“Anar onda səsini qaldırsaydı, bu gün onu sayardılar, bunda özünün də günahı var...”
Cəmiyyət
6367
15 Nov 2021 | 11:54

“Anar onda səsini qaldırsaydı, bu gün onu sayardılar, bunda özünün də günahı var...”

“Məmurların telefon zənglərimizə cavab verməməsiylə bağlı dəfələrlə müsahibələrimdə öz etirazımı bildirmişəm. Nəhayət buna görə Anar müəllim də dilə gəldi. Məmurlar onun dövlət telefonuna cavab vermirlərsə, mənim adicə şəhər telefonuma necə cavab verərlər, heç mobil nömrələrini də bilmirəm. Bu isə hər halda yaxşı hal deyil, Anar müəllimi saymamaq olmaz. Əgər məmurlar onu saymırlarsa, demək ədəbiyyatı, mədəniyyəti saymırlar”
 
Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Vahid Əziz Xalq yazıçısı Anarın məmurlarla bağlı gileyinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə burda Anar müəllimin də günahı var:
 
“Onu da deyim ki, Anar müəllim də özünü saydırmağı bacarmalı idi. Onda da günah var. Əgər məmurlar Anar müəllimi saymırlarsa, demək o, özünü saydıra bilməyib, gərək saydıraydı. Məsələn, məni saymayan adama mübarizliyimlə sözümü deyib, özümü saydırmışam. Anar böyük yazıçıdır, bizim ağsaqqalımızdır. 
 
Mənə ağır gələn odur ki, 37-ci ildə o qədər yazıçı, ədəbiyyatçı həbs edildi və onların heç birini Azərbaycan Yazıçılar İttifaqından qandallayıb aparmayıblar. Demokratik Azərbaycanda Azərbaycan Yazıçlar Birliyinə Hacıbala Abutalıbov başda olmaqla polis gəldi. Onda binanın altında restoranın şüşəsinə “26-lar” yazıldığına görə gəlmişdilər. İndi onu kim və niyə yazıb, başqa mövzudur. Mənə elə gəlir ki, Anar onda səsini qaldırmalıydı. Onda səsini möhkəm qaldırsaydı, bu gün onu sayardılar. Anara hörmətim və atası Rəsul Rzaya mənəvi borcum var. Çünki mənim ədəbiyyata gəlməyimdə və sonrakı taleyimin kökünün əsasını Rəsul Rza qoydu. Mən onun çörəyini yemişəm və hələ də yeyirəm.  Ona cavab verməyən adamlar mədəniyyətsizdirlər, vəzifəyə layiq deyillər, Prezidentin dediyi kimi azğınlaşmış, qudurğan məmurlardır. Bizi saymayan adamlar ölüb gedəcək, amma mən və Anar əbədi olaraq ədəbiyyatda qalacaq. O məmurlar isə it kimi gəbərəcəklər. 
 
Mən 1991-ci ildən 1997-ci ilə qədər Azərbaycan Yazıçılar Birliyinin katibi olmuşam. Anar müəllim Türkiyədə idi və Yusif Səmədoğlu AYB-nin birinci katibi idi. Onda həmin o restoranın yerində bank fəaliyyət göstərirdi. Səhər işə gəldim və sürücüm maşını binanın qarşısında saxlayanda bankın mühafizəçisi gəlib dedi ki, burda maşın saxlamayın, bankın ərazisidir. Mən də dedim ki, bura AYB-nin binasıdır və mən də buranın katibiyəm. Onda mühafizəçi ilə mübahisəmiz düşdü. Yusif Səmədoğluna dedim ki, əgər AYB-nin katibini burda fəaliyyət göstərən bankın mühafizəçisi əraziyə buraxmırsa, burda katib işləmirəm. O vəzifəyə də, aldığım maaşa da tüpürüb çıxdım. AYB-də bir nəşriyyat açmışdım və orda otururdum. Ona görə deyirəm ki, adam özünü saydırmağı bacarmalıdır”.
 
Vasif Əlihüseyn
Link kopyalandı!
Son xəbərlər