazımızla 3-4, hətta bir insan da hidayətə, düz yola- Allah yoluna gəlsə, bu bizlər üçün boyük uğur olar...
Dəfələrlə yazmışıq: Quranda da buyurulur ki, bir cəmiyyət özünü dəyişməyincə Allah da onu dəyişməz... Əgər dəyişilməyə, özümüzlə, Allahla, bir-birimizlə, cəmiyyətlə, bizləri idarə edənlərlə ixlaslı, dürüst olmağa çalışmırıqsa, onda ədalətsizlikdən, haqsızlıqdan, qanunsuzluqdan, rüşvətxorluqdan, yoxsulluqdan və s. şikayət etməyə də haqqımız çatmır...
Bu mövzuda zaman-zaman danışacağıq, inşə Allah...
Sultan Laçın