Bazar və marketlərdə satılan təmizləyici vasitələrin keyfiyyəti ilə bağlı narahatlıqlar bu məhsulların sayı kimi artır. Gündəlik istifadə olunan bu məhsulların təhlükəsizliyi artıq istehlakçılar üçün ciddi sual doğurur.
İddialara görə, satışda olan bəzi təmizləyici vasitələrin tərkibi üzərində qeyd edilən məlumatlarla uyğun gəlmir. Eyni məhsul fərqli satış nöqtələrində fərqli keyfiyyətlə təqdim olunur, qablaşdırma eyni olsa da, təsiri və qoxusu dəyişir. Bu isə bazarda saxta və ya keyfiyyətsiz məhsulların dövriyyədə olması ehtimalını gücləndirir.
İstehlakçıların rəyi belədir ki, bu vasitələrdən istifadə zamanı allergik reaksiyalar, dəri qıcıqlanması, hətta kimyəvi yanıq halları ilə qarşılaşırlar. Artan şikayətlər göstərir ki, məsələ artıq ayrı-ayrı hallarla məhdudlaşmır, sistemli problem xarakteri almağa başlayır. Bununla yanaşı, məhsulların keyfiyyətinə nəzarət mexanizmlərinin effektivliyi də sual altına düşür.
Bir sözlə, gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmiş təmizləyicilər həm də potensial sağlamlıq riski kimi qiymətləndirilir.
Beynəlxalq araşdırmalar göstərir ki, bu məhsulların tərkibində olan kimyəvi maddələr düşündüyümüzdən daha təhlükəlidir.

“Environmental Working Group” (EWG) tərəfindən aparılan və “Chemosphere” jurnalında dərc olunan son tədqiqatda 30 təmizləyici məhsul analiz edilib və onlardan 530 müxtəlif uçucu üzvi birləşmə (VOC) aşkar olunub. Bu maddələrin 193-ü insan sağlamlığı üçün təhlükəli hesab olunur və tənəffüs sistemi zədələnməsi, xərçəng riski, eləcə də reproduktiv problemlərlə əlaqələndirilir.
Bu qrup tərəfindən aparılan başqa epidemioloji tədqiqatlara əsasən, 2024-cü ildə 400 qadın üzərində aparılan araşdırmada məişət təmizləyici vasitələrdən istifadə ilə sağlamlıq problemləri arasında birbaşa əlaqə müəyyən edilib. Nəticələrə görə, iştirakçıların 66%-i öskürək, 63.5%-i göz və boğaz qıcıqlanması, 57.8%-i nəfəs darlığı, 53%-i isə baş ağrısına məhz bu cür təmizləyici vasitələr səbəbindən məruz qaldıqlarını bildirib.
Bu vəziyyət bir neçə vacib sualı gündəmə gətirir, bazarda satılan təmizləyici vasitələrlə bağlı problem nədir və bu məhsullar necə dövriyyəyə daxil olur?
Müşahidələr və istehlakçı şikayətləri göstərir ki, əsas problem saxta və ya standartlara cavab verməyən məhsulların bazarda geniş yayılmasıdır. Bu məhsulların bir hissəsində tərkib və etiket məlumatları arasında ciddi uyğunsuzluqlar var. İstehlakçının təhlükəsiz hesab etdiyi vasitə əslində daha güclü təsirə malik, dərini və tənəffüs yollarını zədələyə bilən aqressiv kimyəvi maddələrdən ibarət ola bilər.
Nəticədə isə sağlamlığa təsirlər qaçılmaz olur, allergik reaksiyalar, dermatit, dəri zədələnməsi və hətta kimyəvi yanıq halları getdikcə daha çox qeydə alınır.
Bəs bu məhsullar bazara necə daxil olur?
Mütəxəssislər ehtimal edir ki, əsas səbəblər arasında xaricdən ucuz məhsul almaq yolu ilə ölkəyə gətirilən məhsullar, sertifikatsız idxal və bəzi hallarda yerli istehsalda nəzarətin yetərli olmaması dayanır. Bu isə o deməkdir ki, məhsul istehlakçıya çatana qədər keçməli olduğu yoxlama mərhələlərindən ya yayınır, ya da bu mərhələlər formal xarakter daşıyır.
Digər mühüm məsələ isə satış nöqtələrində, market və bazarlarda yoxlama mexanizmlərinin effektivliyidir.
Satıcılar məhsulun keyfiyyətinə nə dərəcədə cavabdehdir və bu məhsullar rəflərə çıxmazdan əvvəl hansı nəzarətdən keçir?
Məsuliyyət zənciri burada bir neçə tərəfi əhatə edir, məhsulu istehsal edən istehsalçı, onu ölkəyə gətirən idxalçı və birbaşa istehlakçıya təqdim edən satıcılar. Lakin bu zəncirin üzərində dayanan əsas mexanizm dövlət nəzarətidir.
Azərbaycan qanunvericiliyinə əsasən, bu sahəyə bir neçə qurum nəzarət etməlidir. Bunlar arasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və standartlaşdırma üzrə məsul qurumlar yer alır.
Məhz bu qurumların nəzarət mexanizmlərinin effektivliyi bazarda keyfiyyətli və təhlükəsiz məhsulların təmin olunmasında həlledici rol oynayır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, saxta məhsullar problemi Azərbaycan bazarında geniş yayılıb və demək olar ki, bütün sahələri əhatə edir.
Onun sözlərinə görə, aparılan araşdırmalar göstərir ki, bazarın müxtəlif seqmentlərində saxta malların payı kifayət qədər yüksəkdir.
Bu problem təmizləyici vasitələr bazarından da yan keçməyib. E.Hüseynovun sözlərinə görə, illərdir bazarlarda yuyucu vasitələrin açıq şəkildə satılması müşahidə olunur və bu məhsulların böyük hissəsi saxta hesab edilir.
“Bu mallar saxtadır və çox təəssüf ki, onları ölkəyə gətirənlər, eləcə də rəsmi nümayəndələr bu məsələdə ciddi mübarizə aparmırlar. Sanki bu məsələdə “Üç müşkütyor” qanunu işləyir, – "Birimiz hamımız, hamımız birimiz üçün". Araşdırmalar bəzi hallarda rəsmi distribütorların passivliyinin onların bu prosesə dolayısı ilə şərik olmasına dair şübhələr yaradır”, – deyə o əlavə edir.
Birlik sədri konkret faktlara da diqqət çəkir. Onun sözlərinə görə, istifadə müddəti bitmiş məhsulların yenidən qablaşdırılaraq bazara çıxarılması halları mövcuddur:
“Ofisimizdə uzun müddət Ukraynadan gətirilmiş yuyucu sabunlar olub ki, istifadə müddəti keçib, elə Ukraynada yenidən üzərinə yeni tarix yazılıb. Bu yazılar adi tuşla qeyd olunub və asanlıqla silinir”.

Eyyub Hüseynov qeyd edir ki, digər problem idxal olunan məhsulların düzgün markalanmaması ilə bağlıdır. Xüsusilə, İrandan gətirilən məhsulların Azərbaycan dilində etiketinin olmaması istehlakçılar tərəfindən narazılıqla qarşılanır. O xəbərdarlıq edir ki, bu cür kimyəvi vasitələr insan sağlamlığı üçün təhlükə yarada bilər, xüsusilə dəri xəstəliklərinə səbəb ola bilər.
Onun fikrincə, mövcud vəziyyətin əsas səbəblərindən biri də nəzarət mexanizmlərinin yetərsizliyidir. E.Hüseynov bildirir ki, bəzi hallarda biznes subyektləri onlara yaradılan əlverişli şəraitdən sui-istifadə edərək istehlakçıları aldadır.
Həmsöhbətimiz istehlakçıların hüquqlarına da diqqət çəkib. Onun sözlərinə görə, hər bir vətəndaş aldığı məhsulun mənşə sənədini tələb etmək hüququna malikdir. Lakin o qeyd edir ki, real vəziyyət fərqlidir, bazarda satılan məhsulların böyük hissəsinin mənşə sənədləri təqdim olunmur.
“Əgər ümumi götürsək, satış şəbəkəsində olan malların təxminən 80%-nin mənşə sənədi yoxdur. Bu isə birbaşa istehlakçı hüquqlarının pozulması deməkdir”, – deyə Eyyub Hüseynov vurğulayıb.
O, vətəndaşlara belə hallarla qarşılaşdıqda müvafiq qurumlara müraciət etməyi tövsiyə edir və bildirir ki, bu cür məlumatlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırılmalıdır.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov vurğulayıb ki, məsələ qüvvədə olan qanunvericiliyin tələbləri baxımından mühüm əhəmiyyət kəsb edir:
“Azərbaycan Respublikasında qəbul edilmiş normativ-hüquqi aktlara əsasən, təmizləyici vasitələr də daxil olmaqla kimyəvi məhsulların istehsalı, idxalı və realizasiyası müvafiq qaydalarla tənzimlənir. Qanunvericiliyə uyğun olaraq, bu məhsulların tərkibi barədə düzgün məlumat verilməsi, təhlükəsizlik standartlarına cavab verməsi və sertifikatlaşdırılması məcburidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” qanunlara əsasən, insan sağlamlığına və ətraf mühitə təsir göstərə bilən məhsullar xüsusi nəzarət qaydasında müvafiq orqanlar tərəfindən tənzimlənir”.
Deputat vurğulayıb ki, qanunvericiliyə əsasən, bu sahədə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir və məhsulların uyğunluğunun qiymətləndirilməsi, laborator yoxlamalar, eyni zamanda bazar nəzarəti tədbirləri təmin olunur.
“Eyni zamanda, ekoloji təhlükəsizlik prinsiplərinə uyğun olaraq kimyəvi maddələrin ətraf mühitə təsirinin minimuma endirilməsi, su və torpaq ehtiyatlarının qorunması, tullantıların düzgün idarə olunması ilə bağlı hüquqi tələblər müəyyən edilmişdir.
Pozuntulara yol verildiyi halda qanunvericilikdə inzibati məsuliyyət tədbirləri nəzərdə tutulur. Konkret faktlarla bağlı adiyyatı qaydada icra orqanlarına müraciət edilməlidir”, - S. Qurbanov bildirib.

Milli Məclisin deputatı Azər Badamov isə bildirir ki, son vaxtlar cəmiyyətdə yuyucu və təmizləyici vasitələrin keyfiyyəti ilə bağlı narahatlıqların artması təsadüfi deyil.
Onun sözlərinə görə, hər bir istehlakçı təhlükəsiz və keyfiyyətli məhsuldan istifadə etmək istəyir. Lakin bazarda bəzi hallarda keyfiyyətsiz məhsulların satışına rast gəlinir:
“Bəzən məhsulun xarici görünüşü və markalanması standartlara uyğun olur, amma keyfiyyət göstəriciləri bu tələblərə cavab vermir”.
Deputat qeyd edir ki, ölkədə təmizləyici vasitələrin istehsalı və satışı ilə bağlı müvafiq norma və standartlar mövcuddur və bu sahədə qanunvericilik bazası kifayət qədər genişdir.
“Məhsulların istehsalı, idxalı və satışı prosesinə nəzarət bir neçə dövlət qurumu tərəfindən həyata keçirilir. Bu sahədə əsas nəzarət funksiyasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yerinə yetirir”.
Bununla belə, deputat bildirir ki, bazarda məhsul çeşidinin çoxluğu səbəbindən bütün proseslərə tam və fasiləsiz nəzarət etmək fiziki baxımdan çətindir. O hesab edir ki, bu səbəbdən məsuliyyət yalnız dövlət qurumlarının üzərinə düşməməlidir.
“Keyfiyyətsiz məhsulların qarşısının alınmasında vətəndaşların da rolu böyükdür. Əgər hər kəs belə hallarla qarşılaşdıqda aidiyyəti qurumlara məlumat versə, ictimai nəzarət güclənər və qanunsuzluqlar daha tez aşkarlanar”, – deyə o qeyd edib.
Deputat əlavə edib ki, dövlət qurumlarının “qaynar xətt” xidmətləri fəaliyyət göstərir və vətəndaşlar bu imkanlardan istifadə etməlidirlər.
“Problemin həlli üçün cəza mexanizmlərinin də sərtləşdirilməsi vacibdir. Bu sahədə həm qanunvericilik təkmilləşdirilməli, həm də mövcud nəzarət mexanizmləri daha da gücləndirilməlidir”, – o vurğulayıb.

"Referans" klinikasının dermatoloqu Nuranə İbrahimova bildirir ki, gündəlik istifadə olunan kimyəvi tərkibli yuyucu vasitələr uzunmüddətli istifadədə dəri üçün ciddi risklər yaradır:
“Bu yuyucu vasitələr uzun müddət istifadə olunduqda dərinin normal lipid təbəqəsini pozur. Bu təbəqə dərini qoruyan əsas baryerdir və onun zədələnməsi dərinin müdafiəsini zəiflədir”.
Onun sözlərinə görə, bu proses nəticəsində dəridə bir sıra xoşagəlməz hallar yaranır:
“Belə vasitələrin davamlı istifadəsi dəridə normadan artıq quruluğa səbəb olur. Quruluq isə öz növbəsində qabıqlanma, çatlar və hətta qanayan yaralara qədər gedib çıxa bilər. Nəticədə müxtəlif dermatitlər formalaşır və bu artıq tibbi müdaxilə tələb edən mərhələyə keçir”.
Mütəxəssis qeyd edir ki, düzgün qulluq bu riskləri azaltmaq üçün əsas şərtdir: “Əgər gündəlik olaraq daha yumşaq, dəriyə uyğun yuyucu vasitələrdən istifadə olunsa və paralel olaraq nəmləndirici kremlər tətbiq edilsə, bu kimi problemlərin qarşısını almaq mümkündür. Amma burada əsas məsələ odur ki, istifadə olunan nəmləndiricilər təsadüfi yox, dəri tipinə uyğun, müalicəvi xüsusiyyətli məhsullar olsun”.
Nuranə İbrahimova xüsusilə qoruyucu tədbirlərin vacibliyini vurğulayır: “İnsanlar çox vaxt bu məsələni kiçik hesab edir, amma kimyəvi vasitələrlə birbaşa təmas dərini sürətlə zədələyir. Buna görə də ev işləri zamanı mütləq qoruyucu əlcəklərdən istifadə edilməlidir. Bu, ən sadə, amma ən effektiv qorunma üsullarından biridir”.
Onun sözlərinə görə, bəzi risk qrupları daha diqqətli olmalıdır: “Əgər şəxsdə artıq ekzema, kontakt dermatit, psoriaz və ya digər dəri xəstəlikləri varsa, bu cür məhsulların istifadəsi vəziyyəti daha da ağırlaşdıra bilər. Bu insanlar xüsusilə diqqətli olmalı və mümkün qədər kimyəvi təsiri minimuma endirməlidirlər”.
Sonda dermatoloq xəbərdarlıq edir ki, ilkin simptomlar belə ciddi qəbul olunmalıdır: “Əgər bu vasitələrdən istifadə zamanı dəridə qaşınma, qızartı, qabıqlanma, çatlar və ya qanama müşahidə olunursa, bunu sadə qıcıqlanma kimi qəbul etmək olmaz. Belə hallarda mütləq dermatoloqa müraciət etmək lazımdır. Vaxtında müdaxilə olunmasa, problem xroniki xarakter ala bilər”.

Hüquqşünas Əliməmməd Nuriyev saytımıza açıqlamasında cəmiyyətdə artıq bu məsələ ilə bağlı geniş müzakirələr apardığını deyib: “Biz tez-tez həm kütləvi informasiya vasitələrindən, həm də sosial şəbəkələrdən saxta məhsullarla bağlı məlumatlar alırıq. Bu, təkcə təmizləyici vasitələrlə bağlı deyil, dərman preparatlarından tutmuş digər məhsullara qədər geniş sahəni əhatə edir. İnsanlar artıq məhsulun qiymətindən çox, onun nə dərəcədə təhlükəli olduğuna diqqət yetirirlər”.
Əliməmməd Nuriyev vurğulayır ki, problem birbaşa iki amillə bağlıdır, istehsalçının məsuliyyəti və dövlət nəzarətinin effektivliyi:
“Burada həm istehsalçının məsuliyyəti ortaya çıxır, həm də dövlət nəzarətinin nə dərəcədə effektiv olması sual doğurur. Əgər məhsulun tərkibi düzgün göstərilmirsə və ya saxtalaşdırılırsa, bu artıq istehlakçının düzgün məlumat almaq hüququnun pozulması deməkdir”.
Hüquqşünas qeyd edir ki, bu kimi hallar Azərbaycan qanunvericiliyində aydın şəkildə tənzimlənir: “Bu məsələ həm İnzibati Xətalar Məcəlləsində, həm Cinayət Məcəlləsində, həm də Mülki Məcəllədə nəzərdə tutulub. Yəni bu cür pozuntular yalnız etik problem deyil, hüquqi məsuliyyət yaradan əməldir”.
O, konkret olaraq İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə istinad edir:

“İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi istehlakçıların hüquqlarının pozulmasını nəzərdə tutur. Burada malın keyfiyyəti, tərkibi və istehlak xüsusiyyətləri ilə bağlı istehlakçının aldadılması halları əhatə olunur. Belə hallarda fiziki şəxslər 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 4000 manatdan 6000 manata qədər cərimə oluna bilər”.
Ə. Nuriyev bildirir ki, məsələ bununla bitmir və daha ağır hallar cinayət məsuliyyəti yaradır:
“Əgər sübut olunarsa ki, istehsalçı məhsulun tərkibini bilərəkdən saxtalaşdırıb və ya təhlükəli komponentləri gizlədib, bu artıq inzibati xəta deyil, cinayət məsuliyyəti yaradan əməldir. Bu halda Cinayət Məcəlləsinin 200-cü maddəsi tətbiq olunur”.
Onun sözlərinə görə, xüsusilə məhsulun insan sağlamlığına zərər vurması hallarında məsuliyyət daha da ağırlaşır: “Əgər bu cür məhsulların istifadəsi nəticəsində zəhərlənmə, allergik reaksiya və ya digər sağlamlıq problemləri yaranırsa, bu artıq təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasıdır. Belə hallarda məsuliyyət həm sərtləşir, həm də cəzalar daha ağır olur. Hətta bəzi hallarda bu, azadlıqdan məhrumetməyə qədər gedib çıxa bilər”.
Hüquqşünas əlavə edir ki, qanunvericilikdə cəzalar pozuntunun miqyasına görə dəyişir: “Əgər istehlakçının aldadılması xeyli miqdarda olarsa, 3000 manatdan 5000 manata qədər cərimə və ya ictimai işlər nəzərdə tutulur. Eyni əməllər təkrar və ya qrup halında törədilərsə, cəza daha da ağırlaşır və hətta 6 ilə qədər azadlıqdan məhrumetmə tətbiq oluna bilər”.
Əliməmməd Nuriyev hesab edir ki, mövcud problemlərin səbəblərindən biri də nəzarət mexanizmlərinin tam effektiv işləməməsidir: “Bazarda belə halların olması yalnız istehsalçıların məsuliyyətsizliyi ilə bağlı deyil. Burada həm də nəzarət mexanizmlərinin tam işləməməsi və istehlakçıların öz hüquqlarından kifayət qədər istifadə etməməsi rol oynayır. Bəzən yoxlamalar formal xarakter daşıyır və proses sona qədər aparılmır”.
Sonda hüquqşünas istehlakçılara müraciət edərək onları daha aktiv olmağa çağırıb: “İstehlakçı bu prosesdə passiv olmamalıdır. Şübhəli məhsulla qarşılaşdıqda mütləq qəbz və qablaşdırmanı saxlamalı, əvvəlcə satıcıya müraciət etməli, nəticə olmadıqda isə aidiyyəti dövlət qurumlarına şikayət etməlidir. Yalnız bu halda belə halların qarşısını almaq mümkün olacaq”.

Avropa ölkələrində təmizləyici və kimyəvi vasitələrin bazara çıxarılması ciddi nəzarət mexanizmləri ilə tənzimlənir və bu sistem real nümunələrlə öz effektivliyini göstərir.
Məsələn, 2023-cü ildə Avropa Komissiyasının Safety Gate (RAPEX) sistemi vasitəsilə Almaniyada satışda olan bir neçə təmizləyici vasitə təhlükəli hesab edilərək bazardan geri çağırılıb. Səbəb isə məhsulun üzərində göstərilməyən, lakin laborator analiz zamanı aşkar olunan yüksək konsentrasiyalı kimyəvi maddələr olub. Bu məhsullar qısa müddətdə bütün satış şəbəkələrindən yığışdırılıb və istehlakçılara rəsmi xəbərdarlıq edilib.
Avropada məhsulun bazara çıxması üçün əsas şərtlərdən biri REACH qeydiyyatıdır. Bu sistemə əsasən, istehsalçı məhsulun tərkibini əvvəlcədən təqdim etməli və onun təhlükəsizliyini sübut etməlidir. Məsələn, 2022-ci ildə İtaliyada bir neçə idxalçı şirkət məhz bu tələblərə əməl etmədiyi üçün bazardan uzaqlaşdırılıb və onlara qarşı yüz minlərlə avro cərimə tətbiq olunub.
Laboratoriya yoxlamaları isə yalnız ilkin mərhələ ilə məhdudlaşmır. Fransada 2021-ci ildə aparılan yoxlamalar zamanı bazarda satılan bəzi dezinfeksiyaedici vasitələrin tərkibinin etiketlə uyğun gəlmədiyi aşkarlanıb. Nəticədə həmin məhsullar satışdan çıxarılıb və şirkətlər cərimələnib.
Cəza mexanizmi isə kifayət qədər sərtdir. Məsələn, İspaniyada istehlakçı təhlükəsizliyini pozan məhsulların satışına görə şirkətlərə 600 min avroya qədər cərimə tətbiq oluna bilər. Təkrar pozuntular zamanı isə fəaliyyətin dayandırılması və ya lisenziyanın ləğvi də mümkündür.
Avropada diqqət çəkən ən vacib mexanizmlərdən biri isə marketlərin məsuliyyətidir. Böyük satış şəbəkələri satdıqları məhsullara görə birbaşa cavabdehdir. Məsələn, Almaniyada bir neçə supermarket şəbəkəsi təhlükəli məhsulu vaxtında geri çağırmadığı üçün əlavə sanksiyalarla üzləşib.
Ümid edək ki, bizdə də analoji hallarda ciddi tədbirlər həyata keçiriləcək.