Epşteynin qurbanı olan qadın köləliyə cəlb edilməsindən danışdı:
Dünya
223
08:30, Bu gün

Epşteynin qurbanı olan qadın köləliyə cəlb edilməsindən danışdı: "Bir dəfə masajçısı məni otağa çağırdı..."

ABŞ-li maliyyəçi Cefri Epşteynin qurbanlarından biri olan Roza adlı keçmiş model ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında ifadə verərkən göz yaşlarını saxlaya bilməyib. O, Ədliyyə Nazirliyinin Epşteynin sənədlərinə qarşı ehtiyatsız davranışının onun şəxsiyyətinin ictimaiyyətə sızmasına necə səbəb olduğundan danışıb.
 
Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
 
Rozanın sözlərinə görə, onu Epşteynlə maliyyəçinin uzunillik ortağı olan fransız model agenti Jan-Lyuk Bryunel tanış edib. Epşteynin dəstəyi ilə "MC2 Model Management" agentliyini təsis edən Bryunel sonradan təcavüz ittihamı ilə mühakimə olunmağı gözləyərkən Parisdəki həbsxana kamerasında asılmış vəziyyətdə tapılmışdı.
 
"Cefri Epşteyn mənə qarşı zorakılıq etdiyi dövrlərdə yetkinlik yaşına çatmayan qızlara təcavüz etdiyi üçün ev dustaqlığında idi", - deyə Roza bildirib. O əlavə edib ki, Epşteyn özünü karyera vəd edən agentliyin investoru kimi təqdim edib: "O, həbsi barədə adi bir şeymiş kimi danışır, kamerasına qızların gəlməsi ilə öyünür və hakimiyyət orqanları ilə olan əlaqələri ilə fəxr edirdi".
 
Model agentliyinin qadına 10 000 dollar borcu yarandıqdan sonra Epşteyn ona öz elmi fondunda iş təklif edib. Lakin bu iş təklifi ağır zorakılıqların başlanğıcı olub: "Bir dəfə onun masajçısı məni otağa çağırdı və Cefri orada ilk dəfə mənə qarşı cinsi qısnama etdi. Növbəti üç il ərzində mən daim zorakılığa məruz qaldım".
 
Roza vurğulayıb ki, illər sonra bu hadisələr barədə "anonim" ləqəbi ilə ifadə versə də, məhkəmə sənədlərinin səhv dərc olunması nəticəsində şəxsiyyəti ifşa olunub: "Bir gün oyandım və adımın sənədlərdə 500 dəfədən çox çəkildiyini gördüm. Varlı və nüfuzlu insanlar hələ də senzura ilə müdafiə olunduqları halda, mənim adım bütün dünyaya bəyan edildi".
 
Xatırladaq ki, Cefri Epşteyn 2019-cu ildə insan alveri və yetkinlik yaşına çatmayanların cinsi istismarı ittihamı ilə həbs olunmuş və həmin il kamerasında ölü tapılmışdı. /Oxu.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər