Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi atmosfer daha da gərginləşir və xarici faktorlar yenidən gündəmin ön sırasına çıxır. Paşinyanın Rusiya ilə münasibətlər və mümkün razılaşmalarla bağlı açıqlamaları isə ölkənin xarici siyasət xətti ətrafında yeni suallar doğurur.
Maraqlıdır, son illərdə Moskva ilə münasibətlərdə görünməmiş gərginlik yaradan Paşinyanın indi Putinlə "bütün problemləri həll etmək" barədə razılıq əldə etdiyini açıqlaması Ermənistanın xarici siyasət kursunda dönüşün anonsudur, yoxsa seçkilər ərəfəsində Kremlin mümkün təsirlərini neytrallaşdırmağa yönəlmiş siyasi manevrdir?
Mövzu ilə bağlı Moderator.az-a Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev açıqlama verib.
Deputat bildirib ki, bir neçə gün sonra Ermənistanda parlament seçkiləri keçiriləcək və bu seçkilərdə Rusiyanın müxtəlif təsir mexanizmlərindən istifadə etməsi açıq şəkildə görünür:
"Əsas məqam ondan ibarətdir ki, bu təsir həm siyasi, həm iqtisadi, hətta müəyyən mənada hərbi aspektləri də əhatə edir. Lavrovun və Medvedevin verdiyi bəyanatlar, onların Ukrayna ilə bağlı müqayisələri və gələcəkdə bu proseslərin daha da kəskin xarakter ala biləcəyi məsələsi gündəmdədir. Siyasi müstəvidə məlumdur ki, müxtəlif vasitələrlə Rusiyaya yaxın hesab olunan şəxslərin — Karapetyanın hakimiyyətə gətirilməsi, eyni zamanda Koçaryanın siyasi proseslərdə önə çıxarılması istiqamətində Moskvanın ciddi addımlar atdığı iddia olunur. Bunun qarşısını almaq məqsədilə əvvəllər kilsədən də istifadə edildiyi bildirilir, lakin sonradan bu təsir imkanlarının məhdudlaşdırıldığı və Karapetyanın mənzil qərargahında axtarışlar aparıldığı qeyd olunur. Ermənistan blokunun qərargahlarında da axtarışlar və həbslərin olduğu bildirilir.
Paşinyan hökumətinin bu istiqamətdə müxtəlif addımlar atdığı vurğulanır. Avropa və Rusiya münasibətlərinə gəldikdə isə, Avropa İttifaqının vizasız gediş-gəliş üçün külli miqdarda vəsait ayırdığı və Rusiyanın bu və digər vasitələrlə öz nüfuzunu azaltmağa çalışdığı qeyd olunur. Eyni zamanda Rusiya tərəfindən spirtli içkilərin idxalı, suyun idxalı və digər kənd təsərrüfatı məhsullarının qarşılıqlı dövriyyəsinin məhdudlaşdırıldığı, Ermənistana müxtəlif malların göndərilməsinə qadağalar qoyulduğu bildirilir. Bununla yanaşı, Rusiyanın Avrasiya İqtisadi İttifaqından uzaqlaşmamaq üçün Ermənistan üzərində təzyiqlər göstərdiyi, müraciətlər etdiyi və konkret vaxt çərçivəsi müəyyənləşdirdiyi iddia olunur. Həmin çərçivədə Ermənistanın ya Avropa İttifaqını, ya da Avrasiya İqtisadi qurumunu seçməsi tələb olunur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan bəzi dövlətlərin də bu istiqamətdə müraciətlər və tapşırıqlar verdiyi bildirilir".
Millət vəkili vurğulayıb ki, bu proseslərin əsasən siyasi və iqtisadi təsir xarakteri daşıdığı qeyd olunur:
"Hərbi məsələlər də bu kontekstdə müzakirə edilir. Daxildə isə prosesləri müxtəlif üsullarla nəzarətdə saxlamaq üçün Rusiyanın öz təsir dairəsində olan şəxslərdən istifadə etdiyi iddia olunur. Ermənistanda seçkilər zamanı daxili siyasi rəqabət fonunda Kremlin amilinin hər zaman nəzərə alındığı bildirilir. Paşinyanın da bu reallığı başa düşərək, balanslı yanaşma sərgilədiyi və Kremlin mümkün təzyiq və müdaxilə imkanlarını nəzərə aldığı qeyd olunur.
Hazırkı vəziyyətdə əsas məqam ondan ibarətdir ki, Rusiya ilə NATO-nun sərhəd xətti Türkiyə–Ermənistan sərhədi kimi qiymətləndirilir.
Moskvanın məqsədinin sərhədin açılmasını gecikdirmək və Ermənistanın Rusiyadan asılı vəziyyətdə qalmasını təmin etmək olduğu bildirilir. Nəticə etibarilə, hazırkı mərhələdə Ermənistanın Rusiyaya tam geri dönüşü baş verməyib və Qərb kursundan imtina etməsi də inandırıcı görünmür. Paşinyan isə daha çox balans siyasəti yürütməyə çalışır və hər hansı bir problemi kəskin şəkildə qabartmamağa üstünlük verir. O, Moskva ilə münasibətləri normal saxlamaqla yanaşı, eyni zamanda Avropa istiqamətini də qorumağa çalışır. ABŞ-nın yüksək səviyyəli nümayəndələrinin Ermənistana səfərləri və Zəngəzur dəhlizi məsələsinin gündəmə gətirilməsi də bunun bariz nümunəsi kimi göstərilir. Əsas məqam ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından sonra gələcəkdə bir sıra məsələlərin həllində Ermənistanın mövqeyi Rusiyanı qane etmir".
Arzu Nağıyev fikirlərinə onu da əlavə edib ki, bu siyasətin mahiyyəti isə ondan ibarətdir ki, Rusiya öz mövqeyini qorumağa və eyni zamanda sığortalamağa çalışır:
"Moskva ilə İrəvan arasında son illərdə müşahidə olunan gərginlik də bu çərçivədə dəyərləndirilir. Ermənistanın Avropa kursundan imtina etməsinin inandırıcı olmadığı, eyni zamanda Paşinyanın seçkilər öncəsi Rusiyaya qarşı açıq qarşıdurmanı azaltmağa çalışdığı qeyd olunur. O, verilən suallara elə cavablar verir ki, bu, ikitərəfli və balanslı yanaşma təsiri yaratsın. Bir qütbdən digərinə keçid əvəzinə balans siyasətinin davam etdirilməsi daha real görünür. Əsas məsələ isə ondan ibarətdir ki, Rusiyanın dəstəklədiyi şəxslərin bir hissəsinin revanşist ideyalarla çıxış etdiyi bildirilir. Ermənistan ictimaiyyəti də bunu görür.
Hesab olunur ki, Paşinyanın əsas siyasi üstünlüyü də məhz bununla bağlıdır. Ermənistan cəmiyyətinin artıq öz övladlarının müharibələrdə həlak olmasını istəməməsi. Paşinyanın Putinlə görüşlərdə Ermənistan xəritəsi ilə bağlı simvolik nişan daşıdığı və bunun “Qarabağsız Ermənistan” mesajı kimi təqdim edildiyi qeyd olunur. Bu yanaşmaya əsasən, Ermənistanın ərazi bütövlüyü çərçivəsində seçkilərin keçirildiyi, Qarabağ məsələsinin isə artıq Ermənistanın daxili siyasi gündəmi ilə birbaşa bağlı olmadığı vurğulanır. Qarabağın Azərbaycan ərazisi olduğu məsələsi də bu kontekstdə əsas mövzulardan biri kimi təqdim edilir".
Pərvin Şakirqızı