Bizi sosial şəbəkələrdən izləyin:
“Ulu Öndər Heydər Əli bütün televiziya diktorlarına və rejissorlara böyük diqqət göstərirdi. O televiziyanın 40 illik yubileyinə gəlmişdi. Bizimlə tək-tək görüşdü, üzümüzdən öpdü, təbrik etdi. İncəsənətə çox diqqət göstərirdi. Hər kəsi tanıyırdı. Aktyorların ailə həyatı, yaradıcılığı ilə maraqlanırdı. Fenomen bir insan idi. Bir də görürdün ki, xəbər edirdilər ki, Heydər Əliyev gəlir. Qəfil çəkilişlərə girirdi. Uşaqlar onu çox sevirdi. Hamının işi ilə, yaşayışı, dolanışığı ilə bir-bir maraqlanırdı. Problemi olan insanların işlərinin həllinə çalışırdı. Ətrafındakı insanlar onu tək baxışından başa düşürdülər ki, o nə demək istəyir. Bir baxış kifayət idi. Nə qədər zəhmli insan idisə, bir o qədər də kövrək qəlbin sahibi idi. Uşaq kimi kövrək ürəyi var idi. Allah ona qəni-qəni rəhmət etsin”.
Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın ilk ali dərəcəli qadın rejissoru Solmaz Həmzəyeva deyib.
O daha sonra Heydər Əliyevlə xatirəsini bölüşüb:

“Televiziyanın 40 illik yubileyində biz onunla görüşdük. Hamımızı ona təqdim edirdilər. Məni təqdim edəndə dedilər ki, “ilk ali dərəcəli qadın rejissorumuz Solmaz Həmzəyeva”. Mən də ayağa qalxdım. O gülümsədi. Sədrimiz dedi ki, “Solmaz xanım xalq artisti Barat Şəkinskayanın qızıdır”. O anamdan danışmağa başladı. Yenə mən ayağa qalxdım. Bir az keçdi dedi ki, “Solmaz, sən Mir İbrahim Həmzəyevin qızı deyilsən?”. Başladı atamdan danışmağa. Mən orada bildim ki, atam Heydər Əliyevin dram dərnəyində, hələ Naxçıvanda yaşayarkən müəllimi olub. O atamdan ürək dolusu danışdı. Deyirdi ki, “ondan geyim tərzini öyrənirdik, hamı istəyirdi onun kimi görünsün”. Bir az keçdi, dedi ki, “mən qardaşın Süleymanla da dost olmuşam, onunla bir otaqda qalmışam”. Təsəvvür edin ki, bütün nəslimi tək-tək saydı. Qardaşım Süleyman Heydər Əliyevlə birgə universitetdə oxuyub, bir otaqda qalıblar. Deyirdi ki, “mən gəmidə yük boşaldırdım, xəstələnəndə qardaşın Süleyman mənə evdə qulluq edirdi”. Heydər Əliyevlə bir neçə dəfə görüşümüz olub və hər bir görüş özü-özlüyündə bir tarixdir”.

