“Hakimlərlə bağlı qərar vermək lazımdır” - Mircavadov futbolumuzun vəziyyətindən DANIŞDI
İdman
229
14:04, Bu gün

“Hakimlərlə bağlı qərar vermək lazımdır” - Mircavadov futbolumuzun vəziyyətindən DANIŞDI

Moderator.az  xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını AFFA-nın Məşqçilər Komitəsinin üzvü, əməkdar məşqçi Ağasəlim Mircavadov cavablandırıb. Həmkarımız onunla dünəndən müzakirə edilən “Sabah” – “Qarabağ” oyunu, futbolumuzun vəziyyəti və digər mövzular ətrafında söhbətləşib. Müsahibəni təqdim edirik:
 
- Ağasəlim müəllim, əvvəlki dövrlə müqayisədə bu gün Azərbaycan çempionatında rəqabət varmı?
 
- Məncə, 2008-2010-cu illərdə daha çox rəqabət görmək olardı. Həmin vaxt 5-6 klub çempionluq uğrunda rəqabət aparırdı. İndi bir klub mükəmməl rəqabət aparır. Söhbət “Sabah”dan gedir. O biri klublar da mübarizə aparır, amma o dərəcədə yox. İstərdim ki, “Zirə”, “Turan Tovuz”, “Neftçi” kimi klublar da çempionluq uğrunda mübarizə aparsınlar, amma keyfiyyətli mübarizə olsun. Əfsuslar olsun ki, bu yoxdur. Amma “Sabah” öz oyunu ilə bacarır və çox mükəmməl oynayır. Əgər 4-5 klub çempionluq üçün axıra qədər mübarizə apararsa, özləri üçün də yaxşı olar. Çünki həm futbolçular, həm məşqçi korpusu inkişaf edər. Üstəlik, 3-4 il əvvəl yaxşı azarkeş ordusu var idi. Bilirsiniz ki, azarkeş də yaxşı oyuna gəlir. İndi isə o yoxdur. Hazırda futbolun inkişafında maliyyə mühüm rol oynayır. Birincisi keyfiyyətli oyunçu almalısan. Keyfiyyətli oyunçunun da öz qiyməti var. Biz deyə bilərik ki, Azərbaycanda xeyli legioner var, amma onların keyfiyyəti çox aşağıdır. Ona görə də bu məsələlərdə ən əsas rolu maliyyə oynayır.
 
- Siz “Sabah”ın oyununu yüksək qiymətləndirdiniz və çempionatın vəziyyətini müqayisə etdiniz, amma həm dünənki qarşılaşma, həm son həftələr keçirilən digər oyunlarda hakimlərin verdiyi qərarlar da çox müzakirə olunur. Məşqçilər, azarkeşlər haqlı olaraq etiraz bildirirlər. Bəs hakimlərimizin səviyyəsini necə dəyərləndirmək olar?
 
- Mən çalışmışam ki, hakimlərin işinə qiymət verməyim. Ancaq əvvəlki hakimlərlə indikilərin fərqi var. O dövrdə hakimlərin hazırlığı yox idi, özləri hazırlaşırdı. Yadımdadır ki, qış aylarında hakimlərin təlim-məşq toplanışları olmurdu. İndi hakimlər oyunlar olmasa belə, həftədə 2-3 dəfə məşq edirlər. Hətta onlara maaş verilir, bu da yaxşı cəhətdir. Başqa ölkələrdə də bu təcrübə var. Ancaq keyfiyyət baxımdan hakimlər o səviyyədə deyil. Sizin dediyiniz o səhvlər sözsüz ki, oyunun nəticəsinə böyük təsir göstərir. Ona görə də hakimlərlə bağlı qərar vermək lazımdır. Sadəcə, bu məsələdə bir var qərəzli hakim olasan, bir də var səhv edəsən. Səhv həmişə olur, amma o səhvlərin sayını azaltmaq lazımdır. Dünənki oyuna gəldikdə, bu gün dünyada penalti ilə bağlı fərqli qaydalar var. Biri deyir əl aşağıda olmalıdır, biri başqa fikir irəli sürür. Öz fikrimə gəldikdə, penalti var idi. “Qarabağ”ın qapıçısına qırmızı kart verilməsi isə sərt qərardır. Qanunla qapıçı çıxanda və oyunçunu yerə yıxanda uzağı sarı kart verilirdi. Ancaq burda qırmızı kart sərt qərar idi. Halbuki cərimə meydançasından kənarda idi. Əgər qapıçı cərimə meydançasında olsaydı, hakim penalti verərdi. Yəni indi təzə çıxan qanunlar var deyə bu məsələdə birmənalı söz deməyə çətinlik çəkirəm.
 
- Biz neçə illərdir ki, “Qarabağ”ın avrokuboklarda layiqli çıxışını izləyirik. Bəs sizcə, “Sabah” Çempionlar Liqasında bizi necə təmsil edəcək və ümumiyyətlə, xarici məşqçilər Azərbaycan futboluna uğur qazandıra bilirmi?
 
- İstərdim ki, layiqli təmsil etsinlər. Bəzi mövqelərə oyunçular lazımdır. Əgər avrokuboklardan birinin qrupuna düşsələr, iki cəbhədə oynayacaqlar – həm Avropa oyunları, həm yerli çempionat. Ona görə də “Sabah”ın oyunçu seçimi olmalıdır. Ən əsası da keyfiyyətli oyunçular lazımdır. Ümumiyyətlə, biz istərdik ki, daha çox klubumuz avrokuboklarda iştirak etsin.
 
O ki qaldı xarici mütəxəssislərə, müstəqilliyə qovuşandan sonra yerli məşqçilərə üstünlük verirdik. Ovaxtkı dövrlə indi arasında yerlə göy qədər fərq var. O dövrün maliyyəsi, stadionun vəziyyəti, klubların imkanları, şərait... İndi isə şərait var. Yığma komanda üçün də federasiya rəhbərliyi hər bir şərait yaradıb. Klublara gəldikdə, xarici məşqçilərin oyun sisteminə uyğunlaşırlar. Ancaq siz internet resurslarında axtarış verin və tarixə baxın, bu 30 il ərzində bir xarici məşqçi nə isə edibmi? Nə uğurlarımız varsa, o da yerli məşqçilərlə bağlıdır. Xarici məşqçilərin olması pis deyil, buna heç vaxt etiraz etməmişəm. Onlardan də nəsə öyrənmək olar, onlar da bizdən. Yəni rəqabət olmalıdır, sadəcə, sağlam rəqabət...
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər