179
14:38, Bu gün

"Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" - Ulu öndərin təhsilə verdiyi müstəsna dəyər - FOTO

"Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram"- deyirdi ulu öndər Heydər Əliyev. O, bu sözləri müəllim əməyinə, təhsilə və elmə verdiyi yüksək dəyərin ifadəsi kimi 1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayında səsləndirmişdi. Ulu öndər Azərbaycan cəmiyyətinin gələcək inkişafını insan kapitalının formalaşdırılması ilə əlaqələndirərək təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Onun "Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər və mənafelər əsasında qurulmalıdır" fikri bu yanaşmanın mahiyyətini açıq şəkildə ifadə edir. Ötən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatlar təhsil sisteminin inkişafında yeni mərhələnin əsasını qoydu.

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Müəllim peşəsinə münasibəti səmimi və fərqli idi"

Milli Məclisin deputatı Elçin Mirzəbəyli qeyd edir ki, Azərbaycanın müasir dövlətçilik tarixindən danışarkən Heydər Əliyevin təhsil siyasətini ayrıca vurğulamamaq mümkün deyil: "Ulu öndər yaxşı anlayırdı ki, bir xalqın gələcəyi onun təbii sərvətləri ilə deyil, savadlı insanı, düşünən gəncliyi və güclü müəllimi ilə müəyyən olunur. Bu səbəbdən təhsil məsələsi onun fəaliyyətində həmişə xüsusi yer tutub. Müəllim peşəsinə münasibəti səmimi və fərqli idi. Bu yanaşma yalnız çıxışlarda deyil, həyata keçirilən siyasətdə də öz əksini tapırdı. "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" fikri onun müəllimə və məktəbə baxışının ən dolğun ifadəsi idi. O, müəllimi sadəcə peşə sahibi deyil, millətin gələcəyini formalaşdıran mənəvi rəhbər hesab edirdi".

Heydər Əliyevin strateji baxışının nəticəsi

Millət vəkili bildirir ki, müstəqillik illərində Heydər Əliyevin təhsil siyasəti yeni məzmun qazandı: "1990-cı illərin mürəkkəb dövründə ölkədə bir çox sahə böhranla üzləşsə də, təhsil diqqətdən kənarda qalmadı. Ulu öndər yaxşı anlayırdı ki, dövlətin gələcəyi milli düşüncəli, savadlı və vətənpərvər gənclərin yetişdirilməsindən keçir. Onun rəhbərliyi ilə təhsil sistemində milli məzmunun gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Ana dilinin tədrisdə əsas yer tutması, milli-mənəvi dəyərlərin qorunması, gənclərin azərbaycançılıq ruhunda yetişdirilməsi həmin siyasətin əsas xəttini təşkil edirdi. Eyni zamanda, dünya təhsil sisteminə inteqrasiya, yeni tədris metodlarının tətbiqi və islahatların başlanması da bu strateji baxışın nəticəsi idi".

Təhsil sahəsində ilk ciddi dövlət proqramları

Təsadüfi deyil ki, Azərbaycanda təhsil sahəsində ilk ciddi dövlət proqramları da məhz onun təşəbbüsü ilə qəbul edildi. Bu proqramlar ölkənin uzunmüddətli inkişaf konsepsiyasının mühüm hissəsinə çevrildi və sonrakı dövrdə təhsil sisteminin müasir əsaslar üzərində qurulmasına zəmin yaratdı.

Millət vəkili əlavə edir ki, 1969-cu ildən başlayaraq ölkədə təhsil sahəsində geniş dəyişikliklər həyata keçirildi: yeni məktəblər tikildi, ali təhsil müəssisələrinin imkanları genişləndirildi, kənd məktəblərinin vəziyyəti yaxşılaşdırıldı. Ən uzaqgörən addımlardan biri minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi idi. Bu qərarın nəticələri sonrakı onilliklərdə özünü göstərdi. Həmin gənclər ölkənin elmində, səhiyyəsində, sənayesində və dövlət idarəçiliyində mühüm rol oynayan kadr potensialını formalaşdırdılar.

"O an mənim üçün möcüzə idi"

Həmin kadrlardan biri də bu gün Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasının müdiri, professor Gülnarə Əzizovadır. O, 1977-ci ildə Bakı şəhərindəki 18 nömrəli məktəbi qızıl medalla bitirdikdən sonra Moskva Dövlət Universitetinə qəbul olunub: "Elanda gördüm ki, Moskva Dövlət Universitetinə müsabiqədənkənar qəbul var. Həmin dövrdə öz dilində təhsil alanlar rus dilində nüfuzlu universitetlərə qəbul ola bilməzdilər. Qızıl medalın da xüsusi rolu yox idi. Bu şəraiti Heydər Əliyev yaratmışdı. Universitetlərdə xüsusi kvota ayrılmışdı ki, bizim tələbələr də bu imkandan yararlansınlar. Mən də qəbul oldum və biologiya fakültəsinin biokimya ixtisasında təhsil almağa başladım".

Professor qeyd edir ki, həmin universitetdə təhsil almaq onun həyatında dönüş nöqtəsi olub: "Bu gün də o illəri xatırlayanda sanki bir möcüzə kimi gəlir. O zaman Moskva Dövlət Universiteti dünyanın ən nüfuzlu ali məktəblərindən biri idi. Təhsil isə kifayət qədər çətin idi. Amma biz bilirdik ki, arxamızda güclü dəstək var. Moskvada xüsusi nümayəndəlik fəaliyyət göstərirdi və problemlər yarandıqda müraciət edib həm maddi, həm də mənəvi dəstək ala bilirdik. Yaxşı oxuduğuma görə aspiranturaya qəbul olundum, dissertasiyamı müdafiə etdim. İndi isə çalışıram ki, orada qazandığım bilikləri burada tətbiq edim".

G.Əzizova üçüncü kursda oxuyarkən Heydər Əliyevlə görüşünü də xüsusi xatırlayır: "Görüşə bir qədər gecikmişdim. Zala daxil olanda gördüm ki, çıxışı zamanı əlaçı tələbələr sırasında mənim də adımı çəkir. Bu, unudulmaz an idi. Görüşdən sonra özümü çox motivasiyalı hiss edirdim, elə bilirdim ki, ayağım yerdən kəsilib".

Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə 15 mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin 50-dən artıq şəhərində yerləşən 170 ali məktəbdə təhsil alaraq müxtəlif ixtisaslara yiyələnib. Ümummilli lider xaricdə təhsil alan gəncləri daim diqqətdə saxlayır, onları "Azərbaycanın milli sərvəti" adlandırırdı. Onun uzaqgörən siyasəti nəticəsində ölkə üçün güclü kadr potensialı formalaşdı və bu potensial sonrakı dövrdə Azərbaycanın inkişafında mühüm rol oynadı.

Ulu öndər 1998-ci ildə Yaponiyada təhsil alan azərbaycanlı tələbələrlə görüşündə deyirdi: "Azərbaycan gənclərinin dünya ölkələrində təhsil alması mənim həmişə arzum olub. O vaxt bu, SSRİ çərçivəsində mümkün idi, bu gün isə dünya ölkələri bizim üçün açıqdır". Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir və Azərbaycan gənclərinin beynəlxalq təhsil imkanları daha da genişləndirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər