Dünya
222
19:55, Bu gün

"Fələstinlilərə qarşı seksual zorakılıq adi praktikaya çevrilib" - "The New York Times"

"Fələstinli kişi, qadın və uşaqlar israilli hərbçilər, həbsxana nəzarətçiləri və təhlükəsizlik əməkdaşları tərəfindən seksual işgəncələrə məruz qaldıqlarını deyirlər..."

İsrail ordusu və həbsxana əməkdaşlarının fələstinlilərə qarşı seksual zorakılıq törətməsi ilə bağlı ciddi ittihamlar gündəmə gəlib.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" qəzetinin tanınmış köşə yazarı Nikolas Kristofun geniş araşdırmasında deyilir.

"Boğucu səssizlik"

Məqalədə həm qadınların, həm kişilərin, həm də azyaşlıların israilli hərbçilər, həbsxana nəzarətçiləri, məskunlaşanlar və daxili təhlükəsizlik xidməti əməkdaşları tərəfindən ağır seksual işgəncələrə məruz qaldıqları barədə ifadələr yer alıb.

Kristof yazır ki, 7 oktyabr hadisələrindən sonra İsrail rəhbərliyi HƏMAS tərəfindən israilli qadınlara qarşı törədilmiş seksual zorakılığı sərt şəkildə pisləmişdi. Lakin jurnalistin sözlərinə görə, indi eyni mövzuda fələstinlilərin iddiaları qarşısında "boğucu bir səssizlik" hökm sürür.

"Mən ölüm üçün dua edirdim..."

Araşdırmada ən ağır ifadələrdən biri 46 yaşlı fələstinli jurnalist Sami əl-Sayın hekayəsidir. Onun sözlərinə görə, 2024-cü ildə saxlanıldıqdan sonra həbsxanaya gətirilərkən israilli nəzarətçilər tərəfindən yerə yıxılıb, döyülüb və soyundurulub. Sami əl-Say bildirib ki, nəzarətçilərdən biri rezin dəyənəklə ona seksual işgəncə verməyə çalışıb. 

O deyib ki, sonradan həmin işgəncə davam etdirilib və israilli nəzarətçilər bu zaman gülərək onu alçaldıblar. "Mən ölüm üçün dua edirdim", - deyə o bildirib. Onun sözlərinə görə, qadın nəzarətçilərdən biri cinsiyyət orqanını sıxaraq istehza edib. Daha sonra isə onu qan içində kameraya qaytarıblar.

Qadın məhbusların ifadələri

Araşdırmada qadın məhbusların da ağır ifadələri yer alıb. "Euro-Med Human Rights Monitor" təşkilatının hesabatında qeyd olunur ki, 42 yaşlı bir qadın israilli əsgərlər tərəfindən çılpaq halda metal masaya bağlanıb və iki gün ərzində zorakılığa məruz qalıb.

Qadının sözlərinə görə, hadisə videoya çəkilib və sonradan həmin görüntülərlə onu İsrail kəşfiyyatı ilə əməkdaşlığa məcbur etməyə çalışıblar. Digər qadın məhbuslar isə dəfələrlə soyundurulduqlarını, döyüldüklərini və kişilərlə qadın nəzarətçilərin iştirakı ilə alçaldıldıqlarını bildiriblər.

"Bu artıq sistemə çevrilib"

Kristof qeyd edir ki, bu iddialar tək-tək hadisələr deyil. Məqalədə istinad olunan "United Nations" hesabatında seksual zorakılığın İsrail təhlükəsizlik sistemində "standart əməliyyat prosedurlarından biri"nə çevrildiyi vurğulanıb. Cenevrədə fəaliyyət göstərən "Euro-Med Human Rights Monitor" isə İsrailin "dövlət siyasəti səviyyəsində sistemli seksual zorakılıq" tətbiq etdiyini bildirib.

Araşdırmada həmçinin qeyd olunur ki, 7 oktyabr hadisələrindən sonra təkcə İordan çayının qərb sahilində 20 minə yaxın fələstinli saxlanılıb. Hazırda isə 9 mindən çox insan hələ də həbsdədir və onların bir çoxuna qarşı rəsmi ittiham irəli sürülməyib.

"Şikayət etsəniz, yenə zorlayacağıq"

Araşdırmada adı açıqlanmayan bir fermerin ifadəsi də yer alıb. O bildirib ki, həbsdə olduğu müddətdə israilli nəzarətçilər tərəfindən dəfələrlə metal dəyənəklə zorlanıb. Fermer deyib ki, hadisədən sonra şikayət etmək istəyəndə nəzarətçilər yenidən kameraya daxil olaraq onu döyüb və təkrar zorakılıq tətbiq ediblər.

Onun sözlərinə görə, nəzarətçilər istehza ilə "indi şikayət üçün daha çox sübutun var" deyiblər. Bir neçə gün sonra həmin şəxs adının açıqlanmasını istəmədiyini bildirib. Çünki İsrailin daxili təhlükəsizlik xidməti Şin Bet tərəfindən xəbərdarlıq aldığını deyib.

İsraildə cəzasızlıq ittihamı

İsrail-amerikalı hüquq müdafiəçisi Sari Başi bildirib ki, fələstinli məhbuslara qarşı seksual zorakılıq artıq "normaya çevrilib". Onun sözlərinə görə, işgəncələrlə bağlı yüzlərlə şikayət təqdim olunsa da, demək olar ki, heç biri cinayət işi ilə nəticələnməyib. Bu isə zorakılığa "yaşıl işıq" yandırır.

2024-cü ildə Qəzzadan olan bir məhbusun ağır daxili zədələrlə xəstəxanaya yerləşdirildiyi, hadisə ilə bağlı doqquz israilli hərbçinin saxlanıldığı bildirilir. Lakin sonradan ittihamlar ləğv olunub və hərbçilərin xidmətə qayıtmasına icazə verilib. Benyamin Netanyahu isə həmin qərarı "qan böhtanının sona çatması" adlandırıb və İsrail əsgərlərini "qəhrəman döyüşçülər" kimi müdafiə edib.

Kristof yazır ki, cəzasızlıq və insanın düşmən kimi tamamilə "dehumanizasiya" olunması bu cür vəhşiliklərin əsas səbəblərindən biridir. Jurnalist ABŞ-ın İraqdakı Əbu-Qreyb həbsxanasında baş vermiş işgəncələri xatırladaraq bildirir ki, oxşar mexanizmlər burada da işləyir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər