Ekskluziv
233
14:30, Bu gün

"Putin Ukraynadakı dalandan çıxmaq üçün Avropada müharibəyə hazırlaşır" - "The Wall Street Journal"

 
"Kreml yeni səfərbərliyə bəraət qazandırmaq və NATO-nun birliyini yoxlamaq üçün münaqişəni genişləndirə bilər..."
 
Rusiya Ukraynada döyüş meydanında dalana dirənib və Avropa paytaxtlarında narahatlıq artır ki, Vladimir Putin vəziyyəti dəyişmək üçün münaqişəni Avropaya genişləndirməyə cəhd edə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "wsj.com" nəşri yazıb.
 
Avropada yeni müharibə qorxusu artır
 
Nəşr yazır ki, son hadisələr bu qorxuları daha da aktuallaşdırıb. Bir sıra Avropa təhlükəsizlik rəsmiləri hesab edir ki, Rusiya NATO-nun birliyini yoxlamaq məqsədilə Baltikyanı ölkələrdən birinə, Baltik dənizindəki İsveç və ya Danimarka adalarına, yaxud alyansın Arktikadakı ərazilərinə zərbə endirməyə cəhd göstərə bilər.
 
Məqalədə qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın NATO-dan çıxmaqla bağlı təhdidləri və Avropadakı Amerika qoşunlarının sayını azaltmaq istiqamətində addımları riskləri artırır.
 
Nəşrin məlumatına görə, Avropadakı yüksəkvəzifəli rəsmilər hesab edir ki, İranla müharibənin yaratdığı neft böhranı yaxın 12 ay ərzində Avropada yeni siyasi sarsıntılar yarada bilər. Bu isə Rusiya nefti və qazının alışını bərpa etmək, həmçinin Ukraynaya yardımı dayandırmaq istəyən ifrat sağ qüvvələrin mövqelərini gücləndirə bilər.
 
Putin çətin seçim qarşısındadır
 
Avropa kəşfiyyat və hərbi strukturlarının nümayəndələri bildirirlər ki, hazırda Rusiyanın Baltikyanı ölkələrə və ya Ukraynadan kənardakı digər ərazilərə hücum hazırlığı üçün qoşun və texnika topladığına dair konkret əlamətlər yoxdur. Bununla belə, onların fikrincə, Putin yaxın aylarda ağır seçimlə üzləşəcək.
 
Qərb kəşfiyyatının qiymətləndirməsinə görə, Rusiya ordusu ayda təxminən 35 min hərbçi itirir və Kreml bu itkiləri tam şəkildə kompensasiya edə bilmir. Bu səbəbdən mövcud tempdə müharibəni davam etdirmək üçün yeni məcburi səfərbərlik qaçılmaz görünür.
 
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas bildirib ki, Kreml sadəcə səfərbərlik elan etsə, bu, Rusiyanın müharibədə qalib gəlmədiyini göstərən siqnal olacaq. Onun sözlərinə görə, məhz buna görə Moskva vəziyyəti daha da eskalasiya etməyə çalışa bilər və bu, son dərəcə təhlükəli məqamdır.
 
Məqalədə vurğulanır ki, Putin hələ də qələbənin yaxın olduğunu iddia edir və Ukrayna üzərində tam nəzarət qurmaq, həmçinin Avropadakı qüvvələr balansını dəyişmək məqsədindən geri çəkilməyib.
 
Moskva eskalasiyanı gücləndirir
 
Nəşr yazır ki, Kreml üçün Avropa İttifaqı artıq barışmaz rəqibə çevrilib. Çünki hazırda Ukraynaya əsas dəstəyi məhz Aİ verir. Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kaupo Rosin bildirib ki, Rusiyada səfərbərlik texniki baxımdan tam mümkündür, lakin bu addım ölkə daxilində ciddi təzyiq və gözlənilməz nəticələr yarada bilər. 
 
Almaniyalı deputat Norbert Röttgen isə hesab edir ki, NATO ilə açıq qarşıdurma Putinin üzərinə əlavə və çox böyük risk qoyar. Bununla yanaşı, o, Rusiya liderinin riskli qərarlara meylli olduğunu da vurğulayıb.
 
Son vaxtlar Moskva Baltikyanı ölkələri və Finlandiyanı Ukrayna dronlarının Rusiya ərazisinə hüumlarında iştirak etməkdə ittiham etməyə başlayıb. Rusiya Müdafiə Nazirliyi isə Avropada Ukrayna üçün pilotsuz aparat və digər texnika istehsal etdiyi iddia olunan şirkətlərin ünvanlarını yayımlayıb və "nəticələr"lə hədələməyə başlayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər