İlham Əliyevdən tarixi xatırlatma: Güclü iqtisadiyyat güclü ordunun təməlidir!
Ekskluziv
178
19:54, Bu gün

İlham Əliyevdən tarixi xatırlatma: Güclü iqtisadiyyat güclü ordunun təməlidir!

Azərbaycanda nizami ordunun, mərkəzləşmiş komandanlıq sisteminin formalaşmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu hər kəsə məlumdur. Məhz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə bütün qanunsuz silahlı dəstələr, hərbi birləşmələr ləğv edilib, bunun əvəzində vahid ordu və komandanlıq yaradılıb.

Yada salaq ki, Heydər Əliyevin hakimiyyəti dönəmində yenicə müstəqilliyini əldə edən Azərbaycan bütün müstəvilərdə olduğu kimi maliyyə-iqtisadi baxımdan da ciddi çətinliklərlə üzləşmişdir. Lakin buna baxmayaraq, Ulu Öndər Azərbaycan Silahlı Qüvvələrini vahid güc mərkəzi kimi formalaşdıra, onun peşəkar kadrlarla, silah-sursatla bəlli bir səviyyədə təmin edə bilmişdir. Fəqət Azərbaycan Ordusunun qabaqcıl dövlətlərin orduları səviyyəsinə yüksəlməsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır.

Əsası Ulu Öndər tərəfindən qoyulan yeni neft strategiyası və iqtisadi islahatlar hesabına dövlət büdcəsinə böyük vəsaitlərin daxil olmasını təmin edən Prezident İlham Əliyev, Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının tamamilə yeilənməsinə nail olub. Prezident İlham Əliyevin formalaşdırdığı yeni ordu 2020-ci ildə 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub edərək işğaldakı torpaqlarımızın azadlığını təmin edib. Hansı ki, ordumuzun gücləndirilməsi, onun müasir silah-sursatla təchizatı, peşəkar kadrlarla təminatı güclü iqtisadiyyat, böyük maliyyə vəsaitləri hesabına reallaşıb. Bu gerçəklik Prezident İlham Əliyev tərəfindən iyunun 1-də Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimindəki çıxışında bir kəs daha qeyd olunub. Dövlət başçısı məlum çıxışında deyib:

“Biz demək olar ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı”. (https://president.az/az/articles/view/72619 ).

Prezident İlham Əliyev bu çıxışında iki çox mühüm həqiqətə diqqət çəkir. Bunlardan biri qələbələrin yalnız pul və silah hesabına qazanılmadığı gerçəyidir. Doğrudan da, dünya hərb tarixi sübut edir ki, bütün böyük qələbələr yüksək döyüş əzmi, mübarizə ruhu və sarsılmaz iradə sayəsində qazanılıb.

İkinci mühüm həqiqət isə güclü ordunun formalaşmasında ciddi maliyyə faktorunun zəruriliyi amilidir. Pul faktoru hər zaman güclü ordunun yaradılması məsələsində əsas meyar olub, ordu quruculuğu prosesinə bilavasitə təsir göstərib. Bunun ən bariz nümunəsi Azərbaycan Silahlı Qüvvələridir. Ötən əsrin 90-cı illərinin əvvəllərində ən zəruri tələbatın belə qarşılamaqda çətinlik çəkən Azərbaycan Ordusu, sonrakı dönəmdə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin sayəsində dünyanın ən müasir ordularından biri səviyyəsinə yüksəlib, bu gün də öz gücü, peşəkarlığı, təchizat sistemi ilə dünyanı heyrətləndirməkdədir. Bu fakt bir daha sübut edir ki, güclü iqtisadiyyat güclü ordunun təməlidir və bu həqiqət bundan sonra da öz sarsılmazlığını qoruyub saxlayacaq.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər