Putin Pekindən Moskvaya nələr gətirdi?..- Heydər Oğuz detalları anlatdı...
Ekskluziv
209
13:43, Bu gün

Putin Pekindən Moskvaya nələr gətirdi?..- Heydər Oğuz detalları anlatdı...

“Qərb dövlətləri Çinə qarşı “tiryək müharibəsi” apardıqları bir zamanda onun zəifləməsindən istifadə edən Rusiya Uzaq Şərq əyalətlərini ələ keçirib. İndiyədən bu ərazilər üzərində Çinin tələbləri var və...”
 
“Çin özünün ən strateji silahı sayılan süni intellektin sirlərini Rusiyaya verməz...”
 
“Rusiyanın perspektiv vəd etməyən indiki durumu Çinin bu ölkəyə ciddi investisiya qoymasını və kredit ayırmasını da əngəlləyən əsas amillərdəndir...”
 
“Trampın Çində Putindən daha yüksək səviyyədə qarşılanması da əslində Pekinin hər iki tərəfə verdiyi mesajlar idi...”
 
“Bu cür görüşlərin bir görünən, bir də görünməyən tərəfləri var. Görünən tərəflər əsasən mediada əks olunanlardır. Görünməyən tərəflərə isə liderlərin bir-birinə verdikləri mesajları aid edə bilərik. Mediada əks olunan məlumatlara görə, iki lider arasında 20-dən çox saziş imzalanıb. Amma bu sazişlərin detalları açıqlanmır. Sadəcə, Putinin səfərdən əvvəl verdiyi açıqlamalardan anlaşır ki, iki dövlət arasında imzalanan sazişlər əsasən enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat və yüksək texnologiyalarla bağlı ola bilər. Bunlar isə yeni hadisələr deyil. Xüsusilə, Ukrayna savaşından sonra Rusiya özünün neft və qaz ixracatının üzünü Avropadan Çinə yönəltdi və onun ən ciddi ticarət tərəfdaşlarından birinə çevrildi.” 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Putin son Çin səfəri ilə öz hakimiyyəti və Ukrayna savaşı üçün nələr əldə etdi?” siyasi şərhçi Heydər Oğuz ifadə edib.
 
“Bununla belə, verilən statistik məlumatlardan aydın aydın olur ki, üzərindən 5 il keçməsinə baxmayaraq, Çin enerji məhsullarının idxalında Rusiya üçün hələ də Avropa Birliyini əvəz edə bilməyib. 2022-ci ilə qədər Avropa Birliyi Rusiyadan hardasa 200 milyard kub metr təbii qaz ixrac edirdi. Çin isə Rusiyadan “Sibir gücü” qaz kəməri vasitəsilə ildə cəmi 39 milyard kub metrə yaxın qaz alır. Putinin ötən ilin sentyabr ayında Çinə səfəri zamanı iki ölkə bu marşrutla illik daşımaları daha 6 milyard kubmetr artırmaqla ümumi həcmi 44 milyard kubmetrə çatdırmaq barədə razılığa gəlmişdilər. Bundan əlavə, 2022-ci ilin fevral ayında başqa bir razılaşmaya əsasən, Çin 2027-ci ilə qədər Rusiyanın Uzaq Şərqdəki Saxalin adasından keçən boru kəməri vasitəsilə ilə ildə 10 milyard kubmetrə qədər qaz almağı öhdəsinə götürüb. Bu hədəf daha sonra 12 milyard kubmetrə qədər artırılıb. Hətta onları da ümumi hesaba əlavə etsək, Rusiyanın ən azı yaxın 1 il ərzində Çinə 51 milyard kub metr qaz satacağı bəlli olur. Bu isə həcm baxımından Avropaya göndərilən rus qazının 25%-nə bərabərdir. Görünən budur ki, Rusiya hələ uzun müddət Avropadakı qazancını Çindən çıxara bilməyəcək”, - deyə davamında həmsöhbətimiz bunları bildirib.
 
“Maraqlıdır ki, Rusiya bütün səylərinə baxmayaraq, hələ də Çinin əsas qaz tədarükçüsünə çevrilə bilməyib. Çin Gömrük Komitəsinin məlumatlarına inansaq, Rusiya Avstraliya və Qətərdən sonra Çinin üçüncü ən böyük “LNG”-qaz təchizatçısı olub. Nəzərə alsaq ki, ABŞ-İran müharibəsi səbəbindən Qətər “LNG” qazının keçdiyi Hörmüz boğazı bağlanıb və Qətər öz məhsulunu ixrac edə bilmir, Rusiyanın bu bazarda mövqeyini gücləndirməsinə imkanlar yaranıb. Amma Ukrayna savaşının getdiyi və Rusiyanın enerji hasilatı müəssisələrinin hədəfə alındığı indiki zamanda bunu reallaşdırmaq o qədər də asan deyil.
 
Rusiyanın Çindən əldə etdiyi əsas qazanc mənbələrindən biri də neftdir. Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, Rusiya yanvar ayında Çinə dəniz yolu ilə neft ixracını əvvəlki aya nisbətən gündə 290.000 barel artıraraq rekord səviyyəyə - 1,7 milyon barelə çatdırmışdı. Amma dərd burasındadır ki, Rusiyanın Çinə satdığı neft onun ümumi ixracatına əlavə nəsə qazandırmır. ABŞ-ın təzyiqi ilə Hindistanın almaqdan imtina etdiyi nefti Rusiya Çinə satır. Özü də bazar qiymətlərindən xeyli aşağı məbləğə. Məhz bu səbəbdən də Beynəlxalq Enerji Agentliyi bildirib ki, Çinə ixracın bu artımı Vaşinqtonun təzyiqindən sonra Hindistanın Rusiya neftinin alışındakı azalmanı qismən kompensasiya edib. Yəni tam kompensasiyadan söhbət getmir”, - Heydər Oğuz diqqətə çatdırıb.
 
Analitik hesab edir ki, bütün alış-verişlərə rəğmən Çin özünün ən strateji silahı sayılan süni intellektin sirlərini Rusiyaya verməz:
 
“ “CNN İnternation”ın məlumatına görə, Putinlə Si həmçinin bir-birinin vətəndaşları üçün vizasız səyahəti 2027-ci ilin sonuna qədər uzatmaq barədə razılığa gəliblər və süni intellekt məsələsində daha dərin əməkdaşlığa “söz veriblər". Sözsüz ki, beynəlxalq münasibətlərdə verilən bütün sözlərə əməl edilmir. Zənnimcə, Çin özünün ən strateji silahı sayılan süni intellektin sirlərini Rusiyaya verməz. Ona sadəcə bazar müştərisi kimi baxar və malını satar. Bu isə Rusiyanın bir müddətdən sonra Çindən asılılığını daha da artırar”.
 
Heydər Oğuzun fikrincə, Çinin Rusiya ilə münasibətlərə ehtiyatla yanaşması Ukrayna müharibəsi ilə birbaşa bağlıdır: 
 
“Məlumdur ki, Putinin Pekinə səfərindən əvvəl Böyük Britaniyanın ən ünlü qəzetlərindən sayılan “Financial Times” nəşri maraqlı bir məlumat yaymışdı. Məlumata görə, Si Cinpin ABŞ prezidenti Donald Trampla söhbətində Putinin bir gün mütləq Ukraynaya hücum etməsindən peşman olacağını söyləyib. Həmin məlumata ABŞ-ın 4 prezidentinin təhlükəsizlik müşavirlərindən olan Brett Mak-Gurk da “CNN İnternational” üçün qələmə aldığı məqalədə istinad etmişdir. Mak-Gurkun Ağ evdəki əlaqələrinin indi də davam etdiyini nəzərə alsaq, bu məlumatın səhihliyinə inanmaq zorundayıq. Fikrimcə, Si Cinpinin bu fikirləri Rusiyanın perspektivinə inanmamasından irəli gəlir. Görünür, Rusiyanın perspektiv vəd etməyən indiki durumu Çinin bu ölkəyə ciddi investisiya qoymasını və kredit ayırmasını da əngəlləyən əsas amillərdəndir. 
 
Yeri gəlmişkən, Si Cinpinə istinad edilən bu məlumat Putin-Si Cinpin görüşünün görünməyən tərəflərinə aid məqamlardandır. Digər görünməyən məqama isə ABŞ prezidenti Tramp dolayısıyla eyham vurub. Məlumata görə, Tramp dünən Birinci Hava Qüvvələrinin qarşısında jurnalistlərlə söhbətində Si Cinpin-Putin görüşü barədə deyib:
 
"Düşünürəm ki, bu (Putinin qarşılanması mərasimi) yaxşı keçdi… Mərasimin mənimki qədər parlaq olub-olmadığını bilmirəm. İzlədim. Məncə, biz onları üstələdik".
 
Trampın özünün daha yaxşı qarşılandığını bildirməsi səbəbsiz deyil. Məlum olduğu kimi, Trampı Çin səfərində aeroportda ölkənin vitse-prezidenti Han Cın qarşılamışdı. Putini qarşılayan isə Çinin xarici işlər naziri Van İ olmuşdu. Sirr deyil ki, vitse-prezident xarici işlər nazirindən bir neçə mərtəbə yüksəkdə dayanan şəxsdir. Deməli, məntiqlə hər iki prezidentin eyni protokolla qarşılandığını söyləmək mümkün deyil. Trampın Çində Putindən daha yüksək səviyyədə qarşılanması da əslində Pekinin hər iki tərəfə verdiyi mesajlar idi. Sanki Çin yetkililəri ABŞ-a Rusiyadan daha çox dəyər verdiklərini anlatmaq istəyirdilər.
 
Kremldən verilən məlumatlardan Çin və Rusiya prezidentlərinin görüşdə hərbi məsələləri də müzakirə etdikləri anlaşılır. Məlumata görə, onlar əsasən ABŞ-ın “Qızıl günbəz” layihəsini müzakirə ediblər və bu qənaətə gəliblər ki, sözügedən təşəbbüs “strateji sabitliyə açıq təhlükə yaradır. Bu planlar strateji hücum və strateji müdafiə silahlarının ayrılmaz qarşılıqlı əlaqəsini tələb edən strateji sabitliyin qorunmasının əsas prinsipini tamamilə inkar edir”. Liderlərin ABŞ-ın hava hücumundan müdafiə sistemi layihəsindən niyə bu qədər əndişələndiklərini anlamaq çətindir. Bununla belə, “Qızıl günbəz” layihəsinin masaya yatırılması Çin və Rusiya liderlərinin ABŞ-a ortaq təhlükə mənbəyi kimi baxdıqlarını təsdiqləyir. Və bu ortaq əndişənin onları birgə müdafiə tədbirləri almağa yönəldə biləcəyi ehtimalı da istisna olunmamalıdır”.
 
Ukrayna məsələsinə gəlincə, Heydər Oğuzun fikrincə, nə Çin, nə də Rusiya bu məsələdə ortaq məxrəcə gələ bilməzlər: “Çünki son 150 il ərzində dəfələrlə Rusiya ilə eyni hərbi hədəflərdə bir araya gəlsə də, bütün bu müttəfiqliklər Pekinin xəyal qırıqlığı ilə nəticələnib. Məsələn, çinlilərin “utanc çağı” adlandırdıqları hadisələrdə Rusiya ona heç bir köməkliklər göstərməyib. Əksinə, Qərb dövlətləri Çinə qarşı “tiryək müharibəsi” apardıqları bir zamanda onun zəifləməsindən istifadə edən Rusiya Uzaq Şərq əyalətlərini ələ keçirib. İndiyədən bu ərazilər üzərində Çinin tələbləri var və bu da onlara hərbi-strateji ittifaqlar qurmağa imkan vermir”. Pekin sadəcə ABŞ-ın başının Ukrayna və İran savaşlarına qarışmasını və özünü bu yolla müdafiə edə biləcəyini düşünür...”
 
Təqdim etdi: 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər