Ekskluziv
352
21:31, Bu gün

"Hörmüz bizim əlimizdədir": Tehran ABŞ və İsrailə sərt mesaj göndərdi" - "Tasnim News"

"İran rəhbərliyi ordunu tam döyüş hazırlığına gətirib, ABŞ bazaları və Hörmüz boğazı ilə bağlı yeni hədələr səsləndirib..."
 
İranın ali dini lideri ayətullah Seyid Müctəba Xamenei ölkənin yüksək hərbi komandanlığı ilə qapalı toplantı keçirərək silahlı qüvvələrin tam döyüş hazırlığında saxlanılması barədə yeni göstərişlər verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Tasnim News" nəşri yazıb.
 
Xameneidən yeni hərbi göstərişlər
 
Məlumata görə, görüş zamanı İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" qərargahının rəhbəri general-mayor Əli Abdullahi ordunun, SEPAH-ın, sərhəd qüvvələrinin və təhlükəsizlik xidmətlərinin hazırlıq vəziyyəti barədə məruzə edib. General bildirib ki, İran qüvvələri həm müdafiəyə, həm də ABŞ və İsrailə cavab zərbələri endirməyə tam hazırdır.
 
İran tərəfi xəbərdarlıq edib ki, Tehrana qarşı istənilən "strateji səhv" və ya hücum "sürətli, dağıdıcı və qəti cavabla" nəticələnəcək. Xamenei isə qeyd edib ki, əvvəlki əmrlər ABŞ və İsrailin məqsədlərinə çatmasına imkan verməyib və İran bundan sonra da düşmənlərinə qarşı "sərt cavab" siyasətini davam etdirəcək.
 
Hörmüz boğazı ilə bağlı yeni hədələr
 
Tehran eyni zamanda ABŞ və regiondakı Amerika bazalarına qarşı yeni təhdidlər səsləndirib. SEPAH bəyan edib ki, ABŞ İran tanker və gəmilərinə yenidən zərbə endirərsə, regiondakı Amerika bazaları və "düşmən gəmiləri" hədəfə alınacaq.
İran hərbi dəniz qüvvələrinin nümayəndələri isə bildiriblər ki, ölkə hücuma məruz qalarsa, Hörmüz boğazından "bir damla belə neft keçməyəcək". 
 
İran ordusunun rəsmiləri əlavə ediblər ki, kiçik sualtı qayıqlar artıq döyüş hazırlığı vəziyyətinə gətirilib. Bəzi İran siyasətçiləri isə ölkənin artıq "dünyanın dördüncü supergücünə" çevrildiyini iddia ediblər. Parlament sədrinin müavini Həmidrza Babai bildirib ki, bundan sonra Hörmüz boğazından heç bir tanker İranın icazəsi olmadan keçə bilməyəcək.
 
Vaşinqton cavab gözləyir
 
Tehranda səslənən sərt bəyanatlar fonunda ABŞ administrasiyasının İranla mümkün razılaşma üçün cavab gözlədiyi bildirilir. Qərb mediasının yazdığına görə, Vaşinqton Hörmüzdə gəmiçiliyin təhlükəsizliyi müqabilində müharibənin dayandırılması variantını da nəzərdən keçirir.
 
Lakin Tehran açıq şəkildə bəyan edir ki, boğaza nəzarət rıçağı İranın əlində qalacaq. İran rəsmiləri bildirirlər ki, onların siyasəti "kompromis və ya təslimçilik deyil, ABŞ-la qarşıdurmadır".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər