Gün var min ayə dəyər...
Cəmiyyət
5019
30 Nov 2024 | 11:02

Gün var min ayə dəyər...

Salam Fəttah müəllim!
 
 
De, hara getdin baş alıb?
Yerin, yurdun bilinmədi...
Gördüm ki, dünya boşalıb,
Nə idi dərdin, bilinmədi...
 
Üzümü tutdum dağlara,
Baxdım ki, dağlar kiçilib...
Quşlar qonmur budaqlara,
Körpə budaqlar kiçilib...
 
Göz açdım ki təklənmişəm,
Səhrada azan kimiyəm.
Qəriblikdə yüklənmişəm,
Bir qərib ozan kimiyəm.
 
Gördüm dörd yanı su basıb,
Ha əlləşdim, keçəmmədim...
Biraz susuzdum mən kasıb, 
Bir qurtum su içəmmədim...
 
Ağaclar quruyur gördüm
Çiynimə yarpaq tökülür...
Gözlərimin nuru gedir,
Gözümə torpaq tökülür...
 
Hara getdin, söylə hara?
Kürəklərim buz bağladı...
Gözlərimin suyu getdi,
Bəbəklərim duz bağladı
 
Yadımdadı, ... Qəbələdə, çay kənarında, Xanların məkanında, ruh oxşayan bir yerdə, 5-6 nəfər unudulmaz, yadda qalan bir gün keçirtdik. O zamanki ağız deyəni, qulaq eşitməyən günlərdə mətbuatda kimə gəldi daş atanlar, qarayaxanlar baş alıb gedəndə onlara cavab olaraq sizin haqqınızda “Ağzı dualı adam” başlıqlı böyük bir yazım dərc olunmuşdu...
 
Qəzet süfrəmizin, stolumuzun üstündəydi... Öncə çay sifariş etdiniz, sonra üzürxahlıq edib, namaza getdiniz qonaq otağına. On-on beş dəqiqə sonra qayıdıb süfrədə əyləşməmiş Həzrəti Əlidən iki misal çəkdiniz: - “Sənin olmadığın yerdə səni müdafiə edən şəxs, sənin əsl dostundur.” 
 
Və ardınca Həzrəti Əli buyurub: Sənə dəyər verən birindən uzaq durmaq ağılsızlıqdır... Sənə dəyər verməyən birinə dəyər vermək isə nəfsin zəlil olmasıdır...
 
Dilinizdən Allah kəlməsi düşməzdi...
 
Gündəliyimdə qeyd eləmişəm, o qədər dolğun, səmimi söhbətlər edirdik ki, saat yadımızdan çıxmışdı... Söz-sözü çəkirdi, Osmanlıdan başlayıb Xətai, Nadir Şah, Qacarlar, Sovet dövrü, mədəniyyətimizdən, incəsənətimizdən, ədəbiyyatımızdan, ən çoxu da Qarabağ problemindən...
Saat 4-ə işləmiş, -gecdir duraq, sabah söhbətimizi davam edərik, Zakir demiş:- “Qalmaz belə, qalmaz dünya” – deyib süfrədən qalxdınız... 
 
2006-cı ildə, Şəhriyarın 100 - illiyindən qayıdan günlər zəng elədiniz; - O dostun Musa Yaqubu da götür, çıxın evinizin yanına... 
 
Bizi şəhər kənarındakı restoranların birinə apardınız...  - Bu gün, iki qardaş, iki böyük və gözəl şairə qonaqlıq verəcəm...
 
Süfrədə rəhmətlik Musa Yaqub soruşdu ki, Fəttah müəllim, qonaqlığın adı nədir? – “Zakir Tehranda, Təbrizdə möhtəşəm çıxış edib, bizim Naxçıvandan da üç nəfər yubileydə olub, onlar mənə hər şeyi danışıblar”... 
 
Bir dəfə də Qəbələ yolunda, Vəndama çatmamış, körpünün yanından sağa, “Qız Qalası” adlı yerə getdik... Siz, Musa Yaqub, mən və sizinlə gələn iki yoldaş.  Orada da, əsrarəngiz bir gözəllik, şırha-şır axan çayın kənarında stol qoyub bizə süfrə açdılar... Çox poetik, unudulmaz günlərdən birini yaşadıq...
 
Orada ən yadda qalan, məni və Musanı kövrəldib duyğulandıran bir səmimi cümlə işlətdiniz. Hansısa saraydan, tikilidən söz düşmüşdü... – “Musa, sənin kimi, Zakir kimi dəyərli, dünyəvi şairlərin bir misrasında, bircə cümləsində yaşamaq o qəsrlərdə yaşamaqdan, cah-cəlal içində yatmaqdan daha qiymətlidir...”
 
Bir dəfə də Milli Məclisdən çıxanda, xeyli adamın əhatəsində gördüm sizi... Bilirdim ki, seçicilərin yox, problemləri olan cavanlı, qocalı əksər adamlar umud yeri kimi sizin yanınıza gəlirdi.
 
Əlinizdən gələni əsirgəməzdiniz, həm də heç kimə “yox” kəlməsini deməzdiniz, öz seçicilərinizlə tez-tez Qəbələdə görüşərdiniz. Çoxluğu görüb, “Xilas” eləmək üçün sizə yaxınlaşdım. Görüşdük, gəzə-gəzə Şəhidlər Xiyabanına getdik, 1-ci Qarabağ Müharibəsində şəhid olmuş qardaşım Kamilin məzarını ziyarət elədik. 
 
Kamilin qəbri önündə - “Zakir qardaşın Kamilin də, bütün şəhidlərimizin də qanı yerdə qalmayacaq. Ordu qurmağa, döyüş ruhlu peşəkar zabitlər, əsgərlər yetişdirməyə zaman lazımdır. Yüz faiz əminliklə deyirəm sənə, bu müharibəni udacağıq, buna zərrə qədər şübhən olmasın, bom-boş danışıqlara inanma. Ordu quruculuğu Heydər Əliyevin ən başlıca məqsədidir. Sadəcə ona sizin kimi adamların mənəvi dəstəyi lazımdır. Görəcəksən, ən yaxşı silah-sursatlar alınacaq, nizamlı ordu qurulacaq, həm də, başlıcası doğru siyasət yürüdüb bəzi iri dövlətlərlə dil tapmaq, onları yola gətirmək lazımdır. Heydər Əliyev böyük siyasətçidi, sıradan biri deyil, bunu sən də yaxşı bilirsən” -dediniz... 
 
O illər Heydər Əliyevə, sonralar da İlham Əliyevə bu dərəcədə dönməz, sarsılmaz inamınıza, səmimi sevginizə, sədaqətinizə heyrət etməmək mümkün deyildi. İllərlə bunun şahidi olmuşam.
 
Dünən yuxuma gəlmişdiniz, Fəttah müəllim...
 
Həmişəki kimi görüşəndə - “Qalmaz belə, qalmaz dünya” deyib salamlaşdıq. Dost itkisi ağır olur. Sənə dayaq olan, arxa olan dost dünyasını dəyişəndə təklənirsən, güvənc yerin olmur.
 
Şükürlər olsun, Qarabağ adlı dərdimiz bu möhtəşəm Qələbə ilə əriyib yox oldu. Ən böyük dərdimiz həll olundu. Var olsun ordumuz, Ali Baş Komandanımız! Milləti qürurlandırdı, başımızı dikəltdi, adımızı ucalara qaldırdı! 
 
Rahat yat, əziz dost. 
Məkanın cənnət, dərgahın nur içində olsun!
 
Çəkilmişəm özümə,
yığılmışam içimə.
Kədər məni səsləmir,
səsləmir sevinc məni,
kimsə səsləməz məni,
dostlar da səsləməz məni,
bu darısqallıqdan
bir hovur çıxam eşiyə.
Qaytar, ana, qaytar məni beşiyə.
 
Məzarın önündə daldığım düşüncələr, min ayə dəyən günlərimizin şirin xatirələri məni darısqallıqdan eşiyə çıxartdı...
 
Bir ovuc torpağa döndün Fəttah müəllim, Vətən torpağını bir ovuc artıran kişi!
 
Dostumuz Musa Yaqub demiş:
Bəlkə də borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki, mən
Çürüyüm, bir ovuc torpağın artsın!
Zakir Fəxri
Link kopyalandı!
Son xəbərlər