Siyasət
154
14:56, Bu gün

"Dövlət vətəndaşları evinin tam hüquqlu sahibinə, mülkiyyətçisinə çevirir...” - Zahid Oruc

Müzakirəyə çıxarılan yeni qanun layihəsi Vətən müharibəsində Qələbəmizin birbaşa nəticəsi, məcburi köçkün vətəndaşlarımızın hüquqlarının bütövləşməsi və vahidləşməsini təmin edən yeni qanunvericilik siyasətidir. Milli Məclisin müstəqillikdən keçən 35 il ərzində qəbul etdiyi qaçqınlıq və köçkünlük aktları artıq tarixə qovuşur, yeni  Böyük Qayıdış qanunları yazılır. Parlament həyatında müstəsna yer tutan hazırki akt gələcəkdə millətimizin və dövlətimizin tarixində şanlı səhifəyə çevriləcəkdir. Çünki Böyük Qayıdış qanunları məğlubiyyət, işğal və köçkünlük dövrünün bitdiyini, qalib Yüz İlin başlandığını göstərən əsas milli ideyadır.
 
1990-cı illərin əvvəllərində Azərbaycan torpaqları işğal altına düşəndə yüz minlərlə azərbaycanlılar öz doğma yurdlarından, kəndlərindən, şəhərlərindən və evlərindən didərgin düşdülər. Lakin heç vaxt inamlarını sona qədər itirmədilər: biz qayıdacağıq dedilər.
 
İndi isə həmin tarixi qayıdışın hüquqi əsasları yaradılır. Fiziki və mənəvi qayıdış artıq başlayıb, insanlar doğma torpaqlarına dönürlər. Qanun layihəsi  dövlət siyasətinin yeni hüquqi mərhələsini təşkil edir-məcburi köçünlükdən yeni statusa keçid baş verir.
 
Dünyada qaçqınlıq və məcburi köçkünlük problemi hazırda bəşəriyyətin ən ağır humanitar  böhranlarından biridir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına görə, dünyada məcburi köçkün, qaçqın və sığınacaq axtaran insanların sayı 123 milyon nəfər təşkil edir. Son 50 ildə doğma torpaqlarına qayıdış hadisələri az sayda mövcud olsa da, daimi və könüllü əsasda dövlətin siyasi iradəsi və xalqın inamı ilə baş verən tək Azərbaycan nümunəsidir.
 
Dünyada on illərlə çadır düşərgələrində, müvəqqəti yaşayış yerlərində insanlar doğulur, böyüyür, qocalır və bəzən doğma yurdlarını görmədən həyatdan köçürlər.
 
Tarixdə çox xalqlar öz torpaqlarından qovulub, lakin geri dönə bilməyiblər. Azərbaycan xalqı isə fərqli taleyə sahib oldu. Bir əsrdə dörd dəfə deportasiya və qaçqınlıq yaşayan xalq ilk dəfədir ki, dövlətin gücü, ordumuzun qələbəsi və millətimizin iradəsi hesabına öz yurdlarına kütləvi şəkildə qayıdır. Nəticədə, Böyük Qayıdış yalnız Azərbaycanın deyil, dünya tarixinin mühüm hadisələrindən biridir.
 
Qanun layihəsinin mahiyyətini düzgün izah etmək Böyük Vətən quruculuğunun yeni ideoloji təməllərini və hədəflərini möhkəm əsaslar üzərində qurmaq deməkdir.  Dövlət məcburi köçkün statusunu ləğv etmir, torpaqlarından və hüquqlarından məhrum edilən vətəndaşlarını doğma yurdlarının və evinin tam hüquqlu sahibinə, mülkiyyətçisinə çevirir. Hər bir azərbaycanlı üçün qürurlu hadisə iki yüz illik qaçqınlıq və köçkünlük dalğasına son qoyulmasıdır. Göründüyü kimi,  iki hüquqi-siyasi anlayış bir-birindən tam fərqlidir. Statusun ləğvi hüquq itkisi kimi başa düşülə bilər. Lakin  layihənin  əsas ideyası və məqsədi tamamilə başqadır. Burada insan müvəqqəti statusdan daimi hüquqa, müvəqqəti məskunlaşmadan daimi mülkiyyət hüququna keçir. Dövlət himayəsindən evinin tam hüquqlu sahibi olur.
 
İndiyə qədər mövcud olan hüquqi çərçivədə məcburi köçkünlər dövlət tərəfindən verilən yaşayış sahələrindən müvəqqəti istifadə edirdilər. Qanunvericilikdə də normalar “müvəqqəti məskunlaşma”, “müvəqqəti fond”, “kirayə müqaviləsi” kimi anlayışlarla ifadə olunurdu.
 
Yeni qanunda isə “İşğaldan Azad Edilən Ərazilərdə Daimi Məskunlaşdırma Fondu” yaradılır. Ona görə də inidəyədk qüvvədə olan redaksiyada köçkünlərin hüquqlarını məhdudlaşdıran norma mövcud idi-onlara verilən mənzillər və evlər Xüsusi təyinatlı yaşayış fonduna aid idi və həmin sahələr özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməzdi. Yeni Qurumun yaradılmasının məqsədi ondan ibarətdir ki, vətəndaşa verilən yaşayış sahəsi artıq müvəqqəti deyil, daimi hüquqi əsas daşıyır. İnsan öz evinə qayıdır, açarını şəxsən prezidentdən təntənəli qəbul edir, kəndinin, qəsəbəsinin və evinin tam mülkiyyətçisinə çevrilir.
 
Göründüyü kimi, yeni tarixi qanun üç məsələni həll edir-birincisi, mülkiyyət hüququ, dövlət yaşayış yeri verməklə kifayətlənmir, vətəndaşın tam hüquqlu mülkiyyətçi kimi statusunu bərpa edir.
 
İkincisi, daimilik prinsipi. Qayıdış müvəqqəti yerləşmə yox, daimi və dayanıqlı məskunlaşmadır.  
 
Üçüncüsü, sosial müdafiənin davamlılığı. Məcburi köçkün statusundan sonra belə sosial müdafiə tədbirləri 3 il müddətində davam etdirilir. Yəni, dövlət vətəndaşı yeni mərhələdə də tək qoymur.
 
Qayıdış yalnız doğma yurdlarına dönən insanlara aid, yaxud müvafiq dövlət komitəsinin işi ilə məhdudlaşmır. Vətən müharibəsi kimi, Böyük qayıdış da bütöv millətimizə məxsus olan mühüm dövlətçilik hadisəsidir. Məcburi köçkün ailə məfhumunu tam hüquqlu vətəndaşlığın əvəzləməsi yeni dövlət və millət quruculuğudur. Möhtərəm cənab prezident bəyan etmişdi ki, biz yeni eraya, yeni dövrə və qalib yüz ilə daxil  oluruq. Ona görə də Qarabağın birləşdirici milli ideologiya kimi yüz illər oynadığı rolu indi yeni milli ideya  əvəzləyir- qayıdış təkcə torpaqlarına fiziki dönüş yox, milli varlığına və tarixinə, ənənələrinə, əcdadlarına, qan yaddaşına dönüşdür.
 
Ona görə az qala hər həftə həyata keçirilən  dönüş mərasimləri  məhdud və inzibati bir akt kimi yox, təntənəli və bütün hakimiyyət institutlarının, Vətən müharibəsi qəhrəmanlarının və ordu üzvlərinin iştirakı ilə dövlət tədbiri kimi, keçirilməsi və rəsmiləşdirilməsi vacibdir. Onun protokolunun və himninin yazılması arzu olunur. Hər bir ailənin evinə dönüşü zamanı dövlət nümayəndələrinin, parlament və cəmiyyətimizin nüfuzlu üzvlərinin iştirakı həm də mənəvi, siyasi və tarixi baxımdan vacibdir.
 
Ona görə də “Böyük Qayıdış Günü”nün təsis olunması da mühüm təkliflərdən biri kimi nəzərdən keçirilə bilər. İlk qayıdışın simvolik tarixi olan 19 iyul tarixinin  rəsmiləşdirilməsi yeni qalib siyasi təqvimin bir parçasına çevrilə və mühüm milli bayram olar. Belə bir gün həm qayıdan ailələr üçün mənəvi dayaq, həm gənc nəsil üçün tarixi yaddaş, həm də dünya üçün Azərbaycanın qürur salnaməsinə çevrilər.
 
Böyük Qayıdış qalib prezident İlham Əliyevin Yeni Vətən quruculuğu proqramıdır. İşğaldan azad olunan ərazilərdə aparılan quruculuq birbaşa dövlət başçısının siyasi  arxitektorluğudur.
 
Əgər XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti yalnız siyasi xəritəyə daxil olmuşdusa, Ulu öndər Heydər Əliyev müstəqil dövlətçiliyin əsaslarını yaratdı,  2020-ci ilin Zəfəri  və Böyük Qayıdış Azərbaycanın yeni Vətən quruculuğu mərhələsini formalaşdırır.
 
Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Azərbaycan qalib xalqın yeni əsrinə daxil olur. Əgər son 30 il torpaqların azadlığı uğrunda mübarizə dövrü idisə, qarşıdakı onilliklər həmin torpaqlarda həyatın, iqtisadiyyatın, mədəniyyətin qurulması dövrü olacaq.
 
Ona görə də hər şəhərin, kəndin, yaşayış məhəlləsinin, məktəbin, xəstəxananın, yolun, körpünün təməlqoyma və açılış mərasimlərində ölkə rəhbərinin iştirakı dövlətin öz xalqa verdiyi mesajdır: biz yurdumuzu birlikdə bərpa edirik.
 
Ona görə də azad torpaqlarda inşa edilən şəhər və kəndlərdə yerli memarlıq ənənələrinin qorunması vacibdir. Qarabağın kəndlərinin, qəsəbələrinin öz tikinti üslubu, öz həyat tərzi, öz məkan yaddaşı var.
 
Eyni zamanda, kənd təsərrüfatı, heyvandarlıq, bağçılıq və digər ənənəvi məşğulluq sahələri də nəzərə alınmalıdır. Qayıdış yalnız ev verməklə məhdudlaşmır, dolanışıq imkanlarının yaradılması, əmək ənənələrinin bərpası, iqtisadi və təsərrüfat aktivliyinin yaradılması ilə müəyyənləşir.
 
Ona görə evlərlə yanaşı, həyətyanı sahələr, heyvandarlıq və quşçuluq infrastrukturu,  anbarlar, təsərrüfat tikililəri, kənd klublarının da planlaşdırılması vacibdir. Kəndlinin evə dönüşü onun torpağa və əməyə qayıdışıdır.
 
Mümkün olan hallarda yerli sakinlərin tikinti, bərpa və xidmət sahələrinə cəlb olunması həm məşğulluq yaradar, həm də mülkiyyət hissini gücləndirər. İnsan yalnız ev almır -  o, öz ocağını qurduğunu hiss etməlidir.
 
Qarabağın yenidən qurulması böyük iqtisadi layihədir. Proses təkcə dövlət büdcəsinin vəsaitləri ilə deyil, həm də dövlət-özəl tərəfdaşlığı mexanizmləri ilə daha sürətli və davamlı şəkildə aparıla bilər.
 
Böyük Qayıdış sosial layihə, demoqrafik təhlükəsizlik məsələsidir. Sərhədlər yalnız hərbi hissələrlə deyil, yaşayan insanlarla qorunur. Məskunlaşan hər bir ailə dövlət sərhədlərinin canlı dayağına çevrilir.
 
İşğaldan azad edilmiş ərazilərdə tikinti sektoruna özəl şirkətlərin cəlb olunması üçün vergi güzəştləri, sadələşdirilmiş prosedurlar, güzəştli icarə və investisiya təşviqləri kimi mexanizmlər nəzərdən keçirilə bilər.
 
Qarabağda çalışan inşaatçılar, mühəndislər, elektriklər, su və qaz xətləri çəkən mütəxəssislər də xüsusi ehtirama layiqdirlər. Onlar əmək cəbhəsinin qəhrəmanlarıdır.
 
Təklif edirik ki, fədakarlıq dövlət tərəfindən görülməsi və qiymətləndirilməsi məqsədəuyğun olar. “Vətən quruculuğunda xidmətlərə görə” medalının təsis olunması mühüm ictimai və siyasi əhəmiyyətli qərar olardı. Qarabağın bərpasında çalışan inşaat briqadalarının əməyinin mənəvi və maddi qiymətləndirilməsi  dövlət quruculuğunun və siyasətinin əsasını təşkil edə bilər.
 
Qanun layihəsinin hüquqi mexanizmlərinə gəldikdə, burada bir neçə mühüm dəyişiklik nəzərdə tutulur.
 
Mənzil Məcəlləsinə edilən dəyişikliklə “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondu” yaradılır. Fonda daxil olan yaşayış sahələri vətəndaşlara artıq icarə müqaviləsi əsasında deyil, mülkiyyət hüququ əsasında veriləcək.
 
“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna edilən dəyişikliklə şəxs işğaldan azad edilən ərazidə əvvəlki yaşayış yerinin əvəzinə yeni yaşayış sahəsi aldıqda və ya  imkandan imtina etdikdə statusun itirilməsi hüquqi baxımdan dəqiq müəyyən olunur.
 
“Məcburi köçkünlərin sosial müdafiəsi haqqında” Qanuna edilən dəyişiklik isə sosial müdafiə tədbirlərinin 3 il müddətində davam etməsini dəqiqləşdirir. Bu müddətin hesablanması statusun itirildiyi gündən başlanacaq.
 
Keçid müddəaları da vacibdir. Qanun qüvvəyə minənədək artıq yeni ərazilərdə mənzil almış məcburi köçkünlər də təklif olunan hüquqi  imtiyazlardan yararlana biləcəklər. Yurd yaddaşını, sosial müdafiəni, iqtisadi inkişafı və milli bərpanı vahid hüquqi çərçivədə birləşdirir.
 
Otuz il ərzində dünyanın müxtəlif tribunalarından "qaçqınlar", "məcburi köçkünlər", "didərginlər" kimi təqdim olunan Azərbaycan vətəndaşları bu gündən etibarən yeni hüquqi kimlik qazanırlar. Onlar artıq yardım alan insanlar deyil, öz torpağının, evinin və gələcəyinin sahibi olan qalib xalqın nümayəndələridir.
 
Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu əsas insan hüquqlarından biri kimi təsbit edir. Qanun həmin konstitusion hüququ ən ağır tarixi sınaqlardan keçmiş insanlar üçün real həyata çevirir.
 
Böyük Qayıdış artıq Azərbaycan dövlətinin hüquqi, siyasi və mənəvi reallığına çevrilir.
 
Zahid Oruc, millət vəkili
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər