"Şəxsi faciələrdən sonra 60 yaşında əkiz övlad sahibi olan Şen Haylinin həyatı Çində dözümlülük və ana sevgisinin rəmzinə çevrilib..."
Çində ölkənin ən yaşlı analarından biri kimi tanınan 76 yaşlı Şen Haylin yenidən dünya mediasının diqqət mərkəzinə düşüb.
Modedator.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.
Bir faciə bütün həyatını dəyişdi
Qadının həyatından bəhs edən foto-seriya beynəlxalq mükafat qazandıqdan sonra qadının dramatik taleyi yenidən gündəmə gəlib. Şenin həyatı 2009-cu ildə darmadağın olmuşdu. Onun yeganə qızı Tintin və kürəkəni dəm qazından zəhərlənərək həyatını itirmişdi.
Ağır itkidən sonra qadın uzun müddət özünə gələ bilməyib. Lakin o, bütün çətinliklərə baxmayaraq yenidən ana olmaq qərarı verib. 60 yaşında ekstrakorporal mayalanmaya razılaşan Şen bunun üçün böyük riskə gedib. Həkimlər onun yaşını nəzərə alaraq təhlükələrin çox yüksək olduğunu bildiririb.
Ağır hamiləlik və yeni həyat
Hamiləlik son dərəcə çətin keçib. Çin mediasının məlumatına görə, qadın güclü qanaxmalar və ciddi şişkinliklərlə üzləşib. Buna baxmayaraq, 2010-cu ildə o, sağlam əkiz qızlar dünyaya gətirib və ölkədə doğuş edən ən yaşlı qadın kimi tarixə düşüb.
Bu hadisə Çində böyük rezonans doğurub. Bəziləri qadının uşaqlara necə baxacağını və onların gələcəyini təmin edib-edə bilməyəcəyini müzakirə edirdi. Şen əvvəllər xəstəxana direktoru, həyat yoldaşı isə universitet professoru olub. Lakin yaşlı yaşda iki uşaq böyütmək ailə üçün ciddi maliyyə sınağına çevrilib.
Qadın qızlarının təhsili və inkişafı üçün ölkəboyu sağlamlıq və qidalanma mövzusunda mühazirələr oxumağa başlayıb. Qazandığı pulla uşaqlarının məktəb, rəqs və fortepiano xərclərini ödəyib.
Yeni zərbələr və milyonlara nümunə olan mübarizə
Şenin həyatı sonradan da sınaqlarla davam edib. 2016-cı ildə həyat yoldaşı insult keçirib, 2022-ci ildə isə ürək və ağciyər çatışmazlığından vəfat edib. Bir il sonra qadın saxta investisiya fırıldağının qurbanı olaraq iki milyondan çox yuan itirib. Amma o, yenə də geri çəkilməyib.
Şen 73 yaşında sosial şəbəkələrdə canlı yayımlara başlayıb. Burada o, uşaq tərbiyəsi, sağlam həyat tərzi və yemək reseptləri barədə danışır, həmçinin ev və sağlamlıq məhsulları satır.
Bu gün "Ana Şen"in artıq bir milyona yaxın izləyicisi var. O, övlad itkisi yaşamış minlərlə insan üçün dözüm və ümid rəmzinə çevrilib. "Mən həmişə ana olduğum üçün qürur duyacağam", - deyən Şen 100 yaşdan çox yaşamağı arzuladığını bildirib.