Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 10-da Qarabağ Universitetində müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş məlumatlandırma sessiyası keçirilib.
Moderator.az xəbər verir ki, Qarabağ Universitetinin nümayəndəsi Gəray Zeynallı iştirakçıları salamlayaraq Xankəndidə həyata keçirilən bərpa və inkişaf işlərindən bəhs edib.
O, WUF13 tədbirinin əhəmiyyətini vurğulayaraq, Qarabağ Universiteti tələbələrinin forumda həm iştirakçı, həm də könüllü kimi fəal rol alacağını qeyd edib. Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu ölkəmizdə əldə olunan şəhərsalma nailiyyətlərindən danışaraq, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərini xüsusi vurğulayıb.
O bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yalnız bərpa deyil, eyni zamanda müasir standartlara uyğun yeni yaşayış məkanları formalaşdırılır.
Qeyd olunub ki, artıq səkkiz şəhərin baş planı, 101 kənd və qəsəbənin şəhərsalma əsaslandırılması təsdiqlənib. Ramiz İdrisoğlu bildirib ki, həyata keçirilən layihələr çərçivəsində "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, bərpaolunan enerji həlləri və yaşıl zona yanaşmaları əsasında yeni ekosistem qurulur.
Artıq yaşayış məntəqələrinə əhalinin qayıdışı təmin olunur. WUF13 Azərbaycan Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov WUF13 barədə ətraflı məlumat verərək universitetin müəllim və tələbələrini Foruma dəvət edərək bildirib ki, tədbirin proqramı artıq açıqlanıb.
O qeyd edib ki, iştirakçılar tədbirə həm əyani, həm də onlayn formada qoşula bilərlər. Forum çərçivəsində keçiriləcək tədbirlərlə tanış olmaq üçün www.wuf13.az saytına daxil olmaq mümkündür. WUF13 Festivalı axşam saat 18:00-da Zəfər Meydanında keçiriləcək ictimai proqramla davam edəcək.
Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.