Qələbəmizə kölgə salan ölkəni talamaqdan əl çəkməyən korrupsionerlər, onların Azərbaycanda və xaricdəki villa və göydələnləri, həmin villa və yadelli banklarda tayaladıqları dollar, avro bağlamalarıdır...
Fikir savaşı...
Allah dünya binə olandan, müsəlman, türk dünyasında, qardaş Türkiyədə, Azərbaycanda, o cümlədən 1988-ci ildən bəri 1-ci Qarabağ müharibəsində, Aprel döyüşlərində, 44 günlük 2-ci Qarabağ savaşında və s. canlarını Haqq, xalq, ümmət, millət, Vətən uğrunda fəda etmiş cəmi şəhidlərimizə qəni-qəni rəhmət eləsin!.. Həyatda olan qazilərimizə isə Yaradanımızdan daim şəfa və cansağlığı diləyirik!..
*** ***
Şəhidlərimiz bu dünyadan Haqq dərgahına köçüb getdi, qazilərimizdən neçəsi bədəninin yarısını və ya bir hissəsini itirdi... Hələlik bu həyatda salamat qalan bizlərin çoxu isə şəhidlərə də, əlil olmuş, normal düşüncə, yaddaş qabiliyyətini itirmiş qazilərimizə də yanlış olaraq “yazıq” deyirik... Əslində yazıq elə bizlərik... Çünki bu dünyada varkən hələ yaşamaq, mövcud olmaq, özümüzün, ailəmizin, doğma və qohumlarımızın nəfslərini doyurmaq üçün hansı yollara, əziyyət və əzablara əl atacağıq, hansı günahlara girəcəyik, haramlara qurşanacağıq, Allah bilir...
*** ***
Bu nahaqq dünyada hələ də yaşayan insanın, o cümlədən Azərbaycan vətəndaşının ən böyük yazıqlıqlarından biri də, bilirsiz, nədir? Vətəni, xalqı uğrunda həlak olmuş insanların şəhidliyindən öz nəfsani istəkləri üçün sui-istifadə etmək... Söhbət yalnız bir şəhidin adına yalançı profil açıb para yığmaqdan getmir... Bu, hələ yüngül günah və cinayətdir. Belə işlərin üstü tez açılır və hüquq-mühafizə orqanları tərəfindən bu cür saxtakarlıq edənlər cəzalandırılır... Dərd ondadır ki, biri kənd, qəsəbə, şəhər, rayon, nazirlik, ölkə səviyyəsində 44 günlük savaşdan öncə də, indi də tutduğu vəzifədən, postdan, saxtakarlıqla əldə etdiyi deputat
mandatından yararlanaraq rüşvətxorluq və korrupsiya ilə məşğul olur, yeraltı-yerüstü sərvətlərimizi talayır, amma... Amma rəsmi və qeyri-rəsmi çıxışlarında Vətəndən, Qarabağdan, Aprel döyüşlərindən, 44 günlük savaşdakı qələbəmizdən dəm vurur və mütəmadi olaraq “huri-mələk” maskasını taxıb şəhidlərin məzarlarını ziyarət edir, şəhid və qazi ailələrinə baş çəkir, hətta onlara yardımlar da edir. Yəni anladığınız kimi, bu dırnaqarası “vətənpərvər”lər “humanist” davranış və jestlərlə özlərini reklam edib kəndlərə, şəhərlərə, ölkəyə, dövlətə, xalqa qarşı etdikləri cinayətləri, xəyanətləri pərdələməyə çalışırlar... Belə vəzifə, biznes sahiblərinin əsas iki niyyəti var: Birincisi, öz ağır günah və cinayətlərini şəhidlərin, qazilərin sayəsində əldə etdiyimiz qələbənin kölgəsində gizlətmək, ikincisi, yaşadıqları, işlədikləri rayonda, şəhərdə və ya ümumiyyətlə, ölkədəki, cəmiyyətdəki dırnaqarası “məşhur”luqlarını daha da artıraraq bu pərdə altında öz cinayətlərini, haram yeyintilərini, korrupsiya və rüşvətxorluqlarını davam etdirmək...
*** ***
Vay o haldan ki, kimsə, hansısa sakin, vətəndaş, siyasi partiya üzvü, yaxud jurnalist artıq haqsızlığa dözməyib belə “şöhrətli” məmur, müəssisə rəhbəri, müdir, icra başçısı, nazir, deputat, iş adamı və s. haqda hansısa bir gerçəyi, faktı deyə, yaza... O saat özü də, qulbeçələri də inkubator cücələr kimi əzbərlədikləri standart cümlələri təkrarlamağa başalayacaqlar: “Bütün el-oba, rayon(ölkə, xalq) bilir ki, Filankəs müəllim Ali Baş Komandanımıza, Prezidentimizə, dövlətçiliyimizə sadiq bir vəzifə (iş )sahibidir. O, daim xalqımız, dövlətimiz, vətənimiz üçün əlindən gələni edib. Onun haqqında bu sözləri deyənlər, yazanlar Filankəs müəllimi ləkələmək, xalqın gözündən salmaq məqsədi güdür. Belələri müzəffər Ali Baş Komandanımızın başçılığıyla 44 günlük savaşda qazandığımız qələbəmizə kölgə salmağa çalışan daxildəki və xaricdəki məkrli, düşmən qara qüvvələrə xidmət edirlər”...
Və məsələ bununla bitmir. “Prezidentə, dövlətçiliyə sadiq” kimi təqdim edilən bu ağeyi-bəndələr hüquq-mühafizə və digər orqanlardakı adamları vasitəsilə, yaxud başçı, nazir olduqları halda bilavasitə öz göstərişlərinə əsasən özləri haqda haqqı deyən haqlı vətəndaşların bütün həyatını, nəslini, bütün işlərini araşdırıb onları hansı yollasa, şantajla, yaxud qondarma cinayət maddəsi ilə cəzalandırmağa həbs etdirməyə çalışırlar... Bunu görən digər qohum-əqrəba, dost-tanış da dinmir ki, ayə, susun, bizi də tutdurarlar...
*** ***
Bir yanlarını özləri kimi daha böyük şərbəndələrin gölgəsində gizlədib, digər yanlarını da 44 günlük savaşımızdakı şəhidlərimizin, qələbəmizin kölgəsində gizlətməyə çalışan cinayətkarlar haqqı deyən hansısa kasıb bir vətəndaşı, illərlə, on illərlə kirayələrdə, yataqxanalarda yaşayan jurnalistləri, qələm sahiblərini, yaxud həyatda rastlaşdığı haqsızlıqlar, rüşvətxorluq, korrupsiya faktları, özbaşınalıqlar və s. ucbatından səmimi olaraq, rəhbərinin niyyətinin xalis olub-olmamasını düşünmədən hansısa partiyaya, siyasi hərəkata sığınmış yoxsul, kimsəsiz gəncləri, o cümlədən Qarabağ qazilərini qələbəmizə kölgə salmaqda suçlayırlar...
*** ***
Ay yoldaşlar, bəylər, əfəndilər, xanımlar, madmazellər, Qələbəmizə, uğurlarımıza ən böyük kölgə salan haqqını tələb edən kasıb-kusub fəhlə, kəndli, illərlə, on illərlə kirayələrdə, yataqxanalarda yaşayan jurnalistləri, qələm sahiblərini, yaxud həyatda rastlaşdığı haqsızlıqlar, rüşvətxorluq, korrupsiya faktları, özbaşınalıqlar və s. ucbatından səmimi olaraq hansısa partiyaya, siyasi hərəkata sığınmış yoxsul, kimsəsiz gənclər, qazilər deyil. Bilirsiz, kimlər, nələrdir qələbəmizə, xaricdəki və daxildəki uğurlarımıza kölgə salanlar? Son illərdəki mediada, telekanallarda, xəbərlərdə görünən mübarizəyə, həbslərə, işdən azadetmələrə, qovulmalara rəğmən ölkəni talamaqdan əl çəkməyən rüşvətxor və korrupsionerlər... Onların Azərbaycanda və xaricdəki villa və malikanələri, göydələnləri, həmin villalarda, London, Sürix, Nyu-York və s. banklarda tayaladıqları dollar, avro bağlamaları, dənizlərdə, okeanlarda üzən yaxtaları, məmləkətdə və qürbətdəki otelləri, istirahət mərkəzləri, zavodları və s....
*** ***
Qələbəmizdə, uğurlarımıza əsl kölgə salanlar, düşmənlərin dəyirmanına su tökənlər var-dövlət, ev, maşın, vəzifə, kürsü xatirinə öz vətəndaşına qənim kəsilənlər, şəxsi, ailə, tayfa, qrup mənafeləri naminə əsas ərzaq məhsullarının, texnika və məişət mallarının, avtomobillərin xaricdən gətirilməsini, xaricə aparılmasını, gömrükdən keçirilməsini, satılmasını və s. öz monopoliyalarını alanlar, bütün ölkəni yararsız, zərərli ərzaq, içki, dərman vasitələrinə bürüyənlər, öz soydaşlarına, əsgərlərinə, zabitlərinə misli görünməmiş işgəncə, əzab verilməsinə hazır olanlardır...
*** ***
Kimlərinsə, illah da özü də nəslinin bir nümayəndəsi belə, ön cəbhədə 44 günlük savaşa qatılmamış kəslərin, həmin savaşdakı qələbəmizi əlində qalxan edib haqlının, məzlumun üzərinə yeriməyə, onları əzməyə, tutduğu vəzifədən, postdan, əlindəki sərmayələrdən yararlanaraq xalq üçün işıq gələn yerə barmaq tıxamağa, insanların maddi durumunun daha da pisləşməsi üçün müxtəlif iqtisadi, maliyyə manipulyasiyaları etməyə haqqı yoxdur...
*** ***
Qələbəmizə kölgə salanlar öz kölgəsindən qorxub başqalarının kölgəsinə sığınıb özlərindən güclü yeyinti, korrupsiya, monopoliya rəqiblərinin kölgəsini qılınclayanlardır...
Amma atalar yaxşı deyib ki, kölgədə olanın kölgəsi, kölgədə bitən ağacın meyvəsi olmaz... Meyvəsi olmayan, əksinə, boş yerə havamızı, suyumuzu, yeraltı, yerüstü sərvətlərimizi sümürən meyvə ağacları isə bizə, xalqımıza lazım deyil...
Hələ Laçın dəhlizində, Qarabağda, Xocalıda, Xankəndində yarımçıq işlərimiz var, Türkiyəli qardaşlarımızın dəstəyi ilə onları da bitirək, ondan sonra bu yararsız, ziyankar ağacların da işinə baxarıq...
Sultan Laçın