Bizi sosial şəbəkələrdən izləyin:
“Son günlər Ermənistan Azərbaycan sərhədində baş verən təxribatların əsl səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. 44 günlük müharibədə ağır məğlubiyyətə uğramasına, kapitulyasiya bəyanatına imza atmasına rəğmən Ermənistan müxtəlif bəhanələrlə təmas nöqtələrində qarşıdurma, təxribat törətməklə hələ də ordusunun varlığını sübut etməyə çalışır. Amma hər dəfəsində nəticələrinə qatlanmış olur, itki verir, mövqe itirir. Bu dəfə də baş verənlər aprel döyüşlərindən, Tovuz hadisələrindən fərqlənmədi. Məqsəd yenə də dövlət sərhədinin bu istiqamətindəki yüksəkliklərini ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək idi. Amma erməni silahlı qüvvələrinin başlatmaq istədikləri əməliyyatlar fiaskoya uğradı”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, müharibə bitəndən sonra erməni təxribatlarının olacağını təxmin etmək o qədər də çətin deyildi: “Diqqət edin, Azərbaycan Zəfər gününü qeyd edir, bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfər edir. Eyni anda xəbər yayılır ki, Prezidentin keçəcəyi yolda təxribat törətmək istəyən 4 erməni zərərsizləşdirilib. Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə yaşayan ermənilərin yaydığı xəbərdə guya həmin şəxslərin su borusunu təmir etmək üçün hadisə baş verən yerdə olmaları öz təsdiqini tapmayıb. Daha sonra Laçın rayon ərazisindəki Qaragöl ətrafında baş verən erməni təxribatları, 60 hərbçidən ibarət erməni silahlı birləşmələrinin mövqelərini yaxşılaşdırmaq, yeni ərazilər ələ keçirmək məqsədilə əməliyyat keçirmək cəhdləri diqqətdən yayınmamalıdır. Əslində bütün bu addımlar vəziyyəti gərginləşdirmək, üçtərəfli görüşün baş tutmasını əngəlləmək və nəticədə Ermənistan, Azərbaycan və Rusiya arasında 10 noyabr 2020-ci ildə imzalanan bəyannamənin şərtlərini pozmaq üçün atıldı. Dünən isə Azərbaycan Ordusunun sərhəddə keçirdiyi əks həmlə əməliyyatı bütün bu təxribatları və avantüranı iflasa uğratdı, revanşist qüvvələrin cavabını verdi və bir daha göstərdi ki, Azərbaycan regional təhlükəsizliy təmin edən ölkədir”.
A.Hüseynov beynəlxalq ictimaiyyətin reaksiyasına diqqət çəkərək qeyd edib ki, Azərbaycan tərəfi baş verən hadisələr barədə beynəlxalq qurumları, o cümlədən regional və dünyanın aparıcı dövlətlərini dərhal məlumatlandırdı: “Cavab da özünü çox gözlətmədi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevə zəngini, ABŞ, Rusiya, Fransa, İtaliya və digər ölkələrin bəyanatlarını hadisədən narahatlıq kimi qəbul etmək lazımdır. Ermənistanın hərbi-siyasi rəhbərliyindən, revanşistlərdən fərqli olaraq dünyanın aparıcı dövlət və tanınmış təşkilatları hadisələrin bu istiqamətdə inkişaf etməsindən çox narahatdırlar, sərhədlərin demarkasiyası və delimitasiyası üçün tərəflərin bir masaya oturmalarını istəyirlər. Əslində həmin təşkilatların və dövlətlərin mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Azərbaycan artıq uzun müddətdir ki, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin bağlanması təşəbbüsü ilə çıxış edir, Ermənistan isə bu çağırışlara reaksiya vermir. Bir məsələni də qeyd etmək yerinə düşər, bütün baş verənlər Ermənistanda hakimiyyətsizliyin hökm sürdüyünə işarə vurur. Karapetyanın müdafiə naziri təyin edildiyi günü yadımıza salaq. Həmin vaxt Ermənistan müdafiə nazirliyinin Baş qərargahındakı 30-a yaxın general Paşinyana qarşı üsyan qaldırdı, yeni naziri qəbul etmək istəmədiklərini bildirdilər. Karapetyanın nazirlikdə apardığı təmizləmə əməliyyatı isə ziddiyyəti bir az da dərinləşdi. Bu gün Müdafiə nazirliyi ilə hərbi birliklər münaqişə vəziyyətindədirlər. Yuxarıdan gələn əmrlər icra olunmur. Belə bir şəraitdə Paşinyanın timsalında siyasi rəhbərliyin keçmiş hakimiyyətdən qalma generalların da daxil olduğu üsyankar hərbi rəhbərliyi ram edəcəyi bir az mümkünsüz görünür. Məhz bu səbəblər Ermənistanın indiki rəhbərliyinin vəziyyətə nəzarət etmək imkanlarını azaldır və nəticədə məğlub olduğu Azərbaycanla müharibəyə yenidən sövq edilir”.