Dünya
79
22:10, Bu gün

"Qarğıdalı toxumlarının oğurlanması": Tramp Pekində tarixi səhvin astanasındadır?" - Hindistan mətbuatı

"ABŞ-Çin sammiti qlobal güclər balansının necə kövrək hala gəldiyini bir daha göstərdi..."

ABŞ prezidenti Donald Trampın Pekinə səfəri dünya siyasətində yeni gərginlik mərhələsinin fonunda diqqət mərkəzinə çevrilib.

Moderator.az xəbər verir ki, bu barədə Hindistanın "The Economic Times" nəşri yazıb.

Pekində iki fərqli siyasi məktəb üz-üzə gəlib

Nəşr yazır ki, bu sammit Trampın improvizasiya siyasəti ilə Si Tszinpinin uzunmüddətli strateji düşüncəsinin toqquşmasına çevrilə bilər. Qeyd olunur ki, Tramp Çinlə münasibətləri şəxsi diplomatiya və sürətli qərarlar üzərindən qurmağa çalışır. Si Tszinpin isə görüşə peşəkar diplomatlar və ABŞ üzrə ekspertlərin hazırladığı detallı planla gəlir.

Məqalədə bildirilir ki, Çin rəhbərliyi illərdir ABŞ-nin zəifləməsi barədə danışırdı, amma indi Pekində bu fikirlər əvvəlkindən daha inamla səslənir. Çünki Vaşinqton getdikcə daha çox tək qalır və Tramp administrasiyası müttəfiqlərlə koordinasiyanı əvvəlki qədər vacib saymır.

İran savaşı Vaşinqtonu zəiflədib

Nəşr hesab edir ki, ABŞ sammitə zəif mövqedən daxil olur. İran ətrafındakı müharibə Vaşinqton üçün gözlənildiyindən daha ağır nəticələr yaradıb. ABŞ hərbi resurslarının bir hissəsini Hind-Sakit okean bölgəsindən Yaxın Şərqə yönəltməli olub ki, bu da Asiyadakı tərəfdaşları narahat edir.

Nəşr yazır ki, Hörmüz boğazının hələ də İranın təsir zonasında qalması ABŞ-nin bölgədəki çəkisini zəiflədir. Çin isə bu vəziyyəti diqqətlə izləyir və yaranmış boşluqdan strateji üstünlük kimi istifadə etməyə çalışır.

Pekin kompromis istəyir, amma öz şərtləri ilə

Məqaləyə görə, Vaşinqton Çin bazarına daha çox "Boeing" təyyarəsi, soya məhsulları və kənd təsərrüfatı malları çıxarmaq istəyir. Çin isə tariflərin azaldılması, texnologiya məhdudiyyətlərinin yumşaldılması və Tayvan məsələsində ABŞ-nin daha ehtiyatlı davranmasına çalışır.

Nəşrdə qeyd olunur ki, tərəflər Çinin ABŞ-də böyük sənaye investisiyaları yatırması imkanını da müzakirə edir. Lakin bu ideya ABŞ daxilində narahatlıq yaradıb. Bir çox ekspert hesab edir ki, bu addım Trampın Amerika sənayesini dirçəltmək strategiyasına ziddir.

Məqalədə xüsusilə vurğulanır ki, Vaşinqtonda Çinin son onilliklərdə ABŞ texnologiyalarını və hətta genetik modifikasiya olunmuş qarğıdalı toxumlarını əldə etməsi ilə bağlı qalmaqallar hələ də unudulmayıb.

Tayvan məsələsi yenə əsas risk olaraq qalır

Nəşr bildirir ki, Si Tszinpin görüş zamanı Tayvan məsələsinə xüsusi diqqət yetirəcək. ABŞ hazırda Tayvanın müstəqilliyini rəsmi şəkildə dəstəkləməsə də, adaya milyardlarla dollarlıq silah satışı həyata keçirir.

Nəşr hesab edir ki, Pekində keçirilən bu sammit yalnız ABŞ və Çin münasibətlərinə deyil, bütün Asiya regionuna təsir göstərəcək. Xüsusilə Hindistan baş verənləri diqqətlə izləyir. Çünki nəşrin ifadəsi ilə desək, "Pekində baş verənlər Pekində qalmayacaq".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər