Dünya
137
14 May 2026 | 23:45

"İnsan nə vaxt "qocalır"? - 69 yaş sərhəd sayılır, amma məsələ təkcə rəqəmlərdə deyil" - Alimlərdən yeni baxış

"Qocalıq təkcə yaş deyil, həyat tərzi və beynin vəziyyəti ilə müəyyən olunur..."

Qocalıq anlayışı uzun illərdir həm elm adamlarının, həm də cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardan biridir. 

Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.

"Qocalıq" üçün yeni sərhəd - 69 yaş

Nəşr yazır ki, ənənəvi təsəvvürlərə görə yaş artdıqca insan avtomatik olaraq "qoca" hesab olunur. Lakin müasir tədqiqatlar göstərir ki, bu yanaşma artıq köhnəlir və bioloji yaşla təqvim yaşı heç də həmişə üst-üstə düşmür. Yeni araşdırmalar insanların qocalığı daha gec yaşlara keçirdiyini ortaya çıxarıb. İki mindən çox insanın iştirakı ilə aparılan sorğuya əsasən, respondentlərin əksəriyyəti qocalığın başlanğıcını 69 yaş hesab edir.

Bu göstərici bir neçə il əvvəlki 62 yaş ortalamasından xeyli yüksəkdir. Maraqlıdır ki, bu yanaşma məşhurların yaşı ilə də üst-üstə düşür - 69 yaşlı Tom Henks, Kim Ketroll və Stiv Harvi kimi simalar hələ də "yaşlı" kateqoriyasına tam daxil edilmir. Bu isə cəmiyyətin yaşa münasibətinin dəyişdiyini göstərir.

Fərqli nəsillər qocalığa da fərqli baxır: "baby boomer"lər (1946-1964-cü illərdə doğulanlar) üçün bu hədd 67 yaş civarındadır, Z nəsli isə (1992-2012-ci ildə doğulanlar) idrak zəifləməsini 62 yaşdan, texnoloji çətinlikləri isə 59 yaşdan etibarən mümkün sayır. Elm adamları insan beyninin inkişaf və yaşlanmasını mərhələlərə bölür: 0-9 yaş uşaqlıq, 9-32 gənclik, 32-66 yetkinlik, 66- 83 erkən qocalıq, 83-dən sonra isə dərin qocalma dövrü.

Stresdən hüceyrə səviyyəsinə qədər

Müasir elmin əsas nəticələrindən biri odur ki, qocalma təkcə yaşla bağlı deyil. "Walla" yazır ki, stres, xroniki iltihab, hüceyrə səviyyəsində dəyişikliklər və psixoloji vəziyyət bioloji yaşı birbaşa sürətləndirir. Uzunmüddətli stres orqanizmi "təhlükə rejiminə" salır, immun sistemini zəiflədir və bərpa prosesini ləngidir. Xroniki iltihab, şəkərli və işlənmiş qidalar, hərəkətsizlik bu prosesi daha da gücləndirir. 

Hüceyrə qocalması isə telomerlərin qısalması ilə əlaqələndirilir və həyat tərzi bu prosesi əhəmiyyətli dərəcədə yavaşlada bilir. Psixoloji amillər də vacib rol oynayır: həyatından məmnun olmayan, daxili ehtiyaclarını boğan insanlarda qocalma daha sürətlə gedir. Əksinə, məqsədli və balanslı həyat bioloji yaşı aşağı saxlaya bilir.

Mədəni həyat və incəsənət qocalmanı necə ləngidir? 

Ən maraqlı nəticələrdən biri isə mədəni fəaliyyətlə bağlıdır. "Mirror" yazır ki, muzeylərə getmək, kitab oxumaq, musiqi və incəsənətlə məşğul olmaq epigenetik saatlara birbaşa təsir edir. Londonda yerləşən Epidemiologiya və Səhiyyə İnstitutunun alimlərinə görə, müntəzəm mədəni fəaliyyət qocalmanı 2-4 faiz aralığında ləngidə və insanı bioloji olaraq daha "gənc" saxlaya bilər. Nəticə olaraq, qocalıq artıq sabit bir yaş deyil. Müasir elm göstərir ki, insanın bioloji yaşı onun həyat tərzi, psixoloji vəziyyəti və gündəlik vərdişlərindən birbaşa asılıdır.

Link kopyalandı!
Son xəbərlər