“Bu dünyada heç kəsə etibar yoxdur – heç 1 iyunda doğum günü olan Paşinyan da, 2020-ci ildə düşündüyümüz kimi, uşaq deyil...”
“Ölkədə uşaqların sayı ildən-ilə kəskin şəkildə azalmaqdadır və sabah hökumət uşaqpulu təyin etsə də, onu verməyə uşaq tapılmaya bilər...”
“Diqqət edirsizsə, son vaxtlar Azərbaycan paytaxtı Bakının küçələrində it-pişikləri ilə gəzən adamların sayı övladları ilə gəzənlərin sayından çox görünür...”
“Son 34 ildə Azərbaycanda doğulan uşaqların sayı təxminən 2 dəfə azalıb. Başqa sözlə, sovet imperiyası dövründən bəri bir ildə doğulan uşaqların sayı 100 min nəfərədək azalıb...”
“Əgər qonşu ölkələrdə demoqrafik artım davam edərsə, Azərbaycanın canlı qüvvə baxımından regional rəqabət və strateji çəkindirmə (“deterrence”) gücü zəifləyə bilər...”
"Onu da deyək ki, yaxın gələcəkdə bizə dəstək vermələri üçün qardaş Türkiyənin, dost Pakistanın və hətta ən yaxın müttəfiqlərimizdən sayılan İsrailin də bugünkü gücdə qalacağına heç bir zəmanət yoxdur..."
-FİKİR SAVAŞI...-
Bu gün iyunun ilk günü – Uşaqların Beynəlxalq Müdafiəsi günüdür...
Ötən may ayında məmləkətdə “el arasında” ən çox müzakirə olunan mövzulardan biri də uşaqpulu oldu. Böyük əksəriyyət on illərdir uşaqpulu vermədiyinə görə hökumətimizi və buna öz əndrəbadi açıqlamalarıyla haqq qazandıran bəzi mandat və mikrofon sahiblərini kəskin qınadı... Ancaq çoxumuz unutduq ki, ölkədə uşaqların sayı ildən-ilə kəskin şəkildə azalmaqdadır və sabah hökumət uşaqpulu təyin etsə də, onu verməyə uşaq tapılmaya bilər...
Atalar gözəl deyib ki, uşaqlar həyatımızın çiçəkləridir... Belə çıxır ki, həyatımızın çiçəkləri getdikcə azalmaqdadır...
Alman bioloqu, zooloq və aforizmlər müəllifi Uilhelm Şvebel isə deyir: “Cəmiyyətdə pişik və itlərin sayının uşaqlardan çox olması acınacaqlıdır...” Diqqət edirsizsə, son vaxtlar Azərbaycan paytaxtı Bakının küçələrində it-pişikləri ilə gəzən adamların sayı övladları ilə gəzənlərin sayından çox görünür. Bu mərəz artıq əyalətlərə də siraət etməyə başlayıb...
Bu mövzuda konkret statistik məlumatlara müraciət edək:
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda son 35 ilin ən aşağı doğum göstəricisi qeydə alınıb. 2025-ci ildə ölkədə cəmi 95 min 875 uşaq doğulub ki, bu da 1991-ci ildən bəri ən aşağı göstəricidir. Ən yüksək doğum 1991-ci ildə qeydə alınıb. Həmin il ölkədə 190 min 353 diri doğulan uşaq qeydə alınıb.
Sonrakı illərdə doğum sayında azalma müşahidə olunub.
1991-ci il — 190 353 doğum
1995-ci il — 143 315 doğum
2000-ci il — 116 994 doğum
2001-ci il — 110 356 doğum
2004-cü ildən sonra doğum statistikasında yenidən artım qeydə alınıb.
Bu tendensiya xüsusilə 2010–2011-ci illərdə pik həddə çatıb. 2011-ci ildə Azərbaycanda 176 min 72 uşaq doğulub. Bu, müstəqillik dövründə 1991-ci ildən sonra ən yüksək ikinci göstərici hesab olunur.
2010-cu illərin ortalarından etibarən isə yenidən azalma başlayıb.
2010 — 165 643
2011 — 176 072
2012 — 174 469
2015 — 166 210
2017 — 144 041
2020-ci ildən sonra doğum sayında eniş daha da sürətlənib. Pandemiya dövrü və sonrakı illərdə göstəricilər ardıcıl olaraq aşağı düşüb.
2020 — 126 571
2021 — 112 284
2022 — 122 846
2023 — 112 620
2024 — 102 310
2025 — 95 875
Beləliklə, son 34 ildə Azərbaycanda doğulan uşaqların sayı təxminən 2 dəfə azalıb(yeniavaz.com). Başqa sözlə, sovet imperiyası dövründən bəri bir ildə doğulan uşaqların sayı 100 min nəfərədək azalıb. Əhalinin ümumi sayına nisbətdə götürən də fərq aydın hiss olunur. Belə ki, 1991-ci ildə Azərbaycan əhalisinin sayı 7 milyon 324 min 100 nəfər olub və həmin il 190 min 353 körpə dünyaya gəlib. 2025-cı ilə olan məlumata görə isə əhalinin sayı 10 milyon 224 min 900 nəfər təşkil edib və cəmi 95 min 875 uşaq doğulub.
Uşaqlarımızla bağlı digər rəqəmlərə də nəzər salaq:
Azərbaycanda əhalinin 21%-ni və ya 2 milyon 161 min nəfərini 0–14 yaş arası uşaqlar təşkil edir.
Sonuncu rəsmi statistikaya görə, uşaqların 53,2%-ni və ya 1 milyon 150 min nəfərini oğlanlar, 46,8%-ni və ya 1 milyon 11 min nəfərini isə qızlar təşkil edir.
Son 35 ildə – 1989-2024-cü illər ərzində oğlan uşaqlarının sayı cəmi 32 min nəfər azaldığı halda, qız uşaqlarının sayı 109 min nəfər azalıb.
1990-cı ildə Azərbaycanda 17 yaşa qədər uşaqlar ölkə əhalisinin 38,5 %-ni təşkil edirdisə, 2023-cü ildə bu göstərici təxminən 26 %-ə düşüb.
1990-cı ildə bu yaş qrupu üzrə əhalinin sayı 2 milyon 780 mindən çox olduğu halda, 2023-cü ildə 5,3 % azalaraq 2 milyon 633 min nəfərə düşüb.
Azalmanın daha çox qız uşaqları hesabına baş verdiyi müşahidə olunur. Oğlan uşaqlarının sayı ötən dövrdə 1,8%, qız uşaqları isə 9% azalıb.
İqtisadçı ekspertlər bunun səbəbini ümumi nəsilvermə (fertillik) əmsalının aşağı düşməsində görür. Belə ki, 1960-cı illərdə Azərbaycanda bu əmsal 5,2-5,5 aralığında olduğu halda, 1990-cı ildə 2,8-ə, hazırda isə 1,6-ya düşüb. Fertillik əmsalı reproduktiv dövr ərzində 15-49 yaş aralığında bir qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir.
Ölkədə qız uşaqlarının azalması əsasən yanlış və cahil bir ənənəyə uyğun olaraq abortlarla qız körpələrə qarşı aparılan açıq soyqırımının nəticəsidir ki, bu da başqa söhbətin mövzusudur...
Doğulan körpə sayının azalması nəticəsində təbii ki, son illərdə Azərbaycanda 1-ci sinfə gedən uşaqların sayında da kəskin azalma müşahidə edilir. Dövlət qurumlarının təqdim etdiyi məlumata görə, əvvəlki illərdə məktəbin ilk sinfinə qədəm qoyan şagirdlərin sayı aşağıdakı kimi olub:
2019-2020-ci tədris ilində: 159644 nəfər
2020-2021-ci tədris ilində: 156328 nəfər
2021-2022-ci tədris ilində: 153822 nəfər
2022-2023-cü tədris ilində: 151560 nəfər
2023/2024-cü tədris ilində 137 100 nəfər,
2024/2025-cü tədris ilində - 134 600 nəfər
2025/2026-cı tədris ilində -131 221 nəfər
Göründüyü kimi, 2019-cu ildən bəri 1-ci sinfə gedən uşaqlarımızın sayı 28 min 423 nəfər azalıb.
Belə çıxır ki, növbəti - 2026-2027-ci tədris ilində birinci sinfə gedən uşaqların sayı daha bir neçə min azalacaq...
Ümumilikdə 2023/2024-cü tədris ilində məktəblərimizdə 1 680 733 şagird təhsil alırdısa, 2024/2025-ci tədris ilində şagirdlərin sayı 9 617 nəfər azalaraq 1 671 116 nəfərə düşüb.
Azərbaycanda uşaqların sayının azalması və doğum səviyyəsinin (fertillik əmsalının) aşağı düşməsinin əsasən sosial-iqtisadi, mədəni-psixoloji və demoqrafik dəyişikliklərlə bağlıdır.
Əsas səbəblərin önündə, təbii ki, hökumətin günahı ucbatından yaranmış iqtisadi problemlər
gəlir:
-İqtisadi çətinliklər və xərclərin artması...
İnflyasiya, qiymət artımı, maaş və pensiyaların həmin bahalaşmaya qətiyyən uyğun gəlməməsi;
-Əvvəlki onilliklərdə cüzi də olsa, uşaqpulu verilsə də, son onilliiklərdə yalnız aztəminatlı və 5 uşağı olan ailələrə sosial müavinətlər ödənməyə başlanıb. Təbii ki, ata-ananın öncədən istənilən halda dünyaya gətirdikləri övlada görə dövlətdən pul alacaqları ümidi ilə, sonradan yalnız aztəminatlı olduqları, yaxud illər sonra 5 uşaqları olacağı halda hansısa müavinət alacaqları ehtimalı, yaxud şübhəli ümidi arasında xeyli fərq vardır. İllahda ki, əgər aztəminatlı olduğunu sübut etmək üçün evdəki toyuqların, mobil telefonların və az qala, soyuducudakı yumurta, kartof, soğan və meyvələrin sayı da yoxlanılırsa və “n” sayda sənəd-sünəd tələb olunursa...
-Şəhərləşmənin sürətlənməsi ilə birlikdə uşaqların təhsili, sağlamlığı və gündəlik tələbatlarının ödənilməsi ilə bağlı xərclər artıb. Bu da ailələri daha az uşaq dünyaya gətirməyə sövq edir.
-Ailə institutundakı dəyişikliklər: Son illərdə ölkədə boşanma hallarının artması, erkən nikahların azalması və nikaha daxilolma yaşının uzanması ümumi doğum səviyyəsinə mənfi təsir göstərir.
Qadınların məşğulluğu və karyera qurması:
Müasir cəmiyyətdə qadınların təhsilə və əmək bazarına inteqrasiyası artdıqca, onlar analıq məzuniyyəti və karyera arasında seçim etmək məcburiyyətində qalırlar. Bu, bir çox ailədə uşaq sayının məhdudlaşmasına (1-2 uşaqla kifayətlənməyə) səbəb olur.
Mədəni-psixoloji faktorlar:
Ailələrin düşüncə tərzində baş verən dəyişikliklər nəticəsində çoxuşaqlı ailə modeli zəifləyir. Valideynlər çox uşaq dünyaya gətirməkdənsə, bir və ya iki uşağa maksimum qayğı və yüksək həyat standartları təmin etməyə üstünlük verirlər.
Bəs, gəlin görək, ölkədə uşaq çatışmazlığı gələcəkdə xalqı və dövləti hansı problem və uğursuzluqlarla üzbəüz qoya bilər?..
Azərbaycanda uşaq və gənc əhalinin sayının azalması gələcəkdə demoqrafik qocalma, işçi qüvvəsi çatışmazlığı, iqtisadi artımın yavaşlaması, pensiya və sosial təminat yükünün artması və təhsil müəssisələrində ixtisarlar kimi ciddi problemlərə səbəb ola bilər. Bu uzunmüddətli nəticələrin əsas təsirləri aşağıdakılardır:
1.İqtisadi və əmək bazarı problemləri...
İşçi qüvvəsi çatışmazlığı:
Gələcəkdə əmək qabiliyyətli əhalinin sayı azalacaq ki, bu da müxtəlif sahələrdə kadr qıtlığı yaradaraq iqtisadi məhsuldarlığı aşağı sala bilər.
Sosial təminat yükünün artması:
İşləyən gənclərin sayı azaldıqca, pensiyaçıları və yaşlıları maliyyələşdirmək üçün dövlət büdcəsinə düşən yük (vergilərin artması zərurəti) çoxalacaq.
2. Demoqrafik böhran (əhalinin qocalması)
Demoqrafik piramidanın tərs çevrilməsi:
Doğum səviyyəsinin aşağı düşməsi və orta ömür müddətinin artması nəticəsində əhali arasında yaşlıların nisbəti kəskin artacaq.
Nəslin dəyişilməməsi:
Əhalinin təbii artımını və mövcud sayını qoruyub saxlamaq üçün hər qadına düşən uşaq sayı (fertillik əmsalı) (2.1) olmalıdır, lakin bu göstəricinin azalması gələcəkdə ümumi əhali sayının azalmasına gətirib çıxarır...
3. Sosial və infrastruktur dəyişiklikləri...
Təhsil sistemində sıxıntılar:
Uşaqların sayının azalması məktəblərdə şagird çatışmazlığına, siniflərin və ya bağçaların bağlanmasına, həmçinin müəllim heyətinin ixtisarına səbəb ola bilər.
Elm sahəsində problemlər:
Sözsüz ki, ölkədə uşaqların və nəticədə gənclərin azlığı, elmi potensialımızın da qocalmasına gətirib çıxaracaq. Yəni ən müasir texnologiyaların, süni intellektin çox böyük sürətlə inkişaf etdiyi bir zamanda gənc, çevik beyinlərə olan ehtiyac ödənilməyəcək. Nəticədə isə müxtəlif sahələrdə yeni ideyalar, kəşflər, ixtiralar, startaplar və s. meydana çıxmayacaq...
Səhiyyə sisteminə təzyiq:
Pediatrik xidmətlərə tələbat azalarkən, yaşlılara və xroniki xəstəliklərə qulluq (geriatriya) sahəsində tibbi personala və infrastruktura ehtiyac kəskin şəkildə artacaq.
4. Daxili bazarların daralması...
Uşaq və gənc əhali istehlak mallarına (uşaq geyimləri, oyuncaqlar, təhsil ləvazimatları və s.) olan tələbatın əsas hərəkətverici qüvvəsidir. Bu tələbatın azalması pərakəndə ticarət və xidmət sektorunun gəlirlərinə mənfi təsir göstərə bilər.
5. Uşaqların sayının azalması gələcəkdə orduya çağırış yaşındakı gənclərin sayını da kəskin azaldır və bu, ölkənin hərbi-strateji insan resursunu birbaşa zəiflədir.
Bu amilin hərbi müdafiə gücünə göstərə biləcəyi əsas təsirlər aşağıdakılardır:
1. Canlı qüvvə potensialının azalması
Hərbi çağırış bazasının daralması:
Hər il 18 yaşına çatan və xidmətə yararlı olan gənclərin sayı azalacaq ki, bu da şəxsi heyətin komplektləşdirilməsini çətinləşdirəcək.
Səfərbərlik resursunun zəifləməsi:
Ehtiyac yarandıqda (müharibə dövründə) orduya cəlb edilə biləcək gənc və aktiv rezerv qüvvələrin miqdarı minimuma enəcək.
2. Maliyyə və loqistik təzyiqlər
Texnoloji keçid məcburiyyəti:
Canlı qüvvə azaldıqca, müdafiə sistemini qorumaq üçün daha baha başa gələn pilotsuz sistemlərə, süni intellektə və avtomatlaşdırılmış silahlara investisiyalar artırılmalıdır.
Müdafiə büdcəsinin sıxışdırılması:
İqtisadiyyat bölməsində qeyd edildiyi kimi, yaşlı əhalinin artması sosial xərcləri (pensiya, səhiyyə) artıracaq ki, bu da dövlət büdcəsindən hərbi sahəyə ayrılan vəsaitlərin payını azalda bilər.
3. Professional orduya keçid ehtiyacı...
Müqaviləli xidmət tələbi:
Çağırışçı sayı çatmadıqda, dövlət məcburi hərbi xidmətdən daha yüksək maaş tələb edən peşəkar (müqaviləli) ordu modelinə keçmək məcburiyyətində qalır ki, bu da hərbi büdcəyə əlavə maliyyə yükü deməkdir.
4. Regional geopolitik balansın dəyişməsi...
Qonşu ölkələrlə disbalans:
Əgər qonşu ölkələrdə demoqrafik artım davam edərsə, Azərbaycanın canlı qüvvə baxımından regional rəqabət və strateji çəkindirmə (“deterrence”) gücü zəifləyə bilər. Müdafiə gücünün qorunması üçün dövlətlər gələcəkdə ordunun rəqəmsallaşdırılması, kiber-müdafiə sistemlərinin gücləndirilməsi və peşəkar hərbi kadrların saxlanılması strategiyalarına üstünlük verirlər ki, bu da öncə deyildiyi kimi, əlavə maliyyə vəsaitləri tələb edir...
Beləliklə, gəlinən yekun nəticə odur ki, ölkədə uşaq çatıçmazlığı gələcək uğursuzluqlarımıza, başqa sözlə desək, əsrlərdir ki, Azərbaycanı daim işğal etmək, onu müstəmləkəyə çevirmək və hətta əhalisini bütünlüklə soyqırımına məruz qoymağa çalışan düşmən, rəqib dövlətlər, güclər qarşısında məğlubiyyətlərimiz üçün zəmin hazırlayır:
1.Demoqrafik məğlubiyyət, yəni qocaların uşaq və gənclərdən çox olması...
2.İqtisadiyyat (ticarət, kənd təsərrüfatı və s.) sahəsində məğlubiyyət...
3. Ayrıca sənaye sahəsində məğlubiyyət...
4.Təhsil sahəsində məğlubiyyət...
5.Elm və müasir texnologiyalar sahəsində məğlubiyyət...
6.Səhiyyə sahəsində məğlubiyyət...
7.Və nəhayət, ən başlıcası,
Müdafiə və hərbi sahədə məğlubiyyət...
Bütün bu 7 sahədəki uğursuzluqlar, məğlubiyyətlər və üstəgəl, ən yüksək rəsmi səviyyədə etiraf edildiyi kimi, neft və qaz potensialımızın da tükənməyə doğru getdiyi bir şərait isə Azərbaycanı bir dövlət, xalq olaraq tam zəiflədə və istənilən imperiya, hətta nisbətən güclü dövlət üçün asan yemə çevirə bilər. Və əgər həmin vaxtadək Rusiya mövcudluğunu qoruyub saxlayacaqsa, təbii ki, ölkəmizdə tarixən ən güclü agentura, kəşfiyyat şəbəkəsi və “5-ci kalon”a malik bir imperiya kimi ilk olaraq Azərbaycanda həzmi-rabedən keçirərək yenidən özünün birbaşa, de-fakto və de-yure müstəmləkəsinə çevirə bilər...
İkincisi də, əvvəlki dövrləri demirəm, ən azı, ötən əsrin sonundan bəri 30-32 il ərzində torpaqlarımızı işğal altında saxlamış Ermənistanda əgər həmin Rusiyanın dəstəyi ilə revanşist qüvvələr bu dəfəki seçkilərdə hakimiyyətə gələ bilməsələr də, gələcəkdə seçki və ya qondarma “inqilab”, yaxud çevriliş yoluyla hakimiyyətə gəlsələr, təbii ki, Azərbaycanı yuxarıda sadaladığımız 7 cəhətdən zəif gördükləri halda dərhal keçmiş Dağlıq Qarabağ və ətraf bölgələri yenidən işğal etmək iştahları qabaracaq. Onu da deyək ki, yaxın gələcəkdə bizə dəstək vermələri üçün qardaş Türkiyənin, dost Pakistanın və hətta ən yaxın müttəfiqlərimizdən sayılan İsrailin də bugünkü gücdə qalacağına heç bir zəmanət yoxdur... Allah eləməmiş, bu işğal baş verərsə, ən böyük və ağrıdıcı məğlubiyyətimiz olar...
Yeri gəlmişkən, bu gün – 1 iyun həm də qonşu Ermənistanın lideri- Baş naziri Nikol Paşinyanın da doğum günüdür. Paşinyanın məhz Uşaq günündə doğulmasını da bəlkə Allah bizim üçün bir ibrət dərsi olaraq meydana gətirib. Cəmi 5-6 il öncə Ermənistan ordusunu işğal altındakı torpaqlarımızdan çıxardığımıza görə uşaq yerinə qoyduğumuz və “Nooldu, Paşinyan?” deyə meyxana, mahnı qoşduğumuz Paşinyanın... Sabah zəmanətimiz varmı ki, həmin Paşinyan və ya digər yan eyni sualı bizə verməyəcək?..
Bu yerdə uşaqlar haqqında bir atalar sözü də yada düşür: “Uşağın vurmamağına baxma- daşın böyüyündən yapışıb...” Yəni sabah böyüyüb güclənəndə həmin böyük daşı qaldırıb başına çırpa bilər... Paşinyan da elə 44 günlük savaşdan bəri böyük daşlardan yapışıb. Heç uzağa getməyək. Ötən may ayında beynəlxalq tədbirlərdə Azərbaycana gələn qonaqlara da baxaq, Ermənistana da... Bizə gələnlər əsasən Afrikadan, Rusiyadan, Orta Asiyadan idisə, Ermənistana Avropadan, Böyük Britaniyadan oldu, dalınca hələ ABŞ-ın Dövlət katibi də təşrif buyurdu... Və bu gün heç kəs iddia edə bilməz ki, gələcək Avropada, Amerikada yox, Afrikada və Orta Asiyadadır...
Bilirsiz, bu gün Paşinyan özünün Azərbaycanla, Türkiyə ilə sülhə, normal, sivil münasibətlərə çağırışları, Ermənistan daxilində və xaricdəki demokratik imici ilə, Rusiya imperiyasından mümkün qopma cəhdləri ilə ölkəmizdə də xeyli insanın rəğbətini qazanıb. Və biz çoxumuz 7 iyun seçkilərində məhz onun və partiyasının qələbəsini arzulayırıq...
Fəqət, bu dünyada Allahdan savayı heç kəsə və heç nəyə etibar yoxdur... Hələlik müşahidə və təhlillər göstərir ki, Paşinyan öz xalqını sevən, onun bugünkü və gələcək rifahı, xoşbəxtliyi üçün çalışan bir liderdir. Ancaq ona qarşı günah ediriksə, Allah Özü bağışlasın, bəlkə elə bu gün “Qarabağ heç vaxt Ermənistanın olmayıb, o bizim üçün ballastdır, artıq yükdür” deyən Paşinyan da biz sadaladıqlarımız amilləri düşünüb götür-qoy edərək uşaq, gənc sayı ildən-ilə azalan, nefti-qazı tükənən Azərbaycanın gələcəkdə zəifləyəcəyini və özü olmasa da, gələcək hakimiyyət xələfinin ən azı ermənilərin Qarabağa geri qaytaracağını və hətta sözügedən torpaqlarımızı yenidən işğal edəcəyini proqnozlaşdırır...
Bütün bu gələcək təhlükələrin qarşısını almaq üçün təcili olaraq ölkədə uşaq çatışmazlığı, uşaq pulu, iflyasiya, bahalıq, maaş, pensiya azlığı və digər problemləri həll etmək gərəkdir...
Xülasə, Allah eləsin, müstəqil(!), suveren(!) və milli(!) dövlətimiz uşaqlarımızın da sayının artmasına, neft-qazımızın tükənməsinə rəğmən iqtisadiyyatımızın da, elm və təhsilimizin də, səhiyyəmizin də və s. sözün əsil mənasında güclənməsinə, xalqın rifah halının gerçəkdən yüksəlməsinə və bütün bunların nəticəsində Silahlı Qüvvələrimizin də real şəkildə qüvvətlənməsinə nail olsun ki, bu materialda ehtimal etdiyimiz heç bir problem və məğlubiyyətlərlə qarşılaşmayaq...
Sultan Laçın