Heyvanlar üçün preparatlar istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edildi
Cəmiyyət
1190
02 Jun 2025 | 16:34

Heyvanlar üçün preparatlar istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edildi

Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı ilə bağlı yaranan xərclər ləğv ediləcək.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
 
Belə ki, baytarlıq preparatlarının istehsalı fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilib və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı üçün ilkin olaraq lisenziya alınması tələb olunur. Lisenziyanın verilməsi üçün “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilən miqdarda dövlət rüsumu ödənilməlidir.
 
Məlumatların təqdim edilməsi “Lisenziyalar və icazələr haqqında” Qanunda öz əksini tapır. Belə ki, lisenziya verən orqan (İqtisadiyyat Nazirliyi) verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar barədə məlumatı reyestrdə qeydə alındığı tarixdən 3 iş günü müddətində lisenziya verilən fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına (bioloji preparatların istehsalı fəaliyyətinə münasibətdə AQTA-ya) göndərir.
 
Beləliklə, qanun layihəsi heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların AQTA tərəfindən qeydiyyatının İqtisadiyyat Nazirliyinin “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında həyata keçirilməsini və qeydiyyatla bağlı yaranan xərclərin ləğvini, bununla da bu sahədə fəaliyyət göstərən sahibkarların maliyyə yükünün azaldılmasını nəzərdə tutur.
 
Link kopyalandı!
Son xəbərlər