“Sən öncə müsəlman ol, 40 gün səmimi olaraq müsəlman kimi yaşa, Allahı zikr etməyi öyrən, bu həyata yalnız bu dünya prizmasından deyil, həm də paralel olaraq Axirət aləmi bucağından baxmağı, yanaşmağı öyrən- sonra gəl İslam haqqında, onun türk dünyasına, Azərbaycana təsiri barəsində danışaq...”
“Onda gərək öncə “şəhid”, “qeyrət”, “namus”, “vicdan”, “əxlaq”, “mənəviyyat”, “vəzifə”, “dövlət”, “hakimiyyət”, hökumət”, “qeyri-hökumət”, “kitab”, “dəftər”, “bahar”, “payız”, “övlad”, “ailə”, “valideyn” və s. sözləri də işlətməyək. Görürsüz, nə qədər gülünc yanaşmadır...”
“Obyektiv, kiməsə, hansısa xarici dövlətə yarınmaq məqsədi daşımayan dilçilər, filoloqlar, yazıçı və şairlər də etiraf edər ki, ərəb-fars mənşəli sözlər, əksinə, Azərbaycan türkcəsini zənginləşdirir...”
“Ərəb-fars sözləri olmasaydı, əruz vəznində rübailərimiz, məsnəvilərimiz, qəzəllərimiz olardımı? Muğamlarımız yaranardımı?..”
“Bu saat bizim dövlətimizə, xalqımıza ən ağır zərbə vuran rüşvətxorluqdur, korrupsiyadır, monopoliyadır. Və xalqını, dövlətini sevən bacardığı qədər o haqda danışar, yazar, lüzumsuz, dolanbac mövzularla oxucu, tamaşaçı kütləsinin başını qatıb dolandırmaz...”
-FİKİR SAVAŞI...-
Məmləkətin problemləri bataqlığa dönüb dizə çıxıb. Bir para özlərini hamıdan ağıllı sananlar isə ya öz ağıllarıyla, ya da xüsusi sifarişlərlə ortalığa elə mənasız, yersiz, üzr istəyirəm, düşük söhbətlər atırlar ki, bişmiş toyuq gülməkdən partlamaya düşür...
Biri hay çəkir ki, ölkədəki, az qala, bütün problemlərin səbəbkarı məcburi köçkünlərdir, guya onlar “öz yurdlarına köçüb getmək istəmirlər”. Amma onu demir ki, Zəfərimizdən keçən son 5 ildən çox müddətdə həmin binəva köçkünlərin heç 5 faizi öz el-obalarında evlə təmin edilməyib. Ev verilənlərin isə uzağı, 1 faizi işlə təmin olunub. Milyona yaxın insanı köçürmək, məskunlaşdırmaq, işlə təmin etmək, onların öz doğma dədə-baba yurdlarında azad, xoşbəxt yaşayışını təmin etmək asan məsələ deyil...
O biri də durub-durub boğazdan yuxarı “türkçülük”, “turançılıq”la hayqırır ki, bəs Məhəmməd, Fatma, Zəhra, Yusif və s. bizim adlar deyil, övladlarımıza belə adlar qoymamalıyıq. Ümumiyyətlə, ərəb-fars sözlərini leksikonumuzdan çıxarmalıyıq. Sonra onu müdafiə edən konfet-ağılların dəstəyini görüb bir az da irəli gedir və deyir ki, türkün, türk dünyasının, o cümlədən Azərbaycanın bu günədək başına gələn faciələrin, bugünkü geriliyin, cahilliyin səbəbkarı İslam dinidir...
Gərək Allahsız olasan, sonra da arağın küpünə, narkotikin kisəsinə girəsən ki, belə sərsəm fikirlər səsləndirəsən. Sən, daimi namaz qılmaq demirəm, müsəlmançılığın bircə prinsipinə, vacibatına Allaha imanla əməl etsən, məsələn, oruc tutsan, yaxud gəlirindən zəkat versən, tanıdığın yetimlərə, yoxsullara, aclara təmənnasız, reklamsız yardım etsən, heç vaxt belə danışmazsan. Deməli, sənin qəlbində zərrə qədər Allah sevgisi yoxdur ki, belə sayıqlamaları tirajlayırsan...
Əvvəla, Allah qatında Yer üzündəki heç bir dil digərindən üstün deyil və yeganə ünsiyyət dili könüllərin dilidir. Bunu da dünyadakı hansısa vəzifəli, varlı məxluqlara yox, yalnız Yaradana könüldən bağlı olan adil, vicdanlı, ləyaqətli, sözün əsl mənasında azad insanlar anlayar...
İkincisi, dünyada elə bir dil yoxdur ki, onun tərkibində alınma söz işlənməsin. Bu, mümkün deyil. Alınma sözlər dili zənginləşdirir. Digər xalqlarla ünsiyyəti asanlaşdırır...
Üçüncüsü, Azərbaycan-türk dilində yalnız ərəb-fars sözləri deyil, rus, ingilis, fransız, alman, italyan və s. dillərdən keçmə sözlər işlənir. Onda öncə televizor, telefon, kompüter, internet, sayt, kombayn, traktor, nə bilim, samovar-filan sözlərini də dilimizdə işlətməməliyik. Hələ ailə-məişət üslubumuzda kütləviləşmiş “uje”, “paşti”, “morojna”, “kruq”, “pereval” və s. kimi məfhumları demirəm...
Dördüncüsü, ərəb-fars mənşəli sözlər doğma dilimizdəki alınma sözlərin xeyli hissəsini, bəzi məlumatlara görə, təxminən 20 faizini sözlər təşkil edir. Onda gərək öncə “şəhid”, “qeyrət”, “namus”, “vicdan”, “əxlaq”, “mənəviyyat”, “vəzifə”, “dövlət”, “hakimiyyət”, hökumət”, “qeyri-hökumət”, “kitab”, “dəftər”, “bahar”, “payız”, “övlad”, “ailə”, “valideyn” və s. sözləri də işlətməyək. Görürsüz, nə qədər gülünc yanaşmadır...
Beşincisi, obyektiv, kiməsə, hansısa xarici dövlətə yarınmaq məqsədi daşımayan dilçilər, filoloqlar, yazıçı və şairlər də etiraf edər ki, ərəb-fars mənşəli sözlər, əksinə, Azərbaycan türkcəsini zənginləşdirir. Özünüz düşünün, ərəb-fars mənşəli məfhumlar olmasaydı, bugünkü qədim və müasir ədəbiyyatımız, xüsusən də poeziyamız belə zəngin, gözəl olardımı? Nizamimiz, Füzulimiz, Nəsimimiz, Sabirimiz, Vahidimiz, Baba Pünhanımız və s. yetişərdimi? Ərəb-fars sözləri olmasaydı, əruz vəznində rübailərimiz, məsnəvilərimiz, qəzəllərimiz olardımı? Muğamlarımız yaranardımı? Həmin muğamlar üzərində möhtəşəm musiqi əsərləri yazan dünya şöhrətli Üzeyirlərimiz, Qara Qarayevlərimiz və s. meydana çıxardımı? İnşə Allah, bu mövzuda ayrıca daha geniş yazı yazmağa çalışacam...
Kim dediklərimi əsassız sayıb təkzib edirsə və ya bu sətirlərin müəllifini ərəbpərəst, farspərəst, ruspərəst hesab edirsə, meydana çıxsın- danışaq...
Konkret İslamın türk, Turan dünyasına, o cümlədən Türkiyə və Azərbaycana guya zərbə vurmasına gəlincə, yenə də gərək Allahsız olasan ki, belə bir fikir işlədəsən...
Bir daha deyirəm, İslamın, müsəlmanlığın gözəlliyini anlamaq üçün öncə gərək qəlbinlə, düşüncələrinlə, niyyətlərinlə, əqidənlə bir azca müsəlman olasan, öz nəfsinlə, tamahınla mücadilə aparmağı bacarasan, şərabxorluqdan, zinadan, əxlaqsızlıqdan uzaq olasan. Səmimi, ixlaslı, vicdanlı, insaflı olasan, karyerana, vəzifə, ev, maşın və s. qazanmağına görə vəzifədəkilərə, varlılara yarınıb, yoxsulların problemlərinə göz yummayasan...
Sən öncə müsəlman ol, 40 gün səmimi olaraq müsəlman kimi yaşa, Allahı zikr etməyi öyrən, bu həyata, istər İslam, Türk dünyasında, istərsə də Qərbdə, Avropa və Amerikada və s. baş verən hadisə, faciə və proseslərə yalnız bu dünya prizmasından deyil, həm də paralel olaraq Axirət aləmi bucağından baxmağı, yanaşmağı öyrən- sonra gəl İslam haqqında, onun türk dünyasına, Azərbaycana təsiri barəsində danışaq...
Həmişə vurğuladığım kimi, bizlərin- müsəlmanın, türkün, azərbaycanlıların, yəni talışın da, kürdün də, ləzginin də, avarın da, tatın da və s. düşməni öncə bizə son iki yüz illik boyu təlqin edildiyi kimi, erməni, rus, fars, yaxud ərəb, ingilis, fransız deyil. Düşmənimiz öncə öz nəfsimiz, tamahımız, şəhvətimizdir ki, bizi Allah, xalq qarşısında ən böyük günahlara, haqsızlığa, ədalətsizliyə, başqa bəndələrə qaşı zülmkarlığa, rüşvətxorluğa, korrupsiyaya, monopoliyaya, mənəviyyatsızlığa, ikiüzlülüyə, vicdansızlığa, ədalətsizliyə, əxlaqsızlığa, zinakarlığa və s. vadar edir...
Əgər hansısa ölkənin əksər vəzifəliləri, varlıları, oliqarxları, eləcə də onlardan “dərs” alan həkimləri, müəllimləri, mühəndisləri və s. bu günahların çirkin bataqlığında çabalayırsa, həmin ölkəyə, dövlətə, xalqa artıq kənardan düşmən lazım deyil, o tədricən özü-özünü məhv edəcək...
Odur ki, sən də ərəbdən, farsdan, rusdan, ingilisdən, fransızdan, heç haydan, ermənidən də qorxma, öncə öz yaltaqlığa, məddahlığa, rüşvətə, korrupsiyaya, əxlaqsızlığa meyilli nəfsindən, qəlbindən qorx... Və o təkəbbürlü ürəyinə, “Allah” haqqında düşünməkdən belə, qorxan beyninə təlqin et ki, artıq o məhz ərəb dilindəki “şəhid”, “qazi”, “cəsarət”, “şücaət” sözləri ilə mədh etdiyimiz oğullarımızın canı-qanı sayəsində hüquqi-tarixi torpaqlarımızın, demək olar ki, hamısının hərbi işğaldan azad olduğu bugünkü gündə ermənilər, haylar, nə də ruslar, farslar, ərəblər Azərbaycana birbaşa heç bir zərbə vurmur. Bu saat bizim dövlətimizə, xalqımıza ən ağır zərbə vuran rüşvətxorluqdur, korrupsiyadır, monopoliyadır. Və xalqını, dövlətini sevən bacardığı qədər o haqda danışar, yazar, lüzumsuz, dolanbac mövzularla oxucu, tamaşaçı kütləsinin başını qatıb dolandırmaz...
Sultan Laçın