Hakerlər
Dünya
145
22:25, Bu gün

Hakerlər "Apple" və "Google"un sənədlərini oğurlayıblar

"Nitrogen" haker qruplaşması bir neçə "Foxconn" müəssisəsinə müdaxilə etdiyini və "Apple", "Google", "Nvidia", "Intel" və "Dell" şirkətlərinə məxsus məxfi məlumatları oğurladığını iddia edib. Cinayətkarların sözlərinə görə, onlar 11 milyondan çox faylı əhatə edən təxminən 8 TB həcmində məlumat əldə ediblər.

Moderator.az xəbər verir ki, bu barədə "MacRumors" nəşri məlumat yayıb.

Oğurlandığı iddia edilən materiallar arasında "Apple" layihələrinə aid daxili sənədlərin və digər texnologiya şirkətlərinin texniki çertyojlarının olduğu bildirilir. "Foxconn" ABŞ-dəki zavodlarına kiberhücum faktını təsdiqləsə də, müştəri məlumatlarının hakerlər tərəfindən həqiqətən ələ keçirilib-keçirilmədiyini dəqiqləşdirməyib. Şirkətdən verilən açıqlamaya görə, kibertəhlükəsizlik mütəxəssisləri dərhal müvafiq tədbirlər görüb və bunun sayəsində istehsalat prosesi dayanmayıb. Hazırda kiberhücuma məruz qalmış müəssisələr tədricən normal iş rejiminə qayıdır.

"Foxconn" cihazların yığılması sahəsində "Apple"ın əsas tərəfdaşlarından biridir. Bununla belə, "Apple" adətən podratçıların gələcək məhsullar barədə məlumatlara çıxışını ciddi şəkildə məhdudlaşdırır və təchizatçılara yalnız istehsal üçün zəruri olan texniki detalları təqdim edir.

"Coveware" tədqiqatçılarının məlumatına görə, "Nitrogen" qruplaşması "Conti 2" fidyə proqramının sızdırılmış kodu ilə əlaqəli ola bilər. Ekspertlər həmçinin vurğulayırlar ki, hakerlərin istifadə etdiyi şifrələmə proqramındakı xəta səbəbindən, tələb olunan məbləğ ödənilsə belə, faylların bərpası qeyri-mümkün ola bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər