Dünya
319
19:45, Bu gün

"Putinə təzyiq artır: Moskva müharibəni dayandırmağa məcbur qala bilər?" - "The Washington Post"

"Rusiya həm cəbhədə, həm də iqtisadiyyatda artan çətinliklərlə üz-üzədir..."

Rusiyanın Ukraynada qarşıya qoyduğu əsas hərbi məqsədlərə hələ də nail ola bilməməsi fonunda Kreml getdikcə daha mürəkkəb vəziyyətə düşür.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "The Washington Post" nəşri yazıb.

Putin çıxış yolu axtarır

Nəşrin yazdığına görə, cəbhədəki durğunluq, maliyyə problemləri və Ukraynanın uzaqmənzilli zərbələrinin artması Vladimir Putinə əlavə təzyiq yaradır. Rusiya daxilində müharibənin dayandırılması ilə bağlı çağırışlar da güclənir. Cəbhədə irəliləyişin zəifləməsi və iqtisadi resursların tükənməsi Kremlin narahatlığını artırır.

Bu şəraitdə Moskva həm Kiyevi yeni hücumlarla hədələyir, həm də Avropanı Ukraynaya dəstəyə görə ittiham edir. Avropalı rəsmilərin fikrincə, Rusiyanın sərt ritorikası ölkədaxili problemlərlə bağlıdır və Kreml öz şərtləri ilə danışıqlara başlamağa çalışa bilər.

"Müharibə artıq bərabər rəqiblər arasında gedir"

Məqalədə rusiyalı ekspert Vasili Kaşinin fikirlərinə də yer verilib. O bildirib ki, Qərbin davamlı yardımı sayəsində Rusiya artıq hərbi texnologiyalar və silahlanma xərclərində Ukrayna üzərində əvvəlki üstünlüyünü qoruya bilmir.

Ekspert hesab edir ki, hazırkı müharibə təxminən bərabər gücə malik tərəflər arasında gedir və belə münaqişələr nadir hallarda tərəflərdən birinin tam məğlubiyyəti ilə başa çatır. Onun fikrincə, Ukraynanın tam işğalı olmadan Moskvanın bəzi siyasi məqsədlərinə nail olması real görünmür.

İqtisadi problemlər və səfərbərlik dilemması

Nəşr qeyd edir ki, Ukraynanın Rusiya logistikasına endirdiyi zərbələr Moskvanın yay hücum planlarını çətinləşdirir. Eyni zamanda, hərbi xərclərin artması iqtisadiyyata əlavə yük yaradır və büdcə kəsirinin böyüməsi gözlənilir. Digər problem isə canlı qüvvə çatışmazlığıdır. Bəzi avropalı rəsmilər hesab edirlər ki, Moskva parlament seçkilərindən sonra yeni səfərbərlik elan etməyə məcbur qala bilər. 

Digər ekspertlər isə Kremlin yeni çağırış dalğası əvəzinə müharibəni müəyyən müddətə dondurmağa üstünlük verəcəyini düşünürlər. Onların qənaətinə görə, müharibənin indiki formatda davam etdirilməsi Rusiya üçün uzunmüddətli perspektivdə davamlı görünmür və bu, gələcək danışıqlara təkan verə bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər