Kuba ABŞ-nin təklifini nəzərdən keçirməyə hazır olduğunu bəyan etdi
Dünya
102
22:50, Bu gün

Kuba ABŞ-nin təklifini nəzərdən keçirməyə hazır olduğunu bəyan etdi

Kuba rəhbərliyi Birləşmiş Ştatlar tərəfindən irəli sürülən 100 milyon dollar məbləğində humanitar dəstək təklifini nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Moderator.az xəbər verir ki, bu barədə ada dövlətinin xarici işlər naziri Bruno Rodriges Parrilya "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Kuba hökuməti istər ikitərəfli, istərsə də çoxtərəfli formatda, təmiz niyyətlə və səmimi əməkdaşlıq məqsədilə təklif edilən xarici yardımları rədd etmək təcrübəsinə malik deyil. Biz bu təşəbbüsün təfərrüatlarını dinləməyə və onun həyata keçirilmə mexanizmi ilə tanış olmağa hazırıq", - deyə Rodriges Parrilya vurğulayıb.

Kuba XİN rəhbərinin sözlərinə görə, ada rəhbərliyinin Katolik kilsəsi ilə birgə fəaliyyət sahəsində də uzunmüddətli və müsbət təcrübəsi mövcuddur. Nazir bu dəstəyin siyasi oyunlardan və Kuba xalqının əzabından mənfəət əldə etmək cəhdlərindən uzaq olacağına ümid etdiyini bildirib. O əlavə edib ki, Vaşinqton bu vəsaitin maliyyə, yoxsa material şəklində veriləcəyini, həmçinin əhalinin yanacaq, ərzaq və dərman təminatı kimi təxirəsalınmaz ehtiyaclarını qısa müddətdə qarşılayıb-qarşılamayacağını hələ dəqiqləşdirməyib.

Nazir qeyd edib ki, ABŞ ilk dəfədir yardım təklifini açıq şəkildə bəyan edir. Bununla belə, o vurğulayıb ki, Amerika rəsmilərinin edə biləcəyi ən böyük yaxşılıq hazırda həmişəkindən daha sərt olan iqtisadi və enerji blokadasına son qoymaqdır.

Xatırladaq ki, mayın 13-də ABŞ-nin dövlət katibi Marko Rubio Kuba əhalisi üçün 100 milyon dollarlıq humanitar dəstək təklifi barədə açıqlama verib. Onun sözlərinə görə, Vaşinqton daha əvvəl də yardım təklif etsə də, Kuba rəhbərliyi bundan imtina edib. Lakin Bruno Rodriges Parrilya həmin vaxt ölkədə belə bir təklif haqqında heç kimin məlumatı olmadığını bildirmişdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər