“Nə qədər ki, tərəflər arasında sülh sazişi bağlanmayıb, bu tip təxribatlar davam edəcək”
3353
18 Nov 2021 | 11:19

“Nə qədər ki, tərəflər arasında sülh sazişi bağlanmayıb, bu tip təxribatlar davam edəcək”

“Əslində bu təxribat qəfildən olmadı, çünki Rusiya çoxdan bunları hazırlayırdı. Bu təxribatların arxasında birmənalı şəkildə Rusiyanın hərbi kəşfiyyatı durur. Çünki Rusiyanın Qafqazdakı maraqları təmin olunmadı. Əvvəla, noyabrın 12-də Türkdilli Dövlətlərin Təşkilatı elan olundu və Orta Asiyaya nəzarət birmənalı şəkildə Rusiyanın əlindən çıxdı. Rusiya Qafqazda Türkiyəni yeni oyunçu kimi heç cür qəbul edə bilmir, çalışır ki, hansısa yolla onu zərərsizləşdirsin. İranın maraqları gələcəkdə yaranacaq Turana görə heç uyğun gəlmir. Çünki Turanla bağlı ən böyük problemimiz ondan ibarətdir ki, bir-birini sevməyən dövlətlər bir araya gəlirlər. Bunlar isə İran, Rusiya, Çin, Fransa və digər dövlətlərdir. Burda Fransanın məqsədi Ermənistandırsa, digər Avropa dövlətləri yenidən Turanın formalaşmasından qorxurlar. Əslində isə türkdilli dövlətlər özləri üçün bir şərait yaratmaq istəyirlər”
 
Bunu Moderator.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə Rusiya Qafqazda mövqeyini möhkəmlətmək üçün bu cür təxribatlar təşkil edir:  
 
“Ona görə də bunu başqa müstəviyə yönəltmək səhvdir. Rusiya da çalışır ki, Qafqazdakı mövqeyini möhkəmləndirsin. Çünki bilir ki, Qafqazda ordusu daimi deyil, istənilən vaxt tərəflərin biri narazılıq edərsə, onlar ərazidən çıxacaq. Ona görə də sərhədlər məsələsini gündəmə gətirdilər. Sərhədlərin delimitasiyasını əvvəl Rusiya istəyirdi, Ermənistan istəmirdi. Çünki hansı xəritə əsasında bu həyata keçiriləcək o problemlər var. Bütün bunların fonunda da Azərbaycanın öz iddiasını ortaya qoyması, yəni ərazi bütövlüyü məsələsi gündəmdədir. Ona görə də ruslar çalışdı ki, erməni mənşəli hərbçilərin əliylə bu təxribatı törətsinlər. Çünki fikir verdinizsə, təxribat törədən erməni hərbçilərin hamısı yaşlı və əvvəllər hərbidə olmuş adamlardır ki, bu şəkildə onlardan yararlanırlar. 
 
Bundan da başqa Rusiyanın bütün mediası Türkdilli Dövlətlərin Təşkilatının üzərinə gəlir, bir qrup Azərbaycanın lobbisinə çevrilən insanları çıxmaq şərtiylə, Rusiyanın hərbi, siyasi, kəşfiyyat elitasında çox böyük qısqanclıq var. Həm də Rusiya açığı çox çıxılmaz vəziyyətə düşüb. Burdan Azərbaycanla münasibətlərini korlaya bilmir, çünki Qərblə artıq vəziyyəti problemlidir, Şərqdə Çin və Yaponiya var, Orta Asiya respublikaları nə qədər sakit mövqeyə keçsələr də Rusiyadan kifayət qədər çəkiblər. Qafqazın Rusiyanın əlindən çıxması bütünlüklə onların hamısın Rusiyanın əlindən çıxması deməkdir. Rusiya da bunu çox gözəl anlayır. Ona görə  bu cür təxribatların davam edəcəyini görürəm. 
 
Amma Azərbaycan Ordusunun gücünü, Prezidentimizin iradəsini görmüşük. İnanıram ki, Azərbaycan elə bir əməliyyat həyata keçirəcək ki, nəinki ermənilər, artıq ruslar da məcbur olacaq ki, Azərbaycanın qoyduğu şərtlərlə razılaşsın. Məsələ burda Azərbaycanla Naxçıvan arasındakı Zəngəzur dəhlizinin açılmasına görədir. Düzdür, dünən erməni mətbuatı yazdı ki, Paşinyan guya buna imza atıb. Amma bu boş söhbətdir. Bu o vaxt olur ki, tərəflər arasında sülh sazişi imzalansın və həmin saziş hər iki ölkənin parlamentinə ratifikasiya olunsun. Ondan sonra onun hüquqi gücü var. Yoxsa mediada bunu yazırlar və yalan olanda təkzib vermək məcburiyyətində qalırlar. Yəni bunlar siyasətdir, hüquq deyil. Ona görə də hüquqi səviyyədə həll olunmalıdır. Nə qədər ki, Azərbaycan-Ermənistan arasında sülh sazişi bağlanmayıb, bu tip təxribatllar davam edəcək. Biz şəhidlər verdik, Allah onlara rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Amma bütün bunlar bizi məcbur edir ki, dövlətimizin maraqlarına uyğun olaraq Ali Baş Komandanın ətrafında daha sıx birləşək. Bu bizim yeganə çıxış yolumuzdur, çünki yanımızda Türkiyə, qardaş türk dövlətləri, o cümlədən, Pakistan, Ukrayna, İsrail var. Yəni biz tək deyilik, güclüyük”.
 
Vasif Əlihüseyn
Link kopyalandı!
Son xəbərlər