Yaş, sirlər və
Ekskluziv
220
15:54, Bu gün

Yaş, sirlər və "ideal analizlər": 80 yaşlı Donald Trampın sağlamlıq hesabatı nəyi gizlədir? - İsrail mətbuatı

 
Ağ Ev Trampın tam sağlam olduğunu nümayiş etdirməyə çalışsa da, tibbi hesabatların gizli saxlanılması ABŞ-də yeni şübhələr doğurur...
 
ABŞ prezidenti Donald Tramp növbəti dəfə Volter Rid adına Milli Hərbi-Tibb Mərkəzinə səfər etdikdən sonra yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.
 
Trampın tibbi müayinəsi yenidən müzakirə yaratdı
 
Nəşr yazır ki, 80 yaşlı dövlət başçısı xəstəxanada üç saatdan çox vaxt keçirib. Ağ Ev bunu "planlı profilaktik və stomatoloji müayinə" adlandırıb. Bu, Trampın ikinci prezidentlik müddətinə qayıtdıqdan sonra ictimaiyyətə açıqlanan dördüncü tibbi yoxlamasıdır. Məqalədə qeyd olunur ki, Ağ Ev Konqresə aralıq seçkiləri öncəsi Trampın tam sağlam və dözümlü lider obrazını nümayiş etdirməyə çalışır.
 
Tramp isə müayinədən sonra nəticələrin "ideal" olduğunu yazıb. Lakin həkimlərin rəsmi hesabatının açıqlanmaması yeni şübhələr doğurub. ABŞ-də prezidentlərin yaşı artıq ciddi ictimai müzakirə mövzusuna çevrilib. Gələn ay Trampın 80 yaşı tamam olacaq. Ondan əvvəlki prezident Co Bayden isə sağlamlıq problemləri fonunda seçki yarışından çəkilməyə məcbur olmuşdu.
 
Ağ Ev hesabatları gizlədir?
 
"The Washington Post", "ABC News" və "Ipsos"-un sorğusuna görə, amerikalıların yarısından azı Trampın ölkəni fiziki və psixi baxımdan effektiv idarə edə biləcəyinə inanır. Ağ Evin sabiq həkimi Ceffri Kulman bildirib ki, Tramp yaşında pasiyentin tam müayinəsi ürək, onkoloji və koqnitiv testləri də əhatə etməlidir. Lakin Volter Rid hospitalında konkret hansı prosedurların keçirildiyi açıqlanmır.
 
Trampın əvvəlki tibbi hesabatları da tənqid olunub. Müstəqil həkimlər bəzi rəqəmlərin inandırıcı görünmədiyini bildiriblər. Tramp özü isə fastfuda sevgisi və idmana maraqsızlığı barədə tez-tez zarafat edir. Bununla yanaşı, o, yaşlı görünmək mövzusuna qarşı çox həssas yanaşır və jurnalistlərin onun haqqında mənfi başlıqlar yazmaması üçün təyyarə pilləkənlərindən ehtiyatla endiyini etiraf edib.
 
Psixi sağlamlıq ətrafında qalmaqal böyüyür
 
Analitiklər Trampda yaşlanmanın bəzi açıq əlamətlərini müşahidə etdiklərini bildirirlər. Ağ Ev isə əllərindəki göyərmələri davamlı əl sıxması və aspirin qəbulu ilə izah edir. Ötən ilin iyulunda Trampa xroniki venoz çatışmazlıq diaqnozu qoyulub. Fotolarda ayaq və topuq nahiyəsində şişkinliklər də diqqət çəkir. Buna baxmayaraq, şəxsi həkimi onun sağlamlığını "müstəsna" adlandırıb.
 
Ən böyük mübahisə isə Trampın psixi sağlamlığı ilə bağlıdır. Ağ Evin məlumatına görə, o, "MoCA" koqnitiv testində həm 2018, həm də 2025-ci ildə maksimum nəticə göstərib. Tənqidçilər isə Trampın qarışıq çıxışlarına və aqressiv ritorikasına diqqət çəkirlər.
 
Keçən ay 30-dan çox nevroloq və psixiatr açıq məktub yayaraq Trampın vəzifəyə psixi baxımdan uyğun olmadığını bildirib. Ağ Ev nümayəndəsi Davis Ingle isə buna cavab olaraq "divan diaqnozları" qoyan şəxslərin Hippokrat andını pozduğunu deyib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər