3 iyun tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvü olan 30-a yaxın sahibkarın iştirakı ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitet-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib.
Tədbirdən öncə sahibkarlar üçün UNEC-də infotur təşkil olunub. Onlar UNEC-in infrastrukturu, texniki və texnoloji laboratoriyaları, auditoriyaları, Dizayn Məktəbinin tələbələrinin əl işləri ilə yaxından tanış olublar.
Sonra universitet-biznes əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş görüş baş keçirilib.
Tədbirdə çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov universitetdə həyata keçirilən yeniliklərdən və gələcək hədəflərdən danışıb. Rektor həmçinin universitetlə iş dünyası arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı universitet və işəgötürənlərin qarşılıqlı tərəfdaşlığı şəraitində daha uğurla həyata keçirilə bilər.
İCMA-nın İdarə Heyətinin sədri və Marsol Groupun təsisçisi Tural Mustafayev təhsil sektoru ilə əməkdaşlığın biznes mühitinin inkişafındakı rolundan danışıb. O, tələbələrin təhsil müddətindən başlayaraq biznes dünyasına hazırlanmasını hədəfləyən, İCMA və Marsol Academy tərəfindən həyata keçirilən “Təhsildən Biznesə Karyera Yolu” layihəsi haqqında məlumat verib.
Görüş zamanı ali təhsil müəssisələri ilə biznes sektoru arasında əməkdaşlıq imkanları, tələbələrin peşəkar inkişafı və əmək bazarına inteqrasiyası istiqamətində fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum təhsil və biznes arasında əlaqələrin daha da gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, tələbələrin təcrübə və karyera imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur.









