“Atam əməliyyata girməzdən öncə mənə vəsiyyət etdi ki, başıma bir hadisə gəlsə...” - FOTO+ÖZƏL
296
10:36, Bu gün

“Atam əməliyyata girməzdən öncə mənə vəsiyyət etdi ki, başıma bir hadisə gəlsə...” - FOTO+ÖZƏL

Bu gün Xalq artisti, görkəmli sənətkar Mikayıl Mirzənin anım günüdür. Yoxluğundan 20 il ötsə də aktyor bu gün də yaddaşlardadır və daim tamaşaçılar tərəfindən xatırlanır. Aktyor sənətlə yanaşı siyasi fəaliyyəti ilə də daim diqqət mərkəzində olub, Azərbaycanın ictimai-siyasi həyatında da fəal rol oynayıb. O, iki çağırış 1995-2000-ci və 2000-2005-ci illərdə Milli Məclisin deputatı seçilib.
 
Xalq artistinin oğlu Mətin Mirzə Moderator.az-a açıqlamasında bildirib ki, xalq atasını daim yaşadır və ruhuna ehtiram bəsləyir:
 “Bu gün atam Mikayıl Mirzənin anım günüdür. Nə az, nə çox yoxluğundan 20 il keçir. Hərdən 20 illik ayrılıq rəqəmi məni qorxutsa da, ayrılığı hiss etmədim. Çünki xalqın sevgisində, dilində yaşayır. Hörmətlə hər məclisdə anılır. Onun son gününü belə xatırlayıram. Fikirli idi. Çox götür-qoy edirdi. Girim əməliyyata, ya girməyim? Lap Şekspirin Hamletindəki kimi. Ölüm ya olum? Nə isə görüləsi və üzərinə düşən işləri, planları var idi. Deyirdi ki, mən hələ dövlətçilik uğrunda ideoloji fəaliyyətimi tam başa vurmamışam. Qarşıda Prezident İlham Əliyevə mənəvi dəstəyim durur. Əgər başıma bir iş gələrsə, sən həyat fəaliyyətində bu işi davam et. Hər zaman dövlətin yanında ol. Bax ha, birdən səni azdırar bir sıra qara qəlbli, nə badə aldanasan. Ruhum bağışlamaz. Mənim dövlətçilik ruhum səndə davam etməlidir”.
 
O daha sonra əlavə edib:
“İtkiyə gəlincə, hər kəs gec-tez dünyadan köçür. Bunu dərk edəndə itkini də soyuqqanlı qarşılayırsan. Əsas odur ki, insan həyatı boyunca dəyərli yaşayıb faydalı işlər görsün. Hesab edirəm Mikayıl Mirzə aramızdadır, sadəcə uzaq səfərə çıxıb. Əgər bu günün özündə Mikayılın video lentləri, dövlətçilik ruhlu bədii qiraəti sosial şəbəkələrdə dinlənirsə, baxılırsa, xüsusən də 44 günlük Qarabağ savaşında, televiziyalar, sizin kimi gənc nəslin jurnalistləri onu yada salırlarsa, mən Mətin Mirzə xoşbəxt, Mikayılın ruhu isə şaddır. İllah da Ali Baş komandanımız cənab İlham Əliyev başda olmaqla, möhtəşəm Azərbaycan Ordusu və igid, cəsur Azərbaycan oğulları sayəsində Qarabağ savaşındakı Zəfərimiz onun ruhunu ikiqat şad edib. Çünki Vətənin bütövlüyü arzusu Mikayıl Mirzə qiraətinin başlıca qayəsi idi”.
 
Mətin Mirzə deyir ki, atasının sənət yolunu davam etdirən xeyli gənclər yetişib:
“Bizim bütün sahələrdə savadlı gənclərimiz yetişir. O cümlədən də sənət aləmində. Hər kəsdən dünyaya bir dənə gəlir. Hərənin öz dəsti-xətti olur. Şeir deyənlər də var, mahnı oxuyanlar da, rəssam olanlar da. Məncə hərə öz yeni üslubunu, özünü təqdim etməli, kiməsə özünü oxşatmamalıdır. O zaman həmin fərd qəbul edilir. İstedadlarımız var, olacaq, çünki xalqımız istedadlı, ədəbiyyatı sevən, mədəniyyəti təşviq edən, sənətkara qiymət verəndir. Prezidentimiz İlham Əliyev cənabları, həmçinin birinci vitse prezident Mehriban xanım Əliyevanın mədəniyyətimizə, mədəniyyət və elm xadimlərinə yüksək hörmət və qayğısı bunu bir daha sübut edir”.
 
Uzun müddətdir Azərbaycandan kənarda yaşayıb, çalışan Mətin Mirzə hazırda Bakıda olduğunu bildirib:
 
“Çoxdandır xidməti fəaliyyətimlə bağlı Bakıda deyildim, bir müddətdir buradayam və doyunca Bakının çox gözəl yerlərini ziyarət etdim, ruhum təzələndi. Gözəlləşən Bakımızla bir daha fəxr etdim. Ona görə də 28 May Müstəqillik Günü münasibətilə ürəyimdən keçən duyğuları qələmə aldım və süni intellekt vasitəsilə onu mahnıya köçürdüm. Hesab edirəm Mikayıl Mirzəni anarkən “Odlar Diyarım” mahnısını dinləmək həm yerinə düşər, həm də Mikayılın ruhu bir də şad olar”.
 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər