"Türkiyənin artan hərbi gücü və diplomatik rolu Avropanı Ankara ilə münasibətləri yenidən nəzərdən keçirməyə məcbur edir..."
Belçika ilə Türkiyə arasında uzun müddət davam edən diplomatik soyuqluqdan sonra münasibətlərdə yeni mərhələ başlayır.
Moderator.az xəbər verir ki, bu barədə Belçikanın "7sur7" nəşri yazıb.
Türkiyə Avropa üçün niyə önəm qazanır?
Nəşr yazır ki, Kraliça Matildanın rəhbərliyi ilə Ankaraya təşkil olunan böyük iqtisadi missiya Avropanın Türkiyəyə münasibətində ciddi dönüşün göstəricisidir. Nəşrin yazdığına görə, Avropada son illər təhlükəsizlik məsələləri ön plana çıxıb. Ukrayna müharibəsi, Rusiya ilə artan gərginlik və ABŞ-də Donald Trampın Avropa İttifaqına sərt münasibəti Brüsseli yeni tərəfdaşlar axtarmağa sövq edib.
Bu şəraitdə Türkiyə NATO daxilində ən vacib oyunçulardan biri kimi ön plana çıxır. Qeyd olunur ki, Türkiyə artıq yalnız regional dövlət deyil, həm də böyük hərbi sənaye potensialına malik ölkəyə çevrilib. Ankara öz qırıcılarını, hərbi gəmilərini və raket sistemlərini istehsal edir, xüsusilə pilotsuz uçuş aparatları sahəsində isə dünyanın aparıcı güclərindən sayılır.
Belçikalı professor Dris Lesaj hesab edir ki, Avropa artıq Türkiyənin strateji əhəmiyyətini daha açıq şəkildə qəbul etməyə başlayıb. Onun sözlərinə görə, 85 milyonluq bazara sahib olan Türkiyə həm iqtisadi, həm də müdafiə sənayesi baxımından Avropa üçün vacib tərəfdaşdır.
"Baykar" və müdafiə sənayesi diqqət mərkəzindədir
Kraliça Matildanın Türkiyənin məşhur pilotsuz aparat istehsalçısı "Baykar" şirkətinə səfəri də xüsusi diqqət çəkib. Nəşr yazır ki, Avropa şirkətləri Türkiyənin müdafiə sənayesindəki inkişafı yaxından izləyir və gələcək əməkdaşlıq imkanlarını araşdırır.
Hazırda Türkiyənin bir sıra Avropa şirkətləri ilə, o cümlədən İtaliyanın "Leonardo" qrupu ilə hərbi dron istehsalı sahəsində əməkdaşlıq etdiyi vurğulanır. Belçikada da müdafiə sektorunda fəaliyyət göstərən şirkətlərin Türkiyə ilə birgə layihələrdə maraqlı olduğu qeyd edilir.
Məqalədə bildirilir ki, Ankara Avropa İttifaqı ilə gömrük ittifaqının yenilənməsini və müdafiə sənayesinə yönəlmiş SAFE proqramına qoşulmağı istəyir. Türkiyə bu məsələlərdə Belçikanın Avropa İttifaqı daxilində dəstək verəcəyinə ümid edir.
Ankara balans siyasətini davam etdirir
Belçika mətbuatı Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə münasibət saxlamasını "mürəkkəb diplomatik strategiya" kimi qiymətləndirir. Məqalədə qeyd olunur ki, Ankara müharibənin əvvəlində Ukraynaya "Bayraktar" pilotsuz aparatları verərək Kiyevə ciddi dəstək göstərib. Eyni zamanda Türkiyə Moskva ilə dialoqu qoruyub saxlayaraq taxıl sazişi və əsir mübadiləsində vasitəçi rolunu oynayıb.
Professor Lesaj hesab edir ki, Türkiyə sadəcə "iki stulda oturan" ölkə deyil, əksinə, qarşıdurma tərəfləri ilə əlaqə quraraq diplomatik təsir imkanlarını genişləndirir. Onun fikrincə, Avropa üçün ideal variant Türkiyənin tam şəkildə Qərb düşərgəsinə yaxınlaşmasıdır. Lakin hazırkı mərhələdə Brüssel Ankara ilə mövcud reallıqlar çərçivəsində əməkdaşlığı gücləndirməyə çalışır.