Xalq artisti HİRSLƏNDİ: “Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - FOTO+ÖZƏL
Ekskluziv
1319
21:25, Bu gün

Xalq artisti HİRSLƏNDİ: “Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - FOTO+ÖZƏL

“O qızın yəqin ki, uşaqları yoxdur, ona görə uşaq pulunun verilməsinin tərəfdarı deyil. O nə istəyir? İstəyir ki, cavanlar dünyaya uşaq gətirməsin?! Mənim 5 nəvəm var və bilirəm ki, onlara nə qədər pul xərclənir. Allah hamının balasını saxlasın. Allah bizim 5 uşağın atasına can sağlığı versin. Cavan uşaqdır, dəridən-qabıqdan çıxır ki, qazanıb ailə-uşağını dolandırsın. Uşaqların anası əlbəttə işləmir. Necə yəni uşaqlara pul verilməməlidir? Mənə elə gəlir ki, bir ailədə əgər 5-dən artıq uşaq varsa onlara mütləq kömək etmək lazımdır. Deputat xanım belə deyəndən sonra hansı cavan dünyaya uşaq gətirəcək?! Bir uşaqla yaşayacaqlar?! Azərbaycan xalqı azalsın, hə, deputat xanım?! İndi uşaq böyütmək çox çətindir”.

Bunu Xalq artisti, görkəmli sənətkar Elmira Şabanova Milli Məclisin deputatı Günay Ağamalının uşaqpulu ilə bağlı səsləndirdiyi fikirlərə cavab olaraq deyib.

O daha sonra əlavə edib:

“Azərbaycan milləti artmalıdır. Uşaqpulu valideynlərdə heç bir asılılıq yaxud da tənbəllik yarada bilməz. Nə qədər çox uşaq dünyaya gətirsələr, bir o qədər də yaxşıdır. Bunun üçün də müavinət verilməlidir. Əslində çox uşaq olanda valideynlərdən biri evdə qalıb uşaqlara baxır, işləmirlər. Həmin ailələrə mütləq kömək etmək lazımdır. 500 manat maaşla yaşayan ailələr var. O deputat ki, bu sözü deyib onu işdən çıxarmaq lazımdır. Ailə var ki, 1-2 uşağı da saxlaya bilmir, amma millət vəkili çıxıb burdan belə sözlər deyir. Çox əsəbləşdim, hirsləndim. Gənc ailələr özləri üçün yox, uşaqları üçün yaşayır. Dövlət əlbəttə ki, bunu nəzərə alıb və inanıram ki, gələcəkdə ölkəmizdə uşaqpulu da veriləcək. Bu bir növ boşanmaların da qarşısını ala bilər” deyə sənətkar bildirib.

Qeyd edək ki, Milli Məclisin deputatı Günay Ağamalı “Günə doğru” verilişində bu fikirləri bildirib:

“Ailələr uşaq dünyaya gətirərkən dövlətdən nəsə gözləməməlidir. Təbii ki, ailə övladı dünyaya gətirəndə bu yanaşma ilə yanaşarsa, uşaqpulu verilsə belə, bundan daha çox tələblər qoyulacaq və bu, mənfi tendensiyalara yol aça bilər. Uşaqpulu məsələsi gündəliyə gələrsə və tətbiq olunarsa, bəs düşünmüsünüzmü ki, bu, valideynlərdə müəyyən asılılıq və ya tənbəllik yarada bilər? Yəni insanlar fikirləşə bilərlər ki, dövlət mənə uşaqpulu verir, mən artıq işləməyim. Bu, doğru yanaşma deyil. İnsanları əməyə alışdırmaq lazımdır, onları nələrdənsə asılı vəziyyətə salacaq imkanlar yaradılmamalıdır” deyə deputat bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər