“Bizi yaxşı anlayın, söhbət konkret Vladimir Zelenskidən, yaxud hansısa digər yüksək vəzifəli məmurdan da getmir, söhbət bütövlükdə 5-ci ildir ki, dinc xalqı, qadınları, uşaqları, qocaları işğalçı Rusiya bombaları, raketləri, dronlarının atəşləri altında can verən, inləyən Ukrayna dövlətinin beynəlxalq imicindən və taleyindən gedir...
Söhbət həmin dövləti tamamilə yıxmaq, işğal etmək, əhalisini büsbütün soyqırımdan keçirmək məqsədi güdən Kremlə dəstəvuz verməkdən gedir..."
“Onlar neçə ildir bir neçə korrupsiya faktından yapışıb Ukraynanı sivil dünyanın gözündə aşağılamağa çalışmırlarmı? Putin deyilmi illərdir Zelenskinin “prezidentlik müddəti bitib, mən onu tanmıram- Ukraynada yeni prezident seçkiləri keçirilməlidir” deyən?..”
“Məgər biz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük və ondan sonrakı savaşları aparanda Ukrayna mediası yazırdı ki, Azərbaycanda on illərlə prezident administrasiya rəhbəri olmuş birinin, yaxud hansısa nazirlərin, başçıların və s. korrupsiya əməlləri barədə ciddi faktlar ortaya çıxıb, amma həmin korrupsionerlərin özləri, övladları müharibəyə yollanmır?..”
-FİKİR SAVAŞI...-
Son zamanlar həm dünya, həm məmləkət siyasəti kimi, mətbuatında da elə təbəddülatlar, metamarfozalar baş verir ki, adam bu Yerin sakini olduğuna utanır...
“Demokratiya beşiyi” saydığımız ABŞ-ın başında avtoritar bir lider at oynadır, üstəlik, haqsız yerə işğala məruz qalmış Ukraynanı konkret şəkildə müdafiə etmək əvəzinə, onun liderini aşağılayır, əksinə, həmin işğalı törədən işğalçı Rusiya diktatoru Putini, eləcə onun balaca dostlarını “yaxşı oğlan”, “dost” adlandırıb göylərə ucaldır, digər tərəfdən isə Avropa ilə az qala, düşmənçilik siyasəti yürüdərək kollektiv Qərbi, NATO-nu dağıtmaq yolunu tutmaqla sanki barəsində deyilənləri təsdiqləyərək kollektiv “KQB”-“FSB” dünyasına arxa durur... Hələ Trampın ilk prezidentliyi dövründə dünyanın ən “ali” diktatoru – Şimali Koreya prezidenti Kim Çen Inın ziyarətinə gedib onu da “dost” adlandırmasından danışmıram...
Məmləkətdə isə 90-cı illərdə qızğın demokrat, millətçi, nə bilim, bozqurdçu, turançı kimi tanınan siyasətçi və yazarlar bu gün artıq az qala, Rusiya və korrupsiyanın dolayısıyla açıq müdafiəçilərinə çevrilir, demək olar ki, “5-ci kalon”luq edirlər. Məsələ o həddə çatıb ki, Ukraynada bir neçə yüksək vəzifəlinin korrupsiyada suçlanaraq vəzifədən azad edilməsi və ya həbsini əllərində bayraq edənlər bu ölkənin dövlətini, az qala, dünyanın ən korrupsioner sistemi adlandırırlar. Bu da elə həmin avtoritar Trampın təriflədiyi işğalçı diktator Putinin, onun SSRİ “KQB”-dən də murdar, faşist xislətli “FSB”-sinin, “QRU”-sunun xətti deyilmi? Onlar neçə ildir bir neçə korrupsiya faktından yapışıb Ukraynanı sivil dünyanın gözündə aşağılamağa çalışmırlarmı?..
Putin deyilmi illərdir Zelenskinin “prezidentlik müddəti bitib, mən onu tanmıram- Ukraynada yeni prezident seçkiləri keçirilməlidir” deyən? Bəs siz nə ilə məşğulsuz, möhtərəm həmkarlar? Siz də Zelenskini ““prezident sroku” getmiş” adlandıraraq, ətrafını büsbütün korrupsiyaya bulaşmaqda ittiham edərək həmin işğalçı diktatorun dəyirmanına su tökmürsüzmü?..
Belə yerdə deyirlər ki, öz gözündə tiri görmür, özgə gözündə tir axtarır...
Bəli, rüşvətxorluğa, korrupsiyaya dolayısıyla haqq qazandırmağa çalışanların sözü olmasın, korrupsiya faktları dünyanın əksər, hətta demokratik dövlətlərində də mövcuddur. Amma sistem şəklində əsasən avtoritar, diktatura rejimli ölkələrdə olur... Bu gün müharibə durumunda olmasına rəğmən demokratik idarəçliyə malik, prezidenti Zelenski də beynəlxalq aləmdə demokrat bir lider kimi tanınan, qəbul edilən Ukraynada da, əksər keçmiş sovet respublikaları kimi rüşvətxorluq və korrupsiya halları mövcuddur. Ancaq ona qarşı sistemli mübarizə də aparılır. Bəs məgər bizim doğma Azərbaycanımızda rüşvətxorluq, korrupsiya yoxdur. Özü də ədalət naminə deyək, istər sovet dövründə, istərsə də indi bizim ölkədə məişət səviyyəsindən tutmuş yuxarılaradək rüşvətorluq miqyaslı olub və miqyaslıdır, yoxsa Ukraynada? Statistikaya nəzər salaq, müstəqillik illərində Ukraynada korrupsiya əməllərinə görə həbs edilən məmurlar, başçılar, nazirlər çox olub, yoxsa bizdə?.. Hələ tutulmayıb vəzifədə qalanlardan danışmırıq...
Məgər biz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük və ondan sonrakı savaşları aparanda Ukrayna mediası yazırdı ki, Azərbaycanda on illərlə prezident administrasiya rəhbəri olmuş birinin, yaxud hansısa nazirlərin, başçıların və s. korrupsiya əməlləri barədə ciddi faktlar ortaya çıxıb, amma həmin korrupsionerlərin özləri, övladları müharibəyə yollanmır?.. Və s. və i.a.
Bizi yaxşı anlayın, söhbət konkret Vladimir Zelenskidən, yaxud hansısa digər yüksək vəzifəli məmurdan da getmir, söhbət bütövlükdə 5-ci ildir ki, dinc xalqı, qadınları, uşaqları, qocaları işğalçı Rusiya bombaları, raketləri, dronlarının atəşləri altında can verən, inləyən Ukrayna dövlətinin beynəlxalq imicindən və taleyindən gedir. Söhbət həmin dövləti tamamilə yıxmaq, işğal etmək, əhalisini büsbütün soyqırımdan keçirmək məqsədi güdən Kremlə dəstəvuz verməkdən gedir...
Hətta Zelenskinin şəxsən özü, ailəsi haqda korrupsiya faktları aşkarlansa belə, bizim - Ukrayna və digərləri ilə bərabər iki əsrlik Rusiya müstəmləkəçiliyini, azı 30-35 il işğal ağrılarını yaşamış Azərbaycanın mediasına, yazarına, jurnalistinə, yaxud siyasətçisinə, politoloquna təcavüzə məruz qalan bir ölkənin hakimiyyətini qaralamağa haqqımız yoxdur... Bu bizlərə yaraşmaz, əfəndilər!..
Digər tərəfdən, bu həmin Zelenski deyil ki, dünən-sırağagün Azərbaycan prezidenti səviyyəsində Qəbələdə təm-təraqla qarşılanırdı? Nə baş verdi? Yoxsa o, beynəlxalq səviyyədə bu gün “WUF-13” tədbirləri çərçivəsində Bakıda qonaq olan Esvatini kralından, yaxud Mavriki prezidentindən aşağı səviyyədə olan biridir? Bəlkə həmin qonaqlarımızın da ölkələrindəki rüşvətxorluq, korrupsiya səviyyəsini araşdıraq. Heç yaxşı deyil...
Sultan Laçın