Yanvarın əvvəlindən fransız şirkətləri “Rafale” qırıcısını aktiv şəkildə sınaqdan keçirir. Şirkət Hindistanın aviadaşıyıcı gəmilərindən havaya qalxarkən təyyarənin yüklənməsinə məhdudiyyətlər qoymağa çalışır. Fransız gəmisi “Şarl de Qoll”dan fərqli olaraq, onlar (Hindistan Hərbi Dəniz Qüvvələrinin avaidaşıyıcıları) elektromaqnit katapultla deyil, tramplinlərlə təchiz olunublar.
Sınaqları həyata keçirən “Dassault Aviation” şirkəti bu barədə çox məlumat vermir. Bununla belə, “Rafale” təyyarəsinin sınaq tramplinindən havaya qalxmasının fotoları mövcuddur. Tramplindən havaya qalxarkən təyyarənin daşıma qabiliyyəti çox da fərqlənməyəcək.
4-cü nəsilə aid Fransız qırıcısının gövdəsinin altında hər biri 2 min litr həcmə malik iki yanacaq çəni, iki orta mənzilli “Mica” raketi, iki özünümüdafiə “Mica” raketi və bir AM-39 “Exocet” gəmi əleyhinə raket quraşdırılıb. Hindistana verləcək qırıcının konfiqurasiyası “Şarl de Qoll”dan uçuşlar zamanı istifadə edilən standart konfiqurasiya ilə müqayisə edilə biləcək səviyyədədir.
Tramplindən havaya qalxan “Rafale” göyərtə qırıcıları 5,5 ton faydalı yük daşıya biləcək, buna görə də onun maksimum uçuş kütləsi 20-21 tona çatacaq. Qırıcının uçuş məsafəsi təxminən 1000 km olacaq, bu isə Hindistan kimi böyük əraziyə malik ölkə üçün optimal göstərici deyil.
Hindistanın əsas rəqibi olan Çinin J-15 göyərtə qırıcısı isə 27 ton kütləyə və 10 ton faydalı yükə malikdir. Bu daha çox yanacaq sərfiyyatına səbəb olsa da, faydalı yük baxımından Çinin Hindistan üzərində iki dəfə artıq döyüş imkanını təmin edir.
Çin fasiləsiz olaraq yeni təyyarələrin yaradılması üzərində fəal işləyir. Bu sahədə Pakistan ilə əməkdaşlıq da edilir. Son illərdə Çin və Pakistan həqiqətən aviasiya vasitələrinin istehsalı sahəsində güclü nailiyyətlər əldə edib. Əvvəllər Çin əsasən xarici silahların surətini çıxarmaqla məşğul olurdusa, bu gün Çin özü ən yüksək səviyyəli texnologiya yaratmaq və istehsal etmək iqtidarındadır. Bu Çinin strateji müttəfiqi olan qardaş Pakistana da təsirsiz ötüşmür.
2019-cu ildə nümayiş etdirilən Çinin 5-ci nəsil “Shenyang J-31” qırıcısı artıq sınaqlarını tamamlamaq üzrədir. Digər 5-ci nəsil “Chengdu J-20” qırıcıları isə Çin Xalq Azadlıq Ordusunun HHQ-si tərəfindən aktiv istismar edilir. Son bir neçə ildir ki, Çin təyyarə istehsalçısı “Xi'an Aircraft Industrial Corporation” (Xian Təyyarə Sənaye Korporasiyası) perspektivli və 5-ci nəsil H-20 strateji bombardmançı təyyarəsini də hazırlayır. Hindistan isə 4-cü nəsil göyərtə qırıcısını əldə etmək üçün hələ də Parisdə növbəsini gözləyir.
Nəzərə alsaq ki, Çin kəm göyərtə qırıcılarını, 5-ci nəsil qırıcı və bombardmançıları həm yerli müəssisələrdə, həm daha çox sayda istehsal edir və onları modernləşdirmək imkanına da malikdir, o zaman indiyə qədər rus aviasiya vasitələrinə üstünlük verən Hindistanın əldə etməyə çalışdığı 36 ədəd 4-cü nəsil “Rafale” qırıcılarının Çin ilə aviasiya balansını Dehlinin xeyrinə dəyişməsi mümkünsüzdür.
Ədalət Verdiyev, hərbi ekspert