“Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, çünki səhnədə ər-arvad deyildik, evdə...” - FOTO+ÖZƏL
Ekskluziv
462
22:05, Bu gün

“Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, çünki səhnədə ər-arvad deyildik, evdə...” - FOTO+ÖZƏL

“20 ildir ki, Bakı Uşaq Gənclər Teatrında çalışıram. Bilirsiniz ki, teatrımızın 25 yaşı tamam oldu. Mən bu teatrda hər kəsə səbrlə davranmağı, dayanmadan məşq etməyi, öz üzərimdə çalışmağı öyrəndim. Direktorumuz İntiqam müəllimdən, rejissorumuz İlhamə xanımdan da çox şey öyrənmişəm. Öz kollektivimə, əməkdaşlarımıza bol-bol uğurlar arzulayıram. Mən aktyor dostlarımı çox sevirəm, bunu özləri də bilirlər. Onların hər birinə şans arzulayıram. Çünki aktyor üçün ilk növbədə önəmli olan şansdır”.

Bunu Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər Teatrının tanınmış aktrisası Könül Şahbazova deyib.

O daha sonra əlavə edib:

“Mənim üçün fərqi yoxdur ki, bu uşaq tamaşasıdır, bu böyüklər üçün olan tamaşadır. Amma nəzərə alsaq ki, 15 il uşaq tamaşasında oynamışam. Təbii ki, uşaq tamaşalarında oynamaq mənim üçün daha rahatdır. Amma böyüklər üçün olan tamaşaların da öhdəsindən məharətlə gələ bilirik. Əslində bu üstünlükdür. Biz uşaqlarla ünsiyyət qurmağı bacardığımız üçün, böyük tamaşaçılarla problem yaşamırıq. Bizi tez qəbul edirlər” deyə aktrisa bildirib.

Könül Şahbazova həyat yoldaşı, tanınmış aktyor Niyaz İlyasoğlu ilə tanışlığını da xatırlayıb:

“Bilirsiniz ki, həyat yoldaşım Niyaz İlyasoğlu ilə birgə teatrda çalışıram. Biz demək olar ki, ailə içərisində ailəyik. İkiqat xoşbəxtlik oldu. Əslində mən Niyazdan əvvəl işləyirdim, o sonra teatra gəldi. Burada tanış olduq, ailə həyatı qurduq. Niyazla oynamaq çox rahatdır. Çünki biz şərti şumda kəsmişdik. Evlənməmişdən öncə şərt kəsdik ki, biz evdə ər-arvadıq, səhnədə isə tərəf müqabiliyik. Ona görə rahat oldu. Sərhədləri qoymasaydıq bizə çətin olardı. Deməzdim ki, Niyaz bu şərti asanlıqla qarşıladı. Çətinliklə qəbullandı, çünki başqa çıxış yolu yox idi (gülür). Övladlarımıza bu sənətlə məşğul olmağı qadağan edə bilmərik. Əgər istəsələr mən onları dəstəkləyərəm. Qızım artıq deyir ki, aktrisa olmaq istəyirəm. Bacardığım qədər başqa istiqamətə yönləndirirəm, amma olacağa çarə yoxdur. Aktrisa olmaq istəsə məndən ancaq dəstək olmaq qalır” deyə Könül Şahbazova bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər