“Super dilənçi Bəhmənkəs Filankəsov, son söz olaraq nə demək istərdiniz?..”
“Bəllidir ki, el arasında rüşvətxorluqla məşğul olan məmur, həkim, müəllim və s. peşə sahiblərini, həmçinin başçı, komitə sədri, nazirləri və s. yüksək vəzifə sahiblərini də “mədəni dilənçi” adlandırırlar...”
"Nə bilim, deyirəm, bəlkə bu biabırçı adlardan sonra, heç adi küçə dilənçilərini demirəm, rüşvətxor nazirlər, başçılar, məmurlar, həkimlər, müəllimlər və s. utanıb bir daha öz çirkin vərdişlərindən əl çəkələr... Həm həbs edilənlər, həm də hələ iş başında olanlar... Düzdü, belələrində utanan sifat yoxdur. Amma Allahdan ümid kəsilməz..."
Məlum olduğu kimi, bu günlərdə küçə dilənçilərinin cərimələnməsi haqda qanun qüvvəyə minib. Bundan sonra dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimələnəcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunacaq...
Bəllidir ki, el arasında rüşvətxorluqla məşğul olan məmur, həkim, müəllim və s. peşə sahiblərini, həmçinin başçı, komitə sədri, nazirləri və s. yüksək vəzifə sahiblərini də “mədəni dilənçi” adlandırırlar. Doğrudan da, əgər adi küçə dilənçiləri öz şəxsiyyətlərini alçaldıb yalnız bir küçəni, bir məhləni, bir kəndi biabır edirlərsə, peşə, vəzifə başında dilənənlər, özü də xalqdan, dövlət büdcəsindən yüksək, külli miqdarda para qoparanlar, öz şəxsiyyətləri(əslində şəxsi ətləri) qara yola olsun, bütövlükdə dövləti, xalqı, ölkəni regionda və dünyada biabır edir, üstəlik, həyatımızın bütün sahələrini: elmi, təhsili, səhiyyəni, iqtisadiyyatı, sənayeni, hərbi və s. bərbad günə qoyurlar... Odur ki, onlara ən alçaldıcı adlar da yapışır...
Gop olmasın, mən hələ sovet dövründən- 17-18 yaşımdan Azərbaycanda rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə aparıram. Hətta 1991-ci ildə təhsil aldığım ali məktəbdə qeyri-leqal olaraq “Rüşvətxorluğa qarşı mübarizə komitəsi” yaratmışdım... Amma özümü gözə soxmadığım üçün diqqətdən kənarda qaldım və nəticədə Korrupsiyaya qarşı Mübarizə Komissiyasının sədri vəzifəsinə Ramiz Mehdiyevi təyin etdilər... O da sonda, namxuda, özünü ifşa edib cəzasına çatdı...
Xülasə, ağzımı yaxalayıb keçirəm mətləbə... Çox düşündüm-daşındım, belə qərara gəldim ki, rüşvətxorluq və korrupsiyaya qarşı mübarizəyə növbəti bir töfhəmi verim. Bu məqsədlə bir təkliflər paketi hazırladım ki, həmin paketin bir maddəsini dəyərli oxucuların nəzərinə çatdırıram...
Söhbətimizin əvvəlində mədəni dilənçilərdən bəhs etdik. Buna uyğun olaraq təklif edirəm ki, ölkədə rüşvətxorluq və korrupsiya haqqındakı bütün qanunlarda və cinayət maddələrinə dəyişiklik edilsin və bundan sonra rüşvətxorluq və korrupsiya da dilənçilik kateqoriyasına aid olunsun.
Və bu minvalla dilənçilik aşağıdakı qruplara bölünsün:
-ibtidai dilənçilər -
küçədə, parkda, yaxud hansısa müəssisə ərazisində xahiş etmək, yalvarmaq, yaxud tutduğu vəzifədən sui-istifadə etməklə, bəzən də hədə-qorxu gəlməklə digər vətəndaşlardan 10 qəpikdən 100 manatadək pul qapanlar...
-3-cü qrup dilənçilər –
eyni məkanlarda eyni qayda ilə digər vətəndaşlardan 100 manatdan 1000 manatadək pul qapanlar...
-2-ci qrup dilənçilər –
tutduqları vəzifədən sui-istifadə etməklə, bəzən də hədə-qorxu gəlməklə öz kabinet, ofislərində, yaxud çalışdıqları müəssisələrdə və ya hansısa başqa məkanda digər vətəndaşlardan 1000 manatdan 10 min manatadək pul götürən və ya eyni məbləği müxtəlif qanunsuz yollarla dövlət büdcəsindən mənimsəyənlər (başqa sözlə, xalqın və dövlətin cibinə girənlər);
1-ci qrup dilənçilər –
tutduqları babat vəzifədən sui-istifadə etməklə, bəzən də hədə-qorxu gəlməklə öz kabinet, ofislərində, yaxud çalışdıqları müəssisələrdə və ya hansısa başqa məkanda digər vətəndaşlardan 10 min manatdan 100 min manatadək pul qapan və ya eyni məbləği müxtəlif qanunsuz yollarla dövlət büdcəsindən mənimsəyənlər (başqa sözlə, xalqın cibinə girənlər);
Ali dilənçilər –
tutduqları yüksək vəzifədən sui-istifadə etməklə, bəzən də hədə-qorxu gəlməklə öz kabinet, ofislərində, yaxud çalışdıqları müəssisələrdə və ya hansısa başqa məkanda digər vətəndaşlardan 100 min manatdan 10 milyon manatadək pul qapan və ya eyni məbləği müxtəlif qanunsuz yollarla dövlət büdcəsindən mənimsəyənlər (başqa sözlə, xalqın, dövlətin cibinə girənlər);
Super dilənçilər-
tutduqları yüksək vəzifədən sui-istifadə etməklə, bəzən də hədə-qorxu gəlməklə öz kabinet, ofislərində, yaxud çalışdıqları müəssisələrdə və ya hansısa başqa məkanda digər vətəndaşlardan 10 milyon manatdan 1 milyard manatadək pul qapan və ya eyni məbləği müxtəlif qanunsuz yollarla dövlət büdcəsindən mənimsəyənlər (başqa sözlə, xalqın və dövlətin cibinə girənlər);
Hiper dilənçilər –
tutduqları ali vəzifədən sui-istifadə etməklə, bəzən də hədə-qorxu gəlməklə öz kabinet, ofislərində, yaxud çalışdıqları müəssisələrdə və ya hansısa başqa məkanda digər vətəndaşlardan 1 milyard manatdan yuxarı pul qapan və ya eyni məbləği müxtəlif qanunsuz yollarla dövlət büdcəsindən mənimsəyənlər (başqa sözlə, xalqın və dövlətin cibinə girənlər)...
Belə...
Onu da təklif edirəm ki, kateqoriyasından yəni adi küçə dilənçisi, 1-ci dərəcəli, yaxud ali, super, hiper dilənçi olmasından asılı olmayaraq cinayət başında yaxalanmış dilənçilərin istintaq və məhkəmə proseslərində, həmçinin media və telekanallarda onlar barədə yayılan informasiyalarda da onlar belə də adlandırılsın:
Məsələn: “1-ci və yaz 3-cü qrup dilənçi Filankəsov Bəhmənkəs, yaxud super dilənçi Bəhmənkəsov Filankəs bu gün məhkəmə qarşısına çıxarılır...”
Yaxud: “Super dilənçi Bəhmənkəs Filankəsov, son söz olaraq nə demək istərdiniz?”
Nə bilim, deyirəm, bəlkə bu biabırçı adlardan sonra, heç adi küçə dilənçilərini demirəm, rüşvətxor nazirlər, başçılar, məmurlar, həkimlər, müəllimlər və s. utanıb bir daha öz çirkin vərdişlərindən əl çəkələr... Həm həbs edilənlər, həm də hələ iş başında olanlar... Düzdü, belələrində utanan sifat yoxdur. Amma Allahdan ümid kəsilməz. Tövbə qapısı da həmişə açıqdır...
Sultan Laçın