Mərhum Yuri Şatunovun həyat yoldaşı məhkəmədə qalib gəlib
Dünya
150
20:10, Bu gün

Mərhum Yuri Şatunovun həyat yoldaşı məhkəmədə qalib gəlib

Krasnodar diyarının Apellyasiya Məhkəməsi mərhum müğənni Yuri Şatunovun həyat yoldaşı Svetlananın şikayətini təmin edib. Şikayət Soçinin Xostinski Rayon Məhkəməsinin 2007-ci il tarixli qərarı ilə "Laskoviy May" qrupunun mahnılarının hüquqlarının prodüser Andrey Razinə (hazırda dələduzluq ittihamı ilə qiyabi həbsdədir) verilməsi ilə bağlı olub.

Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sənətçinin ailəsini təmsil edən vəkillərin sözlərinə görə, məhkəmənin çıxardığı qərar dərhal icraya yönəldilib.

"Məhkəmə apellyasiya şikayətində Razinin mövqeyindəki ziddiyyətlərlə bağlı göstərilən dəlilləri qəbul edib. Belə ki, 2005-ci ildə Soçinin Xostinski Rayon Məhkəməsində keçirilən proses zamanı cavabdeh Razin mahnıların əsl müəllifinin Sergey Kuznetsov olduğunu bildirmişdi. Lakin 2007-ci ildə o, əsərlərin özünə məxsus olduğunu iddia etməyə başlamışdı. Məhkəmə iddiamızı dəstəkləyərək bildirdi ki, bu işə iddia icraatı qaydasında baxılmalı idi və xüsusi icraat çərçivəsində hüquqi faktın tanınması kobud prosessual qayda pozuntusudur. Qərar dərhal qüvvəyə minir", - deyə vəkil Oleq Sitnikov bildirib.

Digər vəkil Asel Muxtarova-Kazarnovskaya əlavə edib ki, məhkəmə Razinin nümayəndəsinin müəllifliyi sübut etdiyi iddia olunan əlyazma notlarla bağlı arqumentlərini əsassız hesab edib.

"Apellyasiya baxışı zamanı qarşı tərəfin musiqi təhsili və notlarla bağlı iddialarına baxmayaraq, sabiq prodüserin təqdim etdiyi sənədlərdə ciddi musiqi xətaları aşkar etdik", - deyə Şatunov ailəsinin hüquqşünası vurğulayıb.

Xatırladaq ki, 2025-ci il dekabrın 4-də Soçinin Xostinski Rayon Məhkəməsi Razinin yeni açılmış hallar əsasında müəllif hüquqları ilə bağlı işə yenidən baxılması tələbini araşdırıb.

Qeyd edək ki, Şatunovun həyat yoldaşı və övladları daha əvvəl Razinə qarşı məhkəməyə müraciət edərək "Ağ Güllər", "Boz Gecə" və "Çəhrayı Axşam" da daxil olmaqla ümumilikdə 23 mahnının müstəsna hüquqlarının onlara verilməsini tələb etmiş və məhkəmədə qalib gəlmişdilər. Razin isə bu qərardan Rusiya Federasiyası Ali Məhkəməsinə şikayət edə bilməmişdi.

Yenidən baxılması tələb olunan hallar Razinin 2007-ci ildə musiqi əsərləri üzərində müəllifliyini təsdiqləyən iddiaları ilə bağlıdır. Həmin vaxt Xostinski Rayon Məhkəməsi bunu hüquqi fakt kimi qəbul etmişdi.

Dekabrın 4-də keçirilən iclas zamanı mərhum müğənninin bu prosesə cəlb olunmadığı diqqətə çatdırılıb. Həmçinin, məhkəmə Rusiya Sosial Fondunun işə cəlb edilməsi və tərəflərin yaşayış yerlərinin dəqiqləşdirilməsi zərurəti ilə əlaqədar Razinin vəsatətinə baxılmasını başqa tarixə təxirə salıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər