Və bu fakt hər şeyi həll etdi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib. Görüş zamanı sakinlər qarşısında çıxış edən Müzəffər Ali Baş Komandan 44 günlük Vətən müharibəsindən, müharibə zamanı ermənipərəst güclərin ölkəmizə göstərməyə çalışdığı təzyiqlərdən danışıb:
“İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər.
Bunların qabağında güclü iradə göstərmək, bunların qabağında demək ki, biz öldü var, döndü yoxdur, yolumuzdan dönməyəcəyik, əlbəttə ki, böyük iradə tələb edirdi. Yenə də 1993-cü ildəki kimi, xalqın dəstəyi lazım idi. O dəstək var idi və bütün xalqımız bir yumruq kimi birləşmişdi. O, mənə güc verirdi. İşin sonuna qədər - Şuşanın azad olunmasına qədər biz dayanmaq fikrində deyildik”. (//president.az/az/articles/view/72343 )
Göründüyü kimi, dövlət başçısı müharibə dönəmində nüvə dövlətlərinin erməni işğalını əbədi etmək üçün Azərbaycana təzyiq göstərməyə çalışdığını vurğulayıb, bu təzyiqlərin qarşısında dövlətimizin güclü iradə sərgilədiyini qeyd edib.
Prezident İlham Əliyevin bu açıqlaması Azərbaycanın çətin günlərində necə böyük təzyiqlərlə üzləşdiyini, nüvə nəhəngləri ilə siyasi-diplomatik müstəvidə sözün həqiqi mənasında üz-üzə dayandığını göstərir. Şübhəsiz, bu məsələdə ən qürurverici məqam Azərbaycanın bunca təzyiq qarşısında geri çəkilməməsi, öz iradəsi sayəsində nüvə dövlətləri ilə siyasi mübarizədən qalib ayrılmasıdır.
Bəli, 44 günlük müharibədə Azərbaycanın uğurlu hücumlarını dayandırmaq istəyən dövlətlərin nüvə silahı var idi. Onlar bu dünyanın ən güclüləri sayılırdı və dünyamızdakı hər kəs, hər bir dövlət onlarla hesablaşmağı zəruri hesab edirdi. Lakin Azərbaycan nüvə silahından da üstün bir “silaha”, daha ali, daha dağıdıcı bir gücə malik idi. Bu “silahın” adı “iradə” idi - İlham Əliyev iradəsi! Və dövlət başçısının özünün də qeyd etdiyi kimi, bu iradə öz gücünü xalqdan, xalqın dəstəyindən alırdı. Azərbaycan məhz nüvədən üstün iradə sayəsində nüvə dövlətlərinə qalib gəldi. Ermənistanı hərb meydanında, nüvə dövlətrini isə diplomatik mübarizə meydanında məğlub etdi.
İşğaldakı torpaqlarının azadlığına nail olan, suverenliyini bərpa edən, şəhidlərinin qisasını alan Azərbaycan bununla sübut etdi ki, əsl güc silahda yox, ruhdadır. Və Azərbaycan insanı öz mübarizə ruhu, sonsuz fədakarlığı, sərhədsiz cəsarəti ilə məğlubedilməzdir!
Seymur ƏLİYEV