Moldovanın müdafiə naziri ordudakı ölümlərə görə istefa verməkdən imtina etdi
Dünya
158
19:27, Bu gün

Moldovanın müdafiə naziri ordudakı ölümlərə görə istefa verməkdən imtina etdi

Moldovanın müdafiə naziri Anatoli Nosatıy müxalif düşərgənin tələblərinə rəğmən, postunu tərk etməyəcəyini açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Müxalifət nümayəndələri silahlı qüvvələrdə qeydə alınan ardıcıl intihar hallarına və hərbi hissələrin birində silahla ehtiyatsız davranış səbəbindən həddi-büluğa çatmamış şəxsin həyatını itirməsinə görə birbaşa naziri günahlandırırlar.

"Müvafiq istintaq prosesi yekunlaşana və hadisənin bütün təfərrüatı üzə çıxana qədər vəzifəmdən getməyəcəyəm. Silahlı qüvvələrdə səlahiyyət bölgüsü kimi konkret prinsiplər mövcuddur. Nazir hər bir şəxsin fəaliyyətinə görə birbaşa cavabdehlik daşımır", - brifinqdə çıxış edən A.Nosatıy vurğulayıb.

Qeyd edək ki, bəzi siyasi xadimlər və parlament partiyaları onun vəzifədən kənarlaşdırılmasını istəyirdilər. Müxalifət qüvvələri daha öncə də naziri istefaya yollamağa cəhd göstərsələr də, Fəaliyyət və Həmrəylik Partiyasından olan parlament çoxluğu ona yenidən öz dəstəyini ifadə edib. Bir müddət əvvəl Moldovanın 2019-20-ci illərdəki sabiq baş naziri İon Çiku orduda silahla ehtiyatsız davranış və ya intihar səbəbindən ölümlə nəticələnən bədbəxt hadisələrin hər üç aydan bir təkrarlandığını diqqətə çatdıraraq, bu rəqəmin əvvəlki nazirlərin dövründəki göstəricilərdən qat-qat yüksək olduğunu qeyd etmişdi.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, mayın 10-da Kahul şəhərində yerləşən hərbi hissədə müqavilə əsasında xidmət edən hərbçinin silahla ehtiyatsız rəftarı nəticəsində 16 yaşlı gənc həlak olub, müddətli həqiqi hərbi xidmət qulluqçusu isə xəsarət alıb.

Müstəqil Dövlətlər Birliyi məkanında ən kiçik ordu hesab edilən Moldova Silahlı Qüvvələrində təqribən 6 000 nəfərlik şəxsi heyət xidmət edir. Dövlətin 2025-ci ildə təsdiqlədiyi hərbi strategiyaya əsasən, hərbi büdcə ümumdaxili məhsulun 1%-i səviyyəsinə qaldırılmalı, ordunun tərkibi 30% böyüdülərək 8 500 hərbçi və 2 000 mülki işçiyə çatdırılmalıdır. Həmin sənəd, eyni zamanda, yenidən silahlanmanı, Avropa İttifaqı və NATO-nun hərbi hazırlıq standartlarına inteqrasiyanı, eləcə də Ukrayna ilə hərbi sferada əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər