Dünya
200
19:37, Bu gün

"Tramp dünya nizamını dağıdır" - "The Hill" (ABŞ)

"Vaşinqtonun beynəlxalq hüquqdan uzaqlaşması qlobal təhlükəyə çevrilib..."

ABŞ prezidenti Donald Tramp administrasiyasının son addımları beynəlxalq hüquq və müharibə qaydaları ətrafında ciddi müzakirələr yaradıb.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "The Hill" nəşri yazıb.

Məqalədə bildirilir ki, Vaşinqtonun İranla müharibəsi fonunda ABŞ ordusu Karib hövzəsi və Sakit okeanın qərb hissəsində narkotik qaçaqmalçılarına aid olduğu iddia edilən katerlərə zərbələri artırıb. Nəşrin məlumatına görə, bu ay cəmi beş gün ərzində üç kater məhv edilib, ümumilikdə isə belə əməliyyatların sayı 57-yə çatıb. Hücumlar nəticəsində təxminən 200 nəfərin öldüyü bildirilir.

Müəllif yazır ki, beynəlxalq hüquq üzrə ekspertlər bu əməliyyatları məhkəməsiz edam və qanunsuz güc tətbiqi kimi qiymətləndirirlər. Məqalədə vurğulanır ki, BMT Nizamnaməsinə əsasən dövlətlər yalnız özünümüdafiə və ya Təhlükəsizlik Şurasının icazəsi halında xaricdə hərbi gücdən istifadə edə bilər.

ABŞ güc siyasətinə qayıdır

Nəşr qeyd edir ki, Tramp administrasiyası beynəlxalq münasibətləri getdikcə "güc və məcburetmə sistemi" kimi görməyə başlayıb. Məqalədə Trampın Qrenlandiyanı almaq, Panama kanalına nəzarəti bərpa etmək, həmçinin Kuba, Kolumbiya və Meksikaya qarşı hərbi güc tətbiqi ilə bağlı bəyanatlarının dünya ölkələrində ciddi narahatlıq yaratdığı vurğulanır.

Nəşr yazır ki, Tramp hətta "Mənə beynəlxalq hüquq lazım deyil" deyərək öz səlahiyyətlərini yalnız şəxsi mənəviyyatı ilə məhdudlaşdırdığını bildirib. Məqalədə İranla müharibəyə də toxunulur. Müəllif hesab edir ki, Vaşinqtonun Tehranı "uzun illərdir aqressiv fəaliyyət göstərməkdə" ittiham etməsi hərbi müdaxilə üçün hüquqi əsas yaratmır.

Müharibə qanunları zəiflədilir

Nəşr ABŞ müdafiə naziri Pit Heqsetin də sərt açıqlamalarını xatırladır. O, ABŞ ordusunun artıq "siyasi korrektlik" və "müharibə qaydaları" ilə məhdudlaşmayacağını deyib və hərbçilərin "əllərinin açılacağını" bildirib.

Məqalədə qeyd olunur ki, ABŞ ordusunun körpülərə, elektrik stansiyalarına, universitetlərə və sənaye obyektlərinə zərbələri beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilir. Trampın İranın əsas neft ixrac mərkəzlərindən biri olan Xark adasının "tamamilə məhv edildiyini" deməsi və "zövq üçün daha bir neçə zərbə" endirilə biləcəyini bildirməsi də tənqid olunur.

"Bu realizm deyil, məsuliyyətsizlikdir"

Nəşr yazır ki, İkinci Dünya müharibəsindən sonra qurulan beynəlxalq sistem iki əsas prinsip üzərində dayanırdı: birtərəfli güc tətbiqinin qadağan olunması və müharibə cinayətlərinin qəbul edilməməsi.

Müəllifin fikrincə, əgər həmin sistemin əsas memarı olan ABŞ bu prinsiplərdən imtina edərsə, digər dövlətlər də eyni yolu seçəcək. Nəşr sonda xəbərdarlıq edir ki, nüvə silahı, süni intellekt əsaslı müharibələr və avtoritarizmin gücləndiyi dövrdə beynəlxalq hüquqdan imtina etmək "realizm yox, məsuliyyətsizlikdir".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər