Niyə iqtisadiyyatda
İqtisadiyyat
167
14:16, Bu gün

Niyə iqtisadiyyatda "canlı pul" çatışmır? - MÜSAHİBƏ

Bahalaşan neftə və nikbin proqnozlara baxmayaraq, cari ilin birinci rübündə milli iqtisadiyyatın artım sürəti zəifləyərək illərlə toplanmış dərin disbalansları üzə çıxardı.
 
Moderator.az xəbər verir ki, mənfi dinamikanın səbəbləri və onun mümkün nəticələri barədə "Bakinski raboçi" qəzetinin müxbiri iqtisad elmləri doktoru, professor Saleh Məmmədovla söhbət edib.
 
- Cari ilin əvvəlində ÜDM-in 0,3% azalması ciddi problemlərdən xəbər verir, yoxsa bu, hələlik yol verilən bir kənarlaşmadır?
 
- İstənilən iqtisadiyyatda qısamüddətli tərəddüdlər mümkündür: bir ay artım, digər ay azalma ola bilər və yalnız statistik göstəriciyə baxsaq, burada qeyri-adi heç nə yoxdur. Lakin məsələyə daha geniş, ümumi dinamika prizmasından baxmaq vacibdir və o zaman mənzərənin narahatlıq doğurduğu aydın olur. Belə ki, proqnozlara görə, birinci rübdə iqtisadiyyatın 3%-ə yaxın sürətlənməsi gözlənilirdi, lakin faktiki datalar fərqlidir: yanvarda iqtisadiyyat təxminən 1,7% artıb, fevralda cəmi 0,3% artım olub, mart ayı isə mənfi 0,3% göstərib. Belə çıxır ki, iqtisadiyyat nəinki sürət yığmır, əksinə, tədricən zəifləyir.
 
Bu, artıq təsadüfi bir kənarlaşma deyil, formalaşan bir tendensiyadır, çünki gözlənilən nəticə yoxdur və cari azalma daha dərin problemin simptomuna çevrilir.
 
Statistikanın keyfiyyətini də qeyd etməliyəm. Mənim fikrimcə, son hesabat iqtisadiyyatdakı real vəziyyəti daha dəqiq əks etdirir. Əgər əvvəllər mütəxəssislərdə rəsmi statistikanın datalarına dair suallar yaranırdısa, Dövlət Statistika Komitəsinin son məlumatları xeyli obyektivdir.
 
Hesabatlılığa qayıtsaq, ən böyük narahatlıq doğuran məqam iqtisadi aktivliyin zəifləməsinin artan inflyasiya fonunda baş verməsidir. Artıq neçə ildir ki, qiymətlərin bahalaşma sürəti iqtisadi artım templərini üstələyir və hazırda bu fərq daha da kəskinləşir.
 
- Siz iqtisadiyyatdakı vəziyyəti paradoksal adlandırırsınız, bunun konkret nədə təzahür etdiyini deyə bilərsinizmi?
 
- Paradoks ondan ibarətdir ki, əhəmiyyətli resursların mövcudluğu şəraitində iqtisadiyyat faktiki olaraq dayanıqlı artım nümayiş etdirmir. Uzunmüddətli dinamikaya nəzər salsaq, mənzərə daha qabarıq görünür.
 
Hələ 2014-cü ildə Azərbaycanın ümumi milli məhsulu təxminən 75 milyard dollar səviyyəsində idi. On ildən çox vaxt keçib və son illərin yekunlarına görə bu göstərici yenə də təxminən eyni həddə - 76 milyard dollar civarında qalır. Formal olaraq rəqəmlər oxşar görünür, lakin reallıqda bu, sabitlik deyil, durğunluqdur (staqnasiyadır).
 
Dolların alıcılıq qabiliyyətini də nəzərə almaq vacibdir, çünki bu müddət ərzində dolların dəyəri dəyişib. Bu səbəbdən eyni nominal göstəricilər eyni iqtisadi həcm demək deyil. Real ifadədə hesablasaq, aydın olur ki, iqtisadiyyat nəinki böyüməyib, faktiki olaraq geriyə düşüb.
 
Belə çıxır ki, on ildən artıq müddət ərzində ölkə iqtisadiyyatın keyfiyyətli genişlənməsini təmin edə bilməyib və belə uzunmüddətli staqnasiya dövrü özlüyündə artıq ciddi bir siqnaldır.
 
Bu fonda başqa bir xüsusiyyət daha qeyri-adi görünür: toplanmış rezervlərin həcmi ümumi daxili məhsulun həcmi ilə müqayisə oluna bilər və ya hətta ondan çoxdur. Belə bir vəziyyətə çox nadir hallarda rast gəlinir. Dünya təcrübəsində belə nümunələr barmaqla sayılacaq qədərdir və çox vaxt bu, artıq tam inkişaf etmiş iqtisadiyyatı olan ölkələrdir (məsələn, Norveç). Orada vəsaitlərin sürətli inkişafa yönəldilməsinə kəskin ehtiyac yoxdur.
 
Azərbaycanın vəziyyəti isə fərqlidir: iqtisadiyyatın böyüməyə ehtiyacı var, lakin eyni zamanda böyük resurslar bu artımın təmin edilməsi üçün işləmir. Paradoks da buradadır: imkanlar var, lakin onlar nəticəyə çevrilmir.
 
Əlavə sübutu proqnozlar və faktiki göstəricilər arasındakı fərq verir. Ötən il 3,5% səviyyəsində artım gözlənilirdi, lakin faktiki artım təxminən 1,4% oldu. Analoji vəziyyət indi də müşahidə olunur: təxminən 3% artım planlaşdırılırdı, faktiki olaraq isə azalmaya keçidlə müşayiət olunan staqnasiya var.
 
Nəticədə elə bir mənzərə yaranır ki, iqtisadiyyat eyni zamanda həm böyük potensiala malikdir, həm də dinamikanın olmamasını nümayiş etdirir. Məhz bu birləşmə cari vəziyyəti sadəcə mürəkkəb deyil, həqiqətən paradoksal edir.
 
- İndi staqflyasiya riski barədə çox danışılır. Bu artıq nə dərəcədə reallıqdır?
 
- İndi söhbət artıq nəzəri mənada riskdən getmir, çünki staqflyasiyanın əlamətləri praktikada nəzərə çarpmağa başlayır. Vəziyyət eyni vaxtda baş verən və bir-birini gücləndirən iki prosesdən ibarətdir.
 
Bir tərəfdən, iqtisadi artım templəri düşür. Faktiki olaraq biz azalmaya keçidlə müşayiət olunan staqnasiyanı görürük ki, bunu son rüblük məlumatlar da təsdiqləyir. Digər tərəfdən, inflyasiya nəinki qalır, həm də iqtisadiyyatdan daha sürətlə artır.
 
Belə kəskin fərq çox narahatlıq doğurur. Qiymətlər istehsalın artımından daha sürətlə qalxanda iqtisadiyyat dayanıqlığını itirməyə başlayır və son üç ayda bu fərq daha da qabarıqlaşıb.
 
İqtisadi nəzəriyyədə belə hal staqflyasiya adlanır. Söhbət bir neçə mənfi şərtin birləşməsindən gedir: artımın ləngiməsi və ya azalması, qiymətlərin yüksəlməsi və eyni zamanda həm biznes, həm də əhali üçün şəraitin pisləşməsi. Buna daxili iqtisadi aktivliyin ucuzlaşması da əlavə olunur. Dövriyyədəki pullar daha az əlçatan olur, real imkanlar azalır, lakin qiymət təzyiqi saxlanılır. Nəticədə ikiqat mənfi effekt formalaşır.
 
Belə şəraitdə iqtisadiyyat eyni zamanda həm işgüzar aktivliyin düşməsi, həm də alıcılıq qabiliyyətinin azalması ilə üzləşir. Biznes üçün bu, investisiyaların və genişlənmə imkanlarının ixtisarı, əhali üçün isə real gəlirlərin azalması deməkdir.
 
Ona görə də staqflyasiya ən mürəkkəb və təhlükəli hallardan biri hesab olunur. Adi stimullaşdırıcı alətlər daha pis işləyir: artıma yönəlmiş tədbirlər inflyasiyanı gücləndirə bilər, qiymətləri cilovlamaq cəhdləri isə iqtisadiyyatı daha da ləngidə bilər. İndi biz bu proseslərin eyni vaxtda özünü büruzə verməyə başladığını görürük və yanaşmalar dəyişməsə, təzyiq daha da artacaq.
 
- Əgər baş verənlərin məntiqindən çıxış etsək, iqtisadiyyatın ləngiməsinin kökünü investisiya aktivliyində axtarmaq lazımdır...
 
- Problem ondadır ki, Azərbaycan iqtisadiyyatında investisiyalar elə bir səviyyəyə düşüb ki, orada dayanıqlı artım prinsip etibarilə qeyri-mümkündür. Söhbət müvəqqəti azalmadan deyil, inkişafın sistemli şəkildə yetərsiz maliyyələşməsindən gedir.
 
Dünya təcrübəsində meyarlar çoxdan məlumdur: iqtisadiyyatın heç olmasa mülayim artımı təmin etməsi üçün investisiyalara ümumi məhsulun ən azı 20-25%-i yönəldilməlidir. Sürətli inkişaf üçün bu göstərici 40-50%-ə, bir sıra ölkələrdə isə 60-70%-ə çatır.
 
Miqyası anlamaq üçün: Çində təxminən yarım əsrdir ki, əsas kapitala investisiyaların payı 44-45%-dən aşağı düşmür, bu da uzunmüddətli və dayanıqlı artımı təmin edib. Analoji yanaşmalardan müxtəlif vaxtlarda Sinqapur və müharibədən sonrakı dövrdə Almaniya da istifadə edib.
 
Azərbaycan da belə bir mərhələdən keçib. Hələ iyirmi il əvvəl bizdə əsas kapitala investisiyaların payı təxminən 59%-ə çatırdı və o zaman iqtisadiyyat təxminən 35% səviyyəsində artım göstərdi ki, bu da həmin dövrdə dünyada ən yüksək göstəricilərdən biri oldu.
 
Vəziyyət 2014-cü ildən sonra kəskin dəyişdi və tədricən azalma 2022-ci ilə qədər investisiya payının təxminən 12%-ə düşməsinə səbəb oldu. Ötən il bu rəqəm 16% civarında idi, birinci rübün cari qiymətləndirmələrinə görə isə çətinliklə 13%-i keçib.
 
Belə parametrlərlə artımdan danışmağa dəyməz. Bu səviyyələr ya staqnasiya edən, ya da azalmağa doğru gedən iqtisadiyyatlar üçün xarakterikdir.
 
Hətta start şərtləri bizdən qat-qat zəif olan Əfqanıstan, Zimbabve, Zambiya kimi ölkələr investisiyalara ümumi məhsulun 17-20%-ni yönəldirlər. Bu, sürətli inkişaf üçün kifayət etməsə də, hətta bu göstəricilər Azərbaycandakından yüksəkdir. Bununla belə, ölkənin resursları var. Əsas ziddiyyət də bundadır: investisiya qoyuluşu üçün imkanlar mövcuddur, lakin lazımi həcmdə istifadə olunmur.
 
Əsas kapitala qoyuluşları artırmadan istehsalı genişləndirmək, yeni müəssisələr yaratmaq, məşğulluğu artırmaq mümkün deyil; iqtisadiyyat belə olan halda qaçılmaz olaraq kiçilməyə başlayır.
 
Buna görə də investisiya məsələsi sadəcə bir çox məsələlərdən biri deyil. Əslində söhbət artımın baza şərtindən gedir. Bu parametr 12-16% səviyyəsində qaldıqca, dayanıqlı müsbət dinamikaya ümid etmək mümkün deyil.
 
- Niyə siz elmi investisiyalarla bir sıraya qoyursunuz, məgər o, ikinci dərəcəli deyil?
 
- Praktikada bu, ikinci dərəcəli deyil, baza sualdır, çünki təsərrüfatda sürətlənmə iki dayağa söykənir: investisiyalar və elm. Əgər onlardan biri zəifləyirsə, ikincisi artıq lazımi nəticəni vermir.
 
Hazırda Azərbaycanda elm xərcləri son dərəcə aşağı səviyyədədir - ÜDM-in təxminən 0,12-0,16%-i qədər. Müqayisə üçün: texnologiyaların inkişafına yönəlmiş ölkələrdə bu göstərici 5-6%-ə çatır.
 
Mütləq rəqəmlərlə bu, təxminən 135 milyon dollardır ki, bu da müasir tələblərlə müqayisəolunmazdır. Məsələn, İsrail elmə təxminən 33 milyard dollar ayırır.
Keçmişlə müqayisə etsək, fərq göz qabağındadır. 1980-ci illərin səviyyəsi ilə müqayisədə bizdə elmin maliyyələşməsi bir neçə dəfə azalıb. Müvafiq olaraq, nəticələr də aşağı düşüb, patentlərin sayı isə on beş dəfə azalıb.
 
Belə şəraitdə iqtisadiyyat yenilənmə qabiliyyətini itirir, çünki bu gün istehsal, texnologiya, idarəetmə - hər şey birbaşa elmlə bağlıdır. Elmsiz nə artımı, nə də rəqabət qabiliyyətini təmin etmək mümkündür.
 
Buna görə də problem təkcə investisiyaların həcmində deyil. Hətta onların həcmi artsa belə, elmi baza bərpa olunmasa, effekt məhdud olacaq.
 
- Əgər ölkədə resurslar kifayət qədərdirsə, iqtisadiyyat niyə pul qıtlığı çəkir?
 
- Problem pulun olmamasında deyil, onun necə bölüşdürülməsindədir. Maliyyənin əhəmiyyətli hissəsi faktiki olaraq daxili dövriyyədən çıxarılır.
 
İqtisadiyyatda pul dövriyyəsinin ümumi potensialını təxminən 200 milyard manat qiymətləndirmək olar, lakin faktiki olaraq bunun 55-60 milyardından istifadə olunur. Bunun da cəmi 31 milyard manatı kredit resursları şəklində işləyir, halbuki real tələbat ən azı 50 milyarddır.
 
Buradan ölkə daxilində əlçatan pul çatışmazlığı ilə bağlı əsas problem yaranır. Təklif məhdud olanda faiz dərəcələri avtomatik qalxır, bununla paralel olaraq biznesi və investisiyaları maliyyələşdirmək imkanı azalır.
 
Eyni zamanda, böyük vəsaitlər rezerv şəklində toplanır və xaricdə yerləşdirilir. Formal olaraq bu, maliyyə dayanıqlığı kimi görünür, lakin daxili iqtisadiyyat üçün bu, sıxılma deməkdir.
 
Dövlət borcunun azaldılması da oxşar effekt verir, çünki əslində bu, pulların ölkə daxilində işlədilməsi əvəzinə dövriyyədən çıxarılması deməkdir. Nəticədə daxili bazar daimi likvidlik çatışmazlığı hiss edir.
 
Nəhayət, vergi siyasəti də təzyiqi artırır. Bir düşünün, son dörd və ya beş ildə vergi daxilolmalarının artımı iqtisadi artımı mütəmadi olaraq qabaqlayır, bu isə o deməkdir ki, özəl sektorun inkişafı üçün getdikcə daha az resursu qalır.
 
Nəticədə belə bir vəziyyət yaranır ki, ölkədə pul var, lakin o, iqtisadi aktivlikdə iştirak etmir. Dövriyyə daralır, maliyyəyə çıxış pisləşir və bu, birbaşa artımı ləngidir.
 
- Biznes tez-tez kreditlərdən şikayətlənir. Bu, artımı həqiqətən nə dərəcədə məhdudlaşdırır?
 
- Birbaşa məhdudlaşdırır. Əksər inkişaf etmiş ölkələrdə investisiyaların 60-70%-i bank kreditləri hesabına maliyyələşir, bizdə isə bu sistem lazımi həcmdə işləmir.
 
Artıq deyildiyi kimi, kreditləşmənin ümumi həcmi bu gün təxminən 31 milyard manat təşkil edir, halbuki iqtisadiyyatın hətta cari tələbatı bundan iki dəfə yüksək qiymətləndirilir. Belə aşkar disproporsiya pulun dəyərində özünü göstərir.
 
Faiz dərəcələri yüksək qalır, bu isə kritikdir. Dünyada biznesin orta rentabelliyi 10% qiymətləndirilir, 20-30% dərəcə ilə isə kredit zərərli alətə çevrilir. Azərbaycan şəraitində hətta 5% belə bir çox sahələr üçün ağır yük ola bilər.
 
İqtisadiyyatın normal inkişafı üçün kreditlərin dəyəri bəzi Avropa ölkələrində olduğu kimi 1-1,5% səviyyəsində olmalıdır, lakin buna yalnız bir şərtlə nail olmaq olar - kifayət qədər maliyyə resursu olduqda. İndi isə əks proses baş verir: dövriyyədə pul azdır, kreditlər bahadır, biznes borc ala bilmir, deməli, investisiya da qoya bilmir. Nəticədə iqtisadi aktivlik baza səviyyəsində boğulur.
 
- Siz çıxışlarınızda pensiya vəsaitləri mövzusuna xüsusi toxunursunuz. Onlar iqtisadi artımla necə bağlıdır?
 
- Ondan başlayım ki, bir çox ölkələrdə pensiya yığımları əsas investisiya mənbələrindən biridir, bizdə isə bu resurs faktiki olaraq iqtisadi dövriyyədən kənarlaşdırılıb.
 
Mənim hesablamalarıma görə, bu vəsaitlərin həcmi təxminən 35-40 milyard manatdır. Müqayisə üçün: əsas kapitala investisiyalara cəmi 21 milyard yönəldilir. Əgər pensiya pulları iqtisadiyyatda işləsəydi, investisiyaların məbləğini üç dəfə artırmaq mümkün olardı.
 
Hazırda bizdə başqa bir model fəaliyyət göstərir: ayırmalar dərhal cari pensiyaların ödənilməsinə gedir. Yəni vəsaitlər toplanmır və investisiya olunmur, faktiki olaraq "yeyilir". Nəticədə iqtisadiyyat "uzun pulları" - başqa ölkələrdə inkişafa yönəldilən həmin o resursları itirir.
 
Daha bir vacib məqam var - təbiəti etibarilə bu vəsaitlər dövlətin deyil, əhalinin mülkiyyətidir. Normal sistemdə onlar fərdiləşdirilməli (personifikasiya), miras qalmalı və investisiyalar vasitəsilə gəlir gətirməlidir.
 
Əgər belə bir model qurulsa, dövlət bu resurslardan daxili borclanma kimi istifadə edə, faizləri ödəyə bilərdi. Pullar isə iqtisadiyyat daxilində işləməyə davam edərdi ki, bu da dövriyyəni artırar, kreditlərin dəyərini aşağı salar və artıma əlavə təkan verərdi.
 
Hələlik bu yoxdur və potensial investisiya resursunun böyük bir hissəsi istifadəsiz qalır.
 
- Bu qədər məhdudiyyət fonunda (investisiyalar, kreditlər, dövriyyədəki pul), niyə proqnozlarda yenə də artım göstərilir?
 
- Çünki proqnozlaşdırma sisteminin özü real mənzərəni tam həcmdə nəzərə almır. Hesablamalar məhdud datalar üzərində qurulur və çox dərəcədə köhnə yanaşmaları təkrarlayır.
 
Əsas olaraq rəsmi statistika, yəni dövlət strukturları daxilində formalaşan hesabatlar və göstəricilər qalır. Lakin bu kifayət deyil. Belə massiv dəqiq analiz üçün lazım olan məlumatın cəmi 15-20%-ni verir.
 
Eyni zamanda, biznesin davranışı, əhalinin gözləntiləri, iqtisadiyyatdakı real proseslər nəzərə alınmır. Halbuki bu gün bunları "böyük datalar" (Big Data) vasitəsilə izləmək olar. İnkişaf etmiş ölkələrdə bu məlumatlar süni intellekt vasitəsilə toplanır və işlənilir, bu da iqtisadiyyatı yalnız hesabatlarda deyil, "hərəkətdə" görməyə imkan verir.
 
Bizdə hələ belə bir sistem qurulmayıb. Big Data ilə tammiqyaslı iş aparılmır, "Data Science" və maşın öyrənməsi texnologiyaları kifayət qədər cəlb olunmayıb, kompleks modellər formalaşdırılmır.
 
Nəticədə uyğunsuzluq yaranır: proqnozlarda artım nəzərdə tutulur, lakin investisiya çatışmazlığı, baha kreditlər, sıxılmış pul dövriyyəsi kimi baza məhdudiyyətləri nəzərə alınmır. Bunları nəzərə almadan isə istənilən hesablamalar reallıqdan qopuq olur. Ona görə də problem təkcə göstəricilərdə deyil, onların formalaşdırılmasına olan yanaşmadadır. Bu dəyişməyincə, gözləntilər və faktiki nəticələr arasındakı fərq qalmaqda davam edəcək.
 
- Əgər deyilənləri bir yerə toplasaq, vəziyyəti dəyişmək üçün ümumiyyətlə nədən başlamaq lazımdır?
 
- Burada nöqtəvi tədbirlər birmənalı olaraq işə yaramayacaq. Kompleks yanaşma, faktiki olaraq iqtisadiyyatın əsas mexanizmlərinin yenidən işə salınması lazımdır.
Birinci növbədə investisiyalar gəlir. Onların payı ÜDM-in heç olmasa 20-25%-nə çatdırılmalıdır, dayanıqlı artım üçün isə daha çox olmalıdır. Mövcud həcmlərlə iqtisadiyyatın genişlənmə bazası sadəcə yoxdur.
 
İkinci istiqamət elmdir. Maliyyələşməni heç olmasa ÜDM-in bir neçə faizinə çatdırmadan texnoloji inkişafı təmin etmək mümkün deyil.
 
Üçüncü - maliyyə sistemidir. Ölkə daxilində pul dövriyyəsini genişləndirmək lazımdır: kredit resurslarını cari 31 milyard manatdan heç olmasa 50-60 milyarda çatdırmaq, faiz dərəcələrini aşağı salmaq və pulların ölkə hüdudlarından kənara çıxarılması əvəzinə iqtisadiyyatda işləməsi üçün şərait yaratmaq lazımdır.
 
Xüsusi rezerv - pensiya vəsaitləridir. Bu, təxminən 35-40 milyard manat deməkdir ki, onlardan istifadə modeli dəyişdirilsə, uzunmüddətli investisiya mənbəyi ola bilərlər.
 
Paralel olaraq vergi siyasətinə yenidən baxılmalıdır. Vergilərin artımı iqtisadi artımı üstələməməlidir, əks halda biznesin inkişaf üçün resursu qalmır.
 
Daha bir vacib məqam maliyyə sisteminin açıqlığıdır. Bir çox ölkələrdə beynəlxalq bankların cəlb edilməsi və azad iqtisadi zonaların yaradılması kapital dövriyyəsini kəskin artırmağa imkan verir və bu təcrübə bizim ölkədə tamamilə tətbiq oluna bilər.
 
Və nəhayət, proqnozlaşdırma. Böyük datalara və süni intellektə əsaslanan müasir modellərə keçmədən dəqiq qərarlar qəbul etmək mümkün deyil. Burada söhbət ayrı-ayrı addımlardan deyil, sistemli yanaşmadan gedir. Bütün bu istiqamətlər eyni vaxtda işə salınmayınca, vəziyyəti kökündən dəyişmək çətin olacaq.
 
Tamilla XƏLİLOVA 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər