İlham Əliyevin təhlükəsizlik modelinin üç “qızıl sütunu”: Güc, sayıqlıq və həmrəylik!
Ekskluziv
139
19:59, Bu gün

İlham Əliyevin təhlükəsizlik modelinin üç “qızıl sütunu”: Güc, sayıqlıq və həmrəylik!

Məlum olduğu kimi, müasir dünyamızda təhlükəsizlik ən başlıca problem olaraq qalmaqdadır. Xüsusilə də, Yaxın Şərq, Cənubi Qafqaz kimi tarixi qaynar nöqtələrdə etibarlı təhlükəsizlik modelinin formalaşdırılması həyati əhəmiyyət kəsb edir. Bu baxımdan 44 günlük Vətən müharibəsi və ondan sornakı mərhələdə Azərbaycan dövlətinin atdığı addımlar, həyata keçirdiyi tədbirlər mühüm əhəmiyyət kəsb edir.

Hər şeydən öncə qeyd edək ki, 2020-ci ildə güc faktoru əsasında işğal problemini ortadan qaldıran Azərbaycan, bu gün də məlum faktoru öz təhlükəsizliyinin əsas qarantı hesab edir. Bu səbəblə də Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi, ölkəmizin müdafiə və təhlükəsizlik qabiliyyətinin yüksəldilməsi prosesi fasiləsiz olaraq davam etdirilir.

Xatırladaq ki, Prezident İlham Əliyev zaman-zaman öz çıxış və müsahibələrində xalqımızın özünə, öz gücünə güvənməsinin vacibliyini qeyd edib, 8 Noyabr zəfərini güc amilinin önəminin bariz nümunəsi kimi təqdim edim. Nümunə üçün qeyd edək ki, dövlət başçısı 20 sentyabr 2024-cü il tarixində Qarabağ Universitetinin təmirdən sonra açılışındakı nitqi zamanı deyib:

“Biz bütün dünyaya və bu gün işğaldan əziyyət çəkən, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Amma dünyada ədalət var. Prezident kimi müəyyən dövrlərdə mənim də ağlıma belə fikirlər gəlirdi ki, yəqin dünyada ədalət yoxdur. Amma bilirdim ki, bu ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Sən haqlısan, bütün dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq nəticə yoxdur. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır. Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Bu, önəmlidir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir. Bunu təmin etmək üçün əlbəttə ki, dövlət siyasəti olmalıdır və var”. (//president.az/az/articles/view/66894/print ).

Göründüyü kimi, güc faktoru İlham Əliyevin təhlükəsizlik modelinin ilk “qızıl sütununu” təşkil edir.

Müzəffər Ali Baş Komandan “sayıqlıq” amilini mövcud və gələcək təhlükəsizliyimizin ikinci mühüm qarantı hesab edir. Tarixən təkrarlanan erməni vəhşiliklərinə diqqət çəkən dövlət başçısı bu gün Ermənistan cəmiyyətində anti-Azərbaycan qüvvələrinin aktiv olduğunu bildirir, mümkün təhlükələrdən qorunmaq üçün daim ayıq-sayıq olmağın vacibliyini vurğulayır. Prezident İlham Əliyevin 10 may 2026-cı il tarixində Zəngilan sakinləri ilə görüşü zamanı səsləndirdiyi fikirlər bu baxımdan xüsusi önəm kəsb edir:

“Azərbaycan xalqı erməni xalqına heç bir pislik etməmişdir. Onların bizə olan nifrətinin səbəblərini yəqin ki, psixiatrlar, psixoloqlar, həkimlər araşdırmalıdırlar. Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq”. (//president.az/az/articles/view/72343 ).

Prezident İlham Əliyevin təhlükəsizlik fəlsəfəsində üçüncü mühüm amili isə həmrəylik təşkil edir. Hansı ki, dövlət başçısı öz çıxışlarında bu faktoru Azərbaycanın tarixi qələbəsinin - 8 Noyabr zəfərinin əldə edilməsində ən ümdə amil adlandırıb.

Buna nümunə olaraq Prezidentin Qarabağ Universitetinin təmirdən sonra açılışındakı nitqinə nəzər salmaq kifayətdir. Dövlət başçısı həmin tarixi çıxışında deyib:

“Cəmiyyətdə birlik olmalıdır, bu da var. 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar. Bizim bu 30 illik işğal dövrümüz onu göstərdi”. (//president.az/az/articles/view/66894/print )

Bəli, Azərbaycanın öz zəfər yolu, mübarizə yolu əsasında formalaşdırdığı etibarlı təhlükəsizlik modeli mövcuddur və bu model yalnız bu gün deyil, illər, əsrlər sonra da xalqımızın və dövlətimizin təhlükəsizliyini təmin etməyə qadirdir. Bunun üçün məlum modelin tələblərindən irəli gələn bütün zəruri addımları atmaq və bu tələblərin hər birinə əməl etmək kifayətdir.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər