Bizi sosial şəbəkələrdən izləyin:
“Tülkülər əsasən yaz aylarında ortalığa çıxır. Çünki yaz ayları onların balalama vaxtıdır. Əslində Bakı şəhəri tülkülərin yaşayış məskənində yerləşir. Tülkülərin daha çox rast gəlindiyi yerlər yarımsəhra, çöl əraziləri olur. Tülkülər insan məskəninə gəlməyib, biz tülkülərin məskənini işğal etmişik. Onlar da getdikcə burada asan qida əldə etdiklərinə görə çoxalırlar. Vaxtında utilizasiya edilməmiş zibilliklərdə qida qalıqlarını görərək özlərinə asan qida əldə edirlər. Şəhərdə boş qalmış zirzəmilərdə, yarımçıq tikilmiş binalarda balalayırlar. Yetərincə də ətrafda qida olduğuna görə balaları böyüdüb, artıra bilirlər”.
Bunu Moderator.az-a açıqlamasında Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov deyib.
O daha sonra əlavə edib:
“Şəhər insanı heyvanlara bir az yumuşaq münasibət göstərdiyinə, burada ov həyata keçirilmədiyinə görə, şəhər adamlarının qoyunçuluq, toyuqçuluq təsərrüfatı olmadığına görə onlar bu cür qonşu yaşamağa pis baxmırlar. Amma onu bilmək lazımdır ki, bu tülkülər arasında kifayət qədər quduzlar da ola bilər. Quduzluq əsasən yırtıcı heyvanlarda olur. Uşaqları dişləyə bilər, parklarda insanlarla üz-üzə gəlib onları qorxuda bilər. Bu gün axşam və günorta saatlarında bir çox ərazilərdə tülküləri görmək mümkündür. Yaxın təmasdan insanları dişləyib, quduzluğa yoluxdura bilər. Quduzluq da dəhşətli bir xəstəlikdir, ondan geriyə yol yoxdur”.