Kaya Kallasın Bakı səfərinin gizli mesajları – Avropa yeni reallığı qəbul edir
Ekskluziv
354
14:08, Bu gün

Kaya Kallasın Bakı səfərinin gizli mesajları – Avropa yeni reallığı qəbul edir

Qlobal siyasi proseslərin sürətlə dəyişdiyi indiki mərhələdə dövlətlərarası münasibətlərdə qarşılıqlı maraqlar və strateji əməkdaşlıq amili daha qabarıq şəkildə ön plana çıxır. Xüsusilə enerji təhlükəsizliyi, regional sabitlik və alternativ nəqliyyat marşrutları ətrafında formalaşan yeni geosiyasi reallıq Azərbaycanı beynəlxalq aktorlar üçün mühüm tərəfdaşa çevirib. 

Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlıq formatının genişlənməsi də məhz bu reallığın nəticəsi kimi qiymətləndirilir. Son dövrlər baş tutan yüksək səviyyəli görüşlər və siyasi təmaslar tərəflər arasında dialoqun formal xarakter daşımadığını, praktik maraqlara söykəndiyini göstərir. Bu baxımdan Avropa rəsmilərinin Azərbaycana səfərləri yalnız diplomatik protokol deyil, həm də dəyişən beynəlxalq gündəliyin mühüm siyasi mesajı hesab olunur.

Maraqlıdır, mövcud geosiyasi proseslər və Avropa İttifaqı rəsmilərinin Azərbaycana artan marağı əsasında, tərəflər arasında münasibətlərin hazırkı inkişaf dinamikası hansı strateji reallıqlardan xəbər verir? 

Mövzu ilə bağlı Moderator.az-a politoloq Yeganə Hacıyeva münasibət bildirib.

Politoloq qeyd edib ki, Avropa İttifaqının ali nümayəndəsi kimi Kaya Kallasın Azərbaycana səfərini qarşılıqlı faydalılıq, etimad və strateji əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin dinamik inkişafının göstəricisi kimi qiymətləndirmək lazımdır:

"Xüsusilə son bir neçə il ərzində Avropa siyasi qurumlarında Azərbaycanla münasibətlərin korlanmasına yönəlmiş sistemli və məqsədyönlü cəhdlərin mövcudluğunu nəzərə alsaq, bu dairələrin istədikləri nəticəyə nail ola bilmədikləri açıq şəkildə görünür. Əksinə, bu gün Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər inkişaf edən və dərinləşən xətt üzrə davam edir. Qeyd etmək lazımdır ki, indiyədək Azərbaycan ilə Avropa İttifaqı arasında çoxşaxəli sahələri əhatə edən geniş platformalarda mühüm dialoqlar baş tutub. 

Hazırkı mərhələdə isə bu dialoqlar bir neçə əsas istiqamət üzrə daha intensiv şəkildə davam etdirilir. Bu istiqamətlər arasında ilk növbədə nəqliyyat əməkdaşlığı, enerji təhlükəsizliyi məsələləri, eləcə də regional və qlobal təhlükəsizliklə bağlı strateji dialoq xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Avrasiya məkanında, xüsusilə də geosiyasi və geoiqtisadi baxımdan mühüm əhəmiyyətə malik regionda aparıcı dövlət kimi çıxış etməsi Avropa İttifaqının ölkəmizlə münasibətlərə verdiyi önəmi daha da artırır. 

Əslində, Azərbaycanla əlaqələrin gücləndirilməsi Avropa İttifaqının Avrasiya qitəsində siyasi, iqtisadi və enerji maraqlarını daha etibarlı şəkildə təmin etmək siyasətinə verilən ciddi töhfə kimi qiymətləndirilməlidir. Onu da xüsusi vurğulamaq lazımdır ki, bu gün Azərbaycan Avropa İttifaqına üzv olan 10-a yaxın ölkənin enerji təchizatında mühüm rol oynayır. Bu isə təkcə iqtisadi əməkdaşlıq deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın strateji iştirakını nümayiş etdirir".

Yeganə Hacıyeva vurğulayıb ki, təsadüfi deyil ki, bir sıra Aİ ölkələri , məsələn Çexiya kimi , rəhbərliyinin Azərbaycana səfərindən sonra Avropanın bir sıra ölkələrində Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsinin vacibliyi ilə bağlı kifayət qədər ciddi və açıq mesajlar səsləndirilmişdi:

"Bütün bunların fonunda aydın görünür ki, Avropa İttifaqı daxilində anti-Azərbaycan mövqeyi formalaşdırmağa çalışan müəyyən siyasi qruplar və dairələr gözlədikləri nəticəni əldə edə bilməyiblər. Çünki reallıq göstərir ki, Azərbaycan bu gün Avropa üçün etibarlı tərəfdaş, strateji enerji təminatçısı və regional sabitliyin mühüm iştirakçılarından biridir. Xüsusilə qeyd etməliyəm ki, Azərbaycan Prezidentinin son Avropa Siyasi Birliyinin Sammitindəki çıxışı mahiyyət etibarilə Avropa rəsmilərinə, Avropa Komissiyasına və müxtəlif siyasi dairələrə bu istiqamətdə mühüm mesaj idi. 

Həmin çıxış Avropa İttifaqının gələcəyi üçün bir sıra siyasi dairələrin formalaşdırdığı risklərlə bağlı açıq xəbərdarlıq xarakteri daşıyırdı və bu mesajın ünvanlara çatdığı da artıq müşahidə olunur. Məhz bu baxımdan, Kaya Kallasın Azərbaycana səfərini və sonrakı diplomatik təmasları həmin xəbərdarlıqların nəzərə alınmasının, eləcə də Azərbaycanla münasibətlərdə daha praqmatik və realist yanaşmanın formalaşmasının göstəricisi kimi qəbul etmək olar".

 Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər