“Sönük” parad və xarici muzdlular hesabına davam edən müharibə
Cəmiyyət
418
21:44, Bu gün

“Sönük” parad və xarici muzdlular hesabına davam edən müharibə

9 may Qələbə günündə istər Qırmızı Meydanda, istərsə də Rusiyanın əyalət mərkəzlərində keçirilən paradlar əvvəlki illərdən fərqli olaraq “sönük” keçdi. Səbəb məlumdur, amma, yazının məqsədi bu məsələ deyil. Paradlarda çoxsaylı qoşun növlərinin nümayəndələri iştirak edirdi və istər-istəməz sual yaranır: nədən Ukrayna cəbhəsində canlı qüvvəyə ehtiyac olduğu halda, paraddakı hərbiçilər cəbhəyə göndərilmir? Alınan dəqiq məlumatlara görə Putin rejimi maksimum çalışır ki, xarici vətəndaşların, xarici muzdluların hesabına müharibəni davam etdirsin. Çoxsaylı canlı itkilərin Rusiya cəmiyyətində getdikcə etirazlar yaratdığı gizli məsələ deyil. Bəs, müharibə başlayandan bu vaxtadək xarici vətəndaşların cəlb edilməsi necə həyata keçirilir və hazırda bu istiqamətdə nələr baş verir?
 
Əldə etdiyimiz məlumatlara görə, artıq Rusiya Federasiyasında olan miqrantlar da daxil olmaqla, əcnəbiləri işğal ordusuna cəlb etmək Kremlin əsas xəttidir və getdikcə daha da önəmli xarakter alır.
 
2026-cı ildə Rusiya Müdafiə Nazirliyi Ukraynaya qarşı təcavüz müharibəsi üçün ən azı 18.500 xarici vətəndaşı cəlb etməyi planlaşdırır. Bu, Ukraynaya qarşı müharibədə öz əhalisinin böyük itkilərini nəzərə alsaq, Rusiya üçün həyati əhəmiyyətli bir mənbədir.
 
Alınan məlumatlara görə 2026-cı ilin aprel ayında təcavüzkar dövlətin bütün federal rayonlarında 18 yaşdan 60 yaşa qədər xarici kişilərin sayını müəyyən etmək üçün nəzarət yoxlamaları aparılmışdır. Yoxlamalar Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilati və Səfərbərlik İdarəsi tərəfindən, eyni zamanda Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Xarici Vətəndaşların Vətəndaşlıq və Qeydiyyat Xidməti ilə birgə aparılıb.
 
 Rusiyanın bütün hərbi çağırış ofislərinə xüsusi səfərbərlik hədəfləri verilib: Ukraynaya qarşı müharibədə döyüşmək üçün hər bölgədəki əcnəbilərin ümumi sayının 0,5%-dən 3,5%-ə qədərini cəlb etmək. Cəlbetmə 97 səfərbərlik seçmə mərkəzi vasitəsilə həyata keçirilir.
 
 Bu cür səfərbərlik məntəqələri Mərkəzi Hərbi dairədə 30, Moskva və Cənub Hərbi Dairələrinin hər birində 21, Şərq Hərbi Dairəsində 14, Leninqrad Hərbi Dairəsində isə  11 belə məntəqə var.
 
Rəsmi qəbul məntəqələrindən əlavə, Rusiya kəşfiyyat orqanlarının nəzarəti altında yaradılan özəl hərbi strukturlar- Redut, Konvoy, Vaqner-2, Rotok, Rus döyüş qardaşları, FAK, Sokol, Veteranlar və digərləri, o cümlədən Baş Kəşfiyyat İdarəsi (QRU) də Rusiya Federasiyasının bölgələrində cəlbetmə ilə məşğuldur.
 
 Xarici vətəndaşlar içərisində postsovet məkanından olan miqrantlar ilk hədəflər içərisindədir, Doğrudur ki, Rusiya hərbi idarəsi əsasən Orta Asiya dövlətlərinin - Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın vətəndaşları ilə maraqlanır, amma təəssüf ki, bəzən bizim də soydaşlarımız belə bir cəlbetmənin qurbanı olurlar. Əcnəbiləri cəlb etmək sxemləri, pul, müavinət və Rusiya vətəndaşlığı vədləri ilə yanaşı, təzyiq və məcburiyyəti də əhatə edir. Rusiya öz ərazisində xarici vətəndaşların hüquqi zəifliklərindən, xüsusən də aşağıda qeyd edilən amillərdən istifadə edir:
 
- turist və ya tələbə vizalarının müddətinin bitməsi;
 
- vizaların yenilənməsinin və ya müəyyən edilmiş müddətlərdə qalmanın qanuniləşdirilməsinin mümkün olmaması;
 
- Rusiya miqrasiya qanunlarını pozduqlarına görə inzibati həbslər.
 
Bu amilləri ona görə fərqləndiririk ki, Rusiyaya səfər edən həmvətənlərimiz diqqətli olsunlar. Rusiya rejimi tərəfindən əsasən qəsdən yaradılan bu şərtlər altında əcnəbilərə Ukraynaya qarşı müharibədə iştirak etmək kimi sözdə "alternativ" təklif olunur. Bu alternativ nədir? Ya uzunmüddətli həbs cəzası ilə razılaşacaqsan, ya da Rusiya Silahlı Qüvvələrində xidmət etmək üçün müqavilə imzalayacaqsan.  Seçim etmək heç də asan olmur.
 
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi yalnız ölkəyə gələn xaricilərlə deyil, başqa ölkələrdə də intensiv cəlbetmə səylərini aparır. Prioritet istiqamətlərə Banqladeş, Çad, Sudan, Burundi, Asiya və Afrikanın digər yoxsul ölkələri daxildir.  Dünya miqyasında Rusiya işğal ordusuna xarici vətəndaşların cəlb edilməsi transmilli insan alveri şəbəkələrini gücləndirir və beləliklə, qlobal təhlükəsizlik sisteminə çətinlik yaradır. Bu faktiki olaraq beynəlxalq cinayətdir. Həm Rusiyada, həm də dünyada məcburiyyət və aldatma yolu ilə əcnəbilərin nəzarətsiz və qanunsuz cəlb edilməsinin nəticələrinə görə məsuliyyət tamamilə Kremlin üzərindədir.
 
Dünya Rusiyanın bu fəaliyyətindən xəbərdardır və əksər ölkələr dəfələrlə vətəndaşlarını Rusiya Federasiyasına səyahət etməmək və təcavüzkar dövlətin qanuni və təhlükəsiz iş vədlərinə inanmamaq barədə xəbərdarlıq edib. Ukrayna Hərbi Əsirlərlə Mübarizə üzrə Koordinasiya Qərargahının katibi, briqada generalı Dmitri Usov beynəlxalq təşkilat olan "Truth Hounds" tərəfindən təşkil edilən "Rusiya Ordusundakı Xarici Döyüşçülər: Qlobal Cəlbetmə Sxemini Necə Dayandırmaq olar" adlı müzakirə zamanı bildirib ki, Kəşfiyyat Baş İdarəsinin (QUR) məlumatına görə, "hazırda Rusiya işğal ordusunda Orta Asiyadan 13.000-dən çox, Cənubi Asiyadan 1800-dən çox, Afrikadan təxminən 3.000, Latın Amerikasından 1500-dən çox və Şimali Koreyadan təxminən 14.000 vətəndaş döyüşür".
 
 General Dmitri Usov bildirib ki, Ukraynaya qarşı müharibədə Rusiya ordusunun "ət hücumları" zamanı xarici muzdluların itkiləri ən azı 5149 nəfər təşkil edir.
 
 Kursk uğrunda döyüşlərdə Şimali Koreyadan olan hərbiçilərin bəziləri Ukrayna tərəfindən əsir götürülmüşdü. Bəzi əsirlər bir daha Şimali Koreyaya qayıtmamaq üçün onların Cənubi Koreyaya təhvil verilməsini seçmişdilər. O zaman “Əsir düş ki, azad ol” adlı yazımda bu faktları qeyd etmişdim. Proses bu gün də davam edir.
 
Hazırda da Ukrayna tərəfindən əsir götürülənlər var və bu gün Koordinasiya Qərargahı 48 ölkədən olan əsir muzdlularla işləyir: Tacikistan, Özbəkistan və Belarusdan olan muzdlular bu siyahıya başçılıq edirlər.
 
  “Sönük” parad və paraddan həmən sonra Rusiya prezidentinin mətbuata açıqlamasında Zelenski ilə görüşməyə hazır olması barədə fikir bildirməsi, Rusiya cəmiyyətində və hakim komanda içərisində müharibədən narazılıqların dilə gətirilməsi, əyalətlərdə səfərbərliyə qarşı açıq etirazlar, iqtisadi böhran Ukrayna müharibəsinin davam etdirilməsinin Rusiya üçün ağır nəticələr verəcəyindən xəbər verir. Amma, hələ də geri çəkilməyən Kreml lideri müharibəni xarici muzdlular hesabına davam etdirməkdən çəkinməsə də, gələcəkdə dünya bu muzdluların Rusiya siyasətini biabır edəcək açıqlamalarının şahidi olacaq.
İlham İsmayıl
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər