“Xətib Təbrizini qoyub, Kəsrəviyəmi inanmalıyıq?..”- Akif Nağıdan tariximizə fərqli baxış...
Ekskluziv
4083
10 Apr 2024 | 21:11

“Xətib Təbrizini qoyub, Kəsrəviyəmi inanmalıyıq?..”- Akif Nağıdan tariximizə fərqli baxış...

“Səfəvilərin dövründə  türkcə rəsmi dil elan olunmuşdu,
yalnız “türk dili” ifadəsindən istifadə olunurdu. Xarici səyyahlar, məsələn, XVII
əsrin ikinci yarısında ölkədə olmuş fransız səyyahı Jan Batist Tavernye qeyd edirdi
ki, Səfəvilərin “saray adamları türk dilində danışırlar...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada: burada:)
 
Xətib Təbrizini qoyub, Kəsrəviyəmi inanmalıyıq?.. -XV mövzu
 
III- IX əsrlərdə Azərbaycanın təsərrüfat həyatı və mədəniyyəti...
 
III-V əsrlərdə Azərbaycanın şimal və cənubunda sosial-iqtisadi həyat yeni
yüksəlişlə xarakterik idi. Adərbayqanda əhalinin çox hissəsi əkinçilərdən ibarət idi.
Feodalların əksəriyyəti torpaqlarını onlara icarəyə verirdi. Burada əsas vergi xaraq
və gezitdən ibarət idi. Xaraq torpaq vergisi idi, əkin sahələrinin şəhərlərə yaxın və
ya uzaqlığından asılı olara məhsulun 1/3-dən 1/6-nə qədər təşkil edirdi. Gezit can
vergisi idi, sənətkarlardan ildə bir dəfə yığılırdı. V-VII əsrlərdə Arranda
(Albaniyada) feodal münasibətləri hakim mövqe qazandı. Əhalinin əsas hissəsini
kəndlilər təşkil edirdi. Kəndlilərə şinakan (pəhləvi dilində “kənd əhalisi” demək
idi) deyilirdi. Digər istehsalçılara sənətkarlar, daşyonanlar, dülgərlər, zərgərlər və
digərləri aid idi [11, s. 40-41].
 
Arranda (Albaniyada) əkinçilik, heyvandarlıq, sənətkarlıq inkişaf edirdi. Kür
çayı sahilləri, Mil-Muğan düzü, Naxçıvanda əhali əsasən əkinçiliklə məşğul olur,
taxıl, pambıq, üzüm, bostan bitkiləri becərirdi [20, s.26]. Arranın bütün ərazisində-
Dərbənddən Tiflisə qədər ərazilərdə qızılboya (marena) becərilirdi [16, s.39].
Burada heyvandarlıq da yüksək səviyyədə idi, iri və xırda buynuzlu heyvanlar,
həmçinin dəvə və at təsərrüfatları var idi. Kür və Araz çayları ətrafında, Xəzər
dənizi sahillərində balıqçılıq inkişaf etmişdi [8].
 
Sənətkarlığın toxuculuq, dəri emalı, misgərlik, şüşə emalı, xalçaçılıq və
digər sahələri yüksək səviyyəyə çatmışdı. Sənətkarlıq istehsalı əsasən daxili
xammala əsaslanır, daxili bazar üçün işləyir, lakin xaricə də mal ixrac olunurdu.
Sənətkarlıq şəhərlərin inkişafına müsbət təsir göstərirdi. Bu dövrdə Arranda
(Albaniyada) beynəlxalq ticarət yolları üzərində yerləşən Bərdə, Dərbənd, Qəbələ,
Çola, Beyləqan, sənətkarlıq mərkəzləri kimi Şəki, Şəmkir, Girdman, Naxçıvan,
kənd tipli iri yaşayış məntəqələrindən Torpaqqala (Qax), Mingəçevir və digər
şəhərlər mövcud idi [16, s.40].
 
Adərbayqan Sasanilərin əsas vilayətlərindən biri olmaqla inkişaf edirdi.
Burada hakimlər, əyanlar, azatlar üstün təbəqəni təşkil edirdi. Arranda olduğu
kimi, Adərbayqanda da əhalinin əsas hissəsini kəndlilər təşkil edirdi. VI əsrdə
torpaq münasibətləri xeyli inkişaf etdi, əyanlar icma torpaqlarını ələ keçirərək,
kəndliləri asılı vəziyyətə salırdılar. Dini müəssisələrin mülkləri də genişləndi, baş
atəşpərəstlik məbədi əsas torpaq sahiblərindən idi [4]. Adərbayqanda həcminə,
iqtisadi roluna görə, Qazaka, Fraaspa, Vera, Ərdəbil şəhərləri fərqlənirdi [7, s.163].
Ərəblər Azərbaycana gələn ərəfədə Arran, Adərbayqan adları geniş şəkildə
işlədilirdi, çox vaxt “Azərbaycan” adının müxtəlif formaları şimallı-cənublu bütün
ərazilərimizə aid edilirdi. Hər kəs Azərbaycanı böyük Türk ölkəsi kimi qəbul
edirdi. Ərəblər Azərbaycanı işğal etdikləri zaman Azərbaycanın cənub
torpaqlarının mərkəzi Ərdəbil, IX əsrin əvvəllərində Marağa, X əsrdən isə yenidən
Ərdəbil, şimal torpaqlarının mərkəzi isə Bərdə olmuşdur [12, s.29]. Ərəb
müəlliflərindən əl-Yaqubinin Arranı “Yuxarı Azərbaycan” adlandırması da [12,
s.48] maraqlı faktlardandır. Bu vaxt Azərbaycanda və Arranda bir neçə kateqoriya
şəhərlər mövcud olub: İri, orta, xırda şəhərlər. Amma şəhərlərin əksəriyyəti hələ iri
sənət-ticarət mərkəzlərinə çevrilməmişdi. Bu dövrün şəhərlərindən Bərdə,
Dərbənd, Baylakan (Paytakaran) fərqlənirdi [14, s. 123].
 
Arranda əsasən toxunma, tikiş malları ixrac olunurdu, Dərbənd vasitəsi ilə
müxtəlif ölkələrə göndərilirdi [18, s.161]. Arran həmçinin boyaq materialları,
zəfəran kimi malların ixracı ilə məşhur idi. Buradan həmçinin nərə balığının
kürüsü ixrac olunurdu. Bərdə və ətraf bölgələrində fındıq, zoğal, şabalıd, əncir və
digər meyvələrin yetişdirilməsi, baramaçılıq və ipək istehsalı, balıqçılıq qeyd
olunur.
 
Ərdəbildə iri bazar fəaliyyət göstərirdi, dünyanın bir çox yerlərindən buraya
tacirlər gəlirdi. IX əsrin sonu üçün şəhər qala divarları ilə əhatə olmuşdu. Bu
məşhur ticarət mərkəzi həm də malların ucuzluğu ilə seçilirdi. Bu dövrdə Gəncə
ticarət mərkəzi, Dərbənd cənub-şimal yolunun tranzit məntəqəsi kimi
formalaşmışdı. VIII-IX əsrlərdə ticarət inkişaf edir və davamlı şəkildə xəzinəyə
gəlir gətirirdi.
 
Azərbaycanda mədəniyyət də yüksəklən xətlə inkişaf edirdi. Bu vaxt
Azərbaycanın cənub və şimal hissələrində formalaşan mədəniyyətin ümumi
cəhətləri daha aydın şəkildə özünü göstərir. Belə bir mövqe əsas götürülür ki,
Adərbayqanda Sasanilərin pəhləvi yazı sistemi, Arranda isə V əsrin əvvəllərindən
52 hərfli alban əlifbasından istifadə olunurdu [11, s.49].
 
V əsrdə Arranda məktəblər fəaliyyət göstərirdi. Arran hökmdarı Esuagenin
dövründə uşaqlar məktəbə cəlb olunur, onlara oxumaq və yazmaq öyrədilir, hətta
qida ilə təmin olunurdular. III Mömin Vaçaqan xristian məbədlərinə, məktəblərə
xüsusi fikir verirdi [16, s.46-47].
 
Adərbayqan mədəniyyəti kifayət qədər araşdırılmamışdır. Az-çox əldə
olunan materiallar burada şəhərsalma mədəniyyətinin yüksək olduğunu göstərir.
Fraaspa şəhərinin qədimdən ilkin orta əsrlərə qədər mövcud olduğu qeyd edilir [17,
s.52]. Sasanilər dövründə dini məbədlərin nəzdində məktəblər fəaliyyət göstərirdi.
Qazaka şəhərində kahinlər dini fəaliyyətlə yanaşı təlim tərbiyə, təbabət, tarixi
səlnamələrin yazılması ilə də məşğul olurdu [6, s.126].
 
Bu dövrdə Azərbaycanın şimalı və cənubu mədəniyyət sahəsində də əlaqəli
şəkildə inkişaf etdi, bir-birlərini zənginləşdirdi və daha üzvü şəkildə tamın
hissələrinə çevrildilər.
VII əsrdə ölkənin tarixinin tərtibinə başlanmışdır. Bu zaman Bərdə
yaxınlığındakı Kalankatlı kəndində anadan оlmuş Musa Kalankatlı «Aqvan
(Alban) tarixi» əsərini yazmışdır. “Kitabi-Dədə Qorqud” dastanı Xilafət dövründə
formalaşıb başa çatmışdır. Azərbaycanın ilk ərəbdilli şair və yazıçılarının
yaradıcılığı VII-VIII əsrlərə təsadüf edir. Onlardan Dəvdək, Musa Şəhavət, İsmayıl
ibn Yaşar, onun oğlu Məhəmməd və digərlərini qeyd etməliyik [11, s.64]. VII
əsrdə yaşamış Dəvdəkin yaradıcılığından yalnız Arran hökmdarı Cavanşirin
ölümünə həsr etdiyi əsər bizə çatmışdır [2, s. 214-236].
 
Bu dövr Azərbaycan mədəniyyətinin əsas xüsusiyyətlərindən biri VII əsrdən
islam dininin yayılması və bunun mədəniyyətin bütün sahələrində öz ifadəsini
tapmasıdır. Bu vaxt fəaliyyətə başlayan mədrəsə tipli məktəblər, mollaxanalar,
məscidlər, ziyarətgahlar və s. bir tərəfdən dinə, onun ideyalarının yayılmasına,
təbliğinə xidmət edir, digər tərəfdən mədəniyyətin müxtəlif sahələrinin inkişafına
təkan verirdi [10, s. 235]. Artıq VIII-IX əsrlərdə Azərbaycan mədəniyyətinin bütün
sahələrində islam dininin normaları özünü göstərir və aparıcı amilə çevrilirdi.
Bu gün də aktual olan, mübahisələr doğuran bir məsələni bu dövrlə bağlı
aydınlaşdırmaq daha məqsədə uyğundur. Məhz bu dövrdə, ərəblərin, islamın
regiona gəlməsi ilə əlaqədar məsələ bir çox cəhətləri ilə aydın görünməyə başladı.
Bu, azəri, yoxsa türk dili, türk, yoxsa azərbaycanlı, azəri deyimləri, terminlərinə
münasibət məsələsidir. Məsələyə aydınlıq gətirmək üçün keçmiş və sonrakı
dövrlərin münasibəti, mübahisələri, faktları nəzərə alınmalıdır.
 
Əvvəlcədən qeyd edək ki, V əsrdə Adərbayqan və Arranda vahid türk dili
formalaşmış, VI-VIII əsrlərdə bu dildə şifahi xalq ədəbiyyatının misilsiz
nümunələri, “Oğuznamə”lər yaranmışdır. Azərbaycanda “türk” sözü VI əsrdən,
“azəri” sözü isə VII əsrdən başlayaraq işlədilmişdir [9, s.552]. “Türk” adının
qədim “turukki” forması nəzərə alınmaqla, qeyd etməliyik ki, bu ifadə ilk dəfə
Göytürklər tərəfindən özlərinə aid edilərək işlədilmişdir. Türk adının meydana
gəlməsi onlarla bağlıdır. Onlardan sonra isə yalnız Azərbaycan əhalisi özünün
etnik-milli mənsubiyyətini göstərmək üçün “türk” ifadəsindən istifadə etmişdir.
Digər türkdilli soylar özlərini fərqli şəkildə, maday, hun, xəzər, səlcuqlu, osmanlı,
özbək, qazax və sair adlarla adlandırmışdır. “Azəri” ifadəsini ərəblər işlətmiş,
məqsədləri isə Azərbaycan türk əhalisini digər türklərdən fərqləndirmək olub.
Ərəblər onların ordusunda olan türk əsgər və sərkərdələrə münasibətdə “türk”
ifadəsini işlədir, daha çox isə onları mənsub olduqları tayfaların ünvanı ilə
adlandırmağa üstünlük verirdilər. Ərəblər regiona gəldikləri ilk dövrdə Azərbaycan
əhalisinin başdan-başa türklərdən ibarət olduğunu bildirir, lakin bir müddət sonra
yuxarıda qeyd etdiyimiz səbəbdən “əhli Azərbaycan”, “azəri” ifadələrini daha
məqbul hesab etdilər. İstənilən halda məsələyə türk-azəri xalqı mövqeyindən
yanaşılmalıdır.
 
Ona görə də, bu ifadələri bir-birinə qarşı qoymaq yox, eyni mənanı
verdikləri qəbul edilməlidir. Azərbaycan tədqiqatçıları tərəfindən tez-tez müraciət
olunan, amma müxtəlif cür yozulan bir faktı diqqətə çardıraq. Bu, Azərbaycanın
çox görkəmli alimi, ədəbiyyatşünası, dilçisi, ərəb dilinin bilicisi, şair Xətib Təbrizi
(1030-1108) ilə bağlı olan faktdır. Bu hadisə həmin dövrdən əvvəlki 200-300 illik
prosesə yekun vurulması ilə əlamətdardır. Xətib Təbrizinin öz müəllimi Əbül Əla
Məərri ilə məşhur söhbətində azəri dilinin “Azərbaycan əhalisinin dili” kimi
təqdim edilməsi “azəri dili” dedikdə türk dilinin nəzərdə tutulduğuna əyani
misaldır [9, s.558-559]. Söhbətin məzmunu belədir: “Xətib Təbrizi danışırdı ki,
Nümanda (Suriyada şəhər.- A.N.) Məərrinin məscidində mən Əbül Əlanın
qarşısında oturmuşdum... Bu zaman məscidə girən bir qonşumuzu gördüm... Əbül
Əla dedi ki, get onunla söhbət et... Mən getdim və qonşumla xeyli azəricə (azərbi)
danışdım... Qayıdandan sonra Əbül Əla soruşdu ki, o, nə dil idi? Mən dedim ki, bu,
Azərbaycan əhalisinin dilidir” [19, s.129].
 
X. Təbrizinin mətndə yazdığı ifadəni bəzi alimlər “azəri”, digərləri “azərbi”
şəklində tərcümə edib. Bəzi tədqiqatçılar isə mətnlə aşırı sərbəst davranaraq
“Azərbaycan türkcəsi” kimi tərcümə etmişlər. “Azəri” və yaxud “azərbi” ifadələri
reallığa daha yaxındır, mənaları da eynidir. Hər iki ifadə “Azərbaycan”,
“azərbaycanlı” sözlərinin qısaldılmış variantıdır. Ona görə də, bu addan imtina
etməyin mənası yoxdur. Ərəblərin vaxtında ölkəmiz hamı tərəfindən Azərbaycan
adlandırılmış, dilimizə də bu kökdən “əl-azəriyə”, azəri dili deyilmişdir [9, s.560].
Bu vaxtdan rəsmi dairələrdə “azəri”, xalq arasında isə “türk” ifadəsi işlədilmişdir.
IX-XIII əsrlər ərəb müəlliflərindən Yaqub Həməvi, Yaqubi, Məsudi və başqaları
daha çox “azəri dili” ifadəsini işlətmişlər [1, s. 222-223].
 
Regionda ərəb təsiri zəiflədikcə artıq “türk dili”, “türk” ifadələri üstünlük
təşkil edirdi. XIII-XIV əsrlərdə Həmdulla Qəzvini və digər müəlliflər Azərbaycana
münasibətdə “türk” sözündən geniş istifadə edirdilər. Həmin vaxtlar indiki
Türkiyədə “səlcuqlu”, “osmanlı”, Orta Asiyada “özbək”, “qazax”, “türkmən”,
“qırğız”, “uyğur” və sair dillərin adları işlədilirdi. Yalnız Azərbaycanda “türk dili”
hökmran idi [9, s.562]. Səfəvilərin dövründə isə türkcə rəsmi dil elan olunmuşdu,
yalnız “türk dili” ifadəsindən istifadə olunurdu. Xarici səyyahlar, məsələn, XVII
əsrin ikinci yarısında ölkədə olmuş fransız səyyahı Jan Batist Tavernye qeyd edirdi
ki, Səfəvilərin “saray adamları türk dilində danışırlar” [3, s.185]. Lakin paralel
şəkildə az da olsa, “azəri dili” ifadəsi də işlədilirdi [9, s.564]. XIX əsrin sonu-XX
əsrin əvvəllərində Türkiyə ərazisində “osmanlı” ifadəsinin əvəzinə “Anadolu
türkləri” ifadəsi meydana gəlmiş, Azərbaycan türklərini fərqləndirmək üçün
yenidən “azəri” ifadəsi daha çox işlənməyə başlamışdır. Azərbaycan Xalq
Cümhuriyyəti dövründə bizdə geniş şəkildə “türk” sözünə qayıdış baş vermiş,
lakin AXC-nin süqutu, həmçinin Atatürk Türkiyəsində “türk” ifadəsinin hərtərəfli
istifadəsindən sonra ictimai, siyasi xadimlər, yazarlar yenidən “azəri” ifadəsinə
üstünlük vermişlər. Bəzi subyektiv amillərin təsiri olmasaydı, müasir dövrdə
“azəri”, “azəri dili” uğurlu, həmçinin tarixi, etnik, milli reallığı əks etdirən bir
termin kimi öz yerini tuta bilərdi.
 
Subyektiv amil dedikdə İran və oradakı bəzi müəlliflərin məsələyə
yanaşmasını nəzərdə tuturuq. Amma burada da tarixi faktlar “azəri” sözünə düzgün
yanaşmanı nümayiş etdirir. Məsələn, İranda XIX əsrin ikinci yarısında buraxılan
kitablarda Cənubi Azərbaycan əhalisinin dili “azəri dili” adlandırılır, və aydın
olması üçün izahat verilir ki, azəri dili türk dili deməkdir. Bir çox Avropa
şərqşünasları da azəri dilini “Azərbaycanın qədim türk dili” hesab edirlər [9,
s.565]. Əslən Azərbaycan türklərindən olan Cahangir Zeynaloğlu 1924-cü ildə
İstanbulda çap etdirdiyi “Müxtəsər Azərbaycan tarixi” əsərində yazır:
“Azərbaycanda... tat, talış, ləzgi və sonradan gələn ərəb, kürd kimi millətlər yerli
türklərlə qarışıb birləşiblər və yeni bir türk xalqı, yəni azəri türkləri vücuda
gəlmişdir” [13, s.12].
 
Məsələ bu qədər aydın və asandır, lakin XX əsrin 20-ci illərində İranda
Pəhləvilərin hakimiyyətə gəlməsi ilə məqsədli şəkildə dolaşıqlıq, anlaşılmazlıq
yaradıldı. Bunun əsas ideoloqu türk mənşəli İran müəllifi Əhməd Kəsrəvi oldu. O,
heç bir mənbəyə, fakta əsaslanmadan, tarixi məlumatları saxtalaşdıraraq, 1926-cı
ildə “Azəri və yaxud Azərbaycanın qədim dili” adlı “əsər” yazdı və Azərbaycan
türklərinin İrandakı hansısa azəri tayfasından olduqları, onların dilinin isə fars dili
olduğuna dair saxta iddia irəli sürdü. Azərbaycan alimləri bu yalançı tezisdən
qıcıqlanaraq, qəzəblənərək azəri ifadəsini rədd edib, türk sözünü qabartdılar.
Sürətlə bu mövzuda yazılar, əsərlər meydana gəldi. Əslində, bu ifadələri bir-birinə
qarşı qoymağa ehtiyac yox idi, yuxarıda da qeyd etdik ki, bu iki termin eyni
mənanı ifadə edirdi. Görkəmli alimimiz Firidun Cəlilov (Ağasıoğlu) bu prosesə
qarşı dayandı, həqiqəti ortaya gətirdi: “Axı bunu kim sübut edib ki, azəri fars
mənşəli tayfa olub, onu yalandan ortaya atıblar... Tarixdə farsların azəri adında
tayfası olmayıb, Azər, Xəzər eyni sözlərdir və qədim türklərdir” [5]. Sonda bir
faktı da qeyd edək ki,Əfqanıstanda yaşayan əfşarlar türk dilində danışır, özlərini
azəri, dillərini azəri dili adlandırır və deyirlər ki, onların əcdadları bu dildə danışıb
[15, s.87].
 
Beləliklə, ən çətin dövrlərdə də Azərbaycanın iqtisadiyyatının,
mədəniyyətinin inkişafını müşahidə etdik. Eyni zamanda, təxminən son 1.5 min
illik tarixə nəzər salaraq, müqayisəli təhlil apararaq, faktları ortaya qoyaraq belə bir
qənaətə gəldik ki, azərbaycanlı, azəri, türk, Azərbaycan türkü ifadələrini bir-birinə
qarşı qoymamalı, eyni məzmunlu sözlər kimi işlətməliyik.
 
Ədəbiyyat:
 
1. Azərbaycan tarixi, I cild (Z. Bünyadov və Y. Yusifovun redaktəsi ilə). Ali məktəblər
üçün dərslik. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
2. Azərbaycan tarixi. Yeddi cilddə, II cild, Bakı, “Elm”, 2007.
3. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, “Elm”, 1989.
4. Azərbaycan 3-8-ci əsrin əvvəllərində. –
kayzen.az/blog/Azərbaycan-tarixi/24455/azərbaycan-3-8-əsrin-əvvəllərində-yeni-ictimai-
münasibətlərin-yaranması.html.
5. Cəlilov F. “Biz “azəri” deyilik...” 21.10.2015.- musavat.com/news/biz-azeri-
deyilik_299942.html.
6. Fazili A. Aturpatena e.ə.IV-e.VII əsr. Bakı, “Elm”, 1992.
7. Fazili A. Azərbaycanın qədim və ilk orta əsrlər tarixi İran tarixşünaslığında. Bakı,
“Elm”, 1984.
8. Kalankatlı, II, fəsil 16; I, fəsil 5.
9. Kazımov Q. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər). Bakı,
“Təhsil”, 2003.
10. Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik. Bakı. “Sabah”
nəşriyyatı, 2010.
11. Nuriyeva İ. Azərbaycan tarixi. Bakı, “Elm və təhsil”, 2019.
5
12. Vəlixanlı N. Ərəb Xilafəti və Azərbaycan. Bakı, Azərbaycan dövlət nəşriyyatı, 1993.
13. Zeynaloğlu C. Müxtəsər Azərbaycan tarixi. Bakı, Azərbaycan Dövlət Kitab Palatası,
1992.
14. Буниятов З. Азербайджан в VII-IX. Изд. Академии Наук Азерб. ССР, Баку,
1965.
15. Дебец Г.Ф. Антропологические иследования в Афганистане. Советская
этнография. Москва, «Наука», 1967, No4.
16. История Азербайджана. Под редакцией Мехмана Абдуллаева. Баку, изд-во
АГУ, 2016.
17. Кошеленко Г.А. Культура Парфии. Москва, 1966.
18. Мюллер A. История Ислама. Том 2, s. 161.-
gumilevica.kulichki.net/MUA/index.html
19. Сумбатзаде А.С. Азербайджанцы-этногенез и формирование народа. Баку,
«Элм», 1990.
20. Тревер К. Очерки по истории и культуре Кавказской Албании: IV в. до н.э.- VII
в. н.э.- АН СССР, Москва-Ленинград, 1959.
 
Link kopyalandı!
Son xəbərlər