Azərbaycan-Rusiya münasibətləri: Regional sülh və tərəqqiyə böyük töhfə...
Araşdırma
4038
21 Jun 2023 | 21:12

Azərbaycan-Rusiya münasibətləri: Regional sülh və tərəqqiyə böyük töhfə...

Azərbaycanın regional əməkdaşlıq fonunda əlaqə və əməkdaşlığı genişləndirdiyi dövlətlərdən biri Rusiyadır. Tarixin müxtəlif dönəmlərində Rusiya-Azərbaycan münasibətlərində bir sıra ziddiyyət və gərginliklər mövcud olsa da, hər iki xalqın sovet dönəmində eyni dövlətin tərkibində təmsil olunması onlara bir-birlərinin mədəniyyəti ilə yaxından tanış olmağa imkan vermiş, birgə əməkdaşlıq üçün geniş imkanlar yaratmışdır. XX əsrin ortalarında alman faşizminə qarşı birgə mübarizə aparan rus və Azərbaycan xalqı post-müharibə dönəmində geniş quruculuq prosesində də birgə iştirak etmiş, qlobal əhəmiyyətli layihələrə imza atmışdılar.

 

Heydər Əliyev Azərbaycan-Rusiya dostluğunun keşiyində...

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra da Rusiya ilə əməkdaşlığı qoruyub saxlamış, Ulu öndər Heydər Əliyev dönəmində daha da inkiaşf etdirmişdir.

 

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyev Rusiya ilə münasibətlərin inkişafına mühüm önəm verir, bu əməkdaşlığın hər iki xalqın maraq və mənafeyinə cavab verdiyini vurğulayırdı. XX əsrin 90-cı illərinin əvvəllərində Qərbin bəzi dairələri Rusiya və Azərbaycanı üz-üzə qoymağa cəhd etsə də, məhz Ulu öndərin sayıqlığı, uzaqgörən siyasəti nəticəsində bu cəhdlər heç bir nəticə verməmiş, əksinə, iki dövlət arasında qarşılıqlı etimad və əlaqələr genişlənmişdir.

 

Ulu öndər 9 yanvar 2001-ci ildə Rusiya prezidenti Vladimir Putinin şərəfinə təşkil olunmuş rəsmi qəbuldakı çıxışı zamanı Azərbaycan-Rusiya əlaqələrini, iki xalq arasındakı tarixi dostluğu aşağıdakı şəkildə xarakterizə etmişdir:

 

 “Azərbaycan müstəqillik əldə etdikdən sonra münasibətlərimizi mürəkkəbləşdirmiş ayrı-ayrı mərhələlər olmuşdur. Bəlkə də bu, belə bir səfərin həyata keçirilməsinə nail ola bilməməyimizin səbəblərindən biri idi. Ancaq bugünkü gün göstərdi ki, görüşümüzə, sizin səfərinizə mane olan məsələlərin çoxu süni idi, uydurma idi və gerçəkliyə uyğun deyildi. Gerçəklik isə ondan ibarətdir ki, bu gün biz çox səmərəli iş gördük. Ona görə də cəsarətlə demək olar ki, səfər çox uğurludur, səfər baş tutmuşdur, özlüyündə mühüm dövrdür, Rusiya Federasiyası ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərdə yeni mərhələ açır.

 

Rusiya ilə Azərbaycan arasında, rus və Azərbaycan xalqları arasında münasibətlərin tarixi bir çox əlamətdar hadisələrlə səciyyələnir. Biz bunu yüksək qiymətləndiririk ki, təxminən iki yüz il ərzində bu dövlətin tərkibində olarkən Azərbaycan xalqı ilə rus xalqı arasında xoş münasibətlər yaranmışdır və bu münasibətlər sıx dostluğa çevrilmişdir. Bir dövlətin tərkibində - keçmişdə çar imperiyasında, sonra da Sovetlər İttifaqının tərkibində birgə həyatın gedişində Azərbaycan xalqının əldə etdiyi nailiyyətləri biz Azərbaycanda yüksək qiymətləndiririk. Bizim üçün ən böyük əhəmiyyəti olan odur ki, rus mədəniyyətinin təsiri altında Azərbaycanda dünyəvi həyat tərzinin xüsusiyyətləri meydana gəlməyə başlamışdır. Azərbaycanlılar Rusiyada təhsil alırdılar, onlar sonradan, öz xalqının maarifçiləri olmuş və milli dirçəliş üçün, elmin, təhsilin, mədəniyyətin, incəsənətin inkişafı üçün çox işlər görmüşlər. Ötən yüzillik ərzində Azərbaycanda olduqca böyük dəyişikliklər baş vermişdir. Təhsil sahəsi genişlənmiş, ali təhsil, elmi tədqiqat müəssisələri təşkil edilmiş və bir çox digər işlər görülmüşdür. Bütün bunları rus xalqının nümayəndələrinin, rus ziyalılarının mədəniyyət xadimlərinin, incəsənət xadimlərinin köməyi ilə əldə edə bilmişik. Bunların hamısı Azərbaycan xalqının ümumbəşəri dəyərlərdən, Avropa dəyərlərindən bəhrələnməsində və Azərbaycanda dünyəvi cəmiyyətin qurulmasında olduqca böyük rol oynamışdır. Ötən əsr ərzində Azərbaycanda iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının inkişafı, bütün həyatın yenidən qurulması Rusiya ilə, Rusiyadan, Rusiya mütəxəssislərindən aldığımız köməklə sıx bağlıdır. Yəqin Rusiyada bunu qiymətləndirirlər ki, Rusiyanın və bütün Sovetlər İttifaqının iqtisadiyyatının inkişafında, sənayenin inkişafında, sənayeləşdirmədə Azərbaycan nefti öz rolunu oynamışdır. Biz iftixarla deyirik ki, Azərbaycan neftçiləri Rusiya Federasiyasının və o vaxtkı bütün Sovetlər İttifaqının müxtəlif regionlarında bir çox neft və qaz yataqlarının aşkara çıxarılmasının fəal iştirakçıları olmuşlar”.

 

Tarixi qonşuluqdan strateji müttəfiqliyə doğru...

 

Azərbaycan-Rusiya arasındakı dostluq və qonşuluq münasibəti Prezident İlham Əliyevin dönəmində daha da inkişaf etmiş, mahiyyət etibarı ilə yeni mərhələyə yüksəlmişdi. Ulu öndər Heydər Əliyev kimi Prezident İlham Əliyev də Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməkdə maraqlı olan qüvvələrin, eləcə də Ermənistanın təxribatlarını böyük bacarıqla dəf etmiş, iki dövlət arasındakı əməkdaşlığın genişləndirilməsinə nail olmuşdur.

 

2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistan Rusiyanı Azərbaycanla hərbi münaqişəyə cəlb etməyə çalışsa da, Azərbaycaycanın dövlət başçısının uzaqgörənliyi, Rusiya tərəfinin təmkinli və məntiqli davranışı nəticəsində erməni faşizminin bu təxribatı da baş tutmamışdır. Rusiyanın moderatorluğu alıtnda fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da müharibənin yalnız Azərbaycan ərazisində getdiyini əsas gətirərək hərbi əməliyyatladra iştirakdan imtina etmişdir.

 

2020-ci ilin 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiyanın iştirakı ilə müharibənin başa çatması ilə bağlı üçtərəfli Bəyanat imzalanmış, bu Bəyanata əsasən bölgədə sülhün və təhlükəsizliyin təmini Rusiya sülhməramlılarına həvalə edilmişdi.

 

2022-ci il Azərbaycan-Rusiya münasibətlərinin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. 22 fevral 2022-ci il tarixində Rusiyanın paytaxtı Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanmışdır. Bütün sahələri əhatə edən Bəyannamənin 6-cı və 7-ci bəndlərində deyilir:

 

6. Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər.

 

7. Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar.

 

Hər iki bənd Azərbaycan və Rusiyanın bir-birlərinin maraq və mənafeyinə, təhlükəsizliyinə necə böyük önəm verdiyini, bu məsələlərlə bağlı yüksək həssaslıq sərgilədiyini göstərir.

 

Bəyannamənin 16-cı maddəsi isə müttəfiqlər arasında hərbi yardımlaşmanın həyata keçirilməsini nəzərdə tutur. Sözügedən bənddə deyilir:

 

“Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər”.

 

Bəyannamənin bu bəndi göstərir ki, təxribatçı qüvvələrin səylərinə baxmayaraq, Azərbaycan-Rusiya münasibətləri nəinki gərginləşdirmək mümkün olmamş, əksinə, bu münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdi. Bu, Azərbaycan və Rusiyanın uğuru olmaqla yanaşı, Ermənistan və onun havadarlarının məğlubiyyəti deməkdir.

 

Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birlərinin maraq və mənafeyinə hər zaman hörmətlə yanaşmış və bu gün də yanaşmaqdadır. Xatırladaq ki, ötən il başlayan Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq dünyanın bir çox ölkəsi, eləcə də bir sıra beynəlxalq təşkilatlar Rusiyaya qarşı sanksiyalar tətbiq etsə də, Azərbaycan bu sanksiyalara qoşulmamış, Rusiya ilə tarixi dostluq münasibətlərinə sadiqlik nümayiş etdirmişdir. Bir tərəfdən Ukraynaya humanitar yardımlar göndərərək dost ukrayna xalqının humanitar fəlakətlə üzləşməsini önləməyə çalışan  Azərbaycanın digər tərəfdən Rusiyaya qarşı sanksiyalara qoşulmaması rəsmi Bakının insani, sivil, ədalətli siyasətindən xəbər verir.

 

Bu gün Azərbaycan-Rusiya əməkdaşlığı regional sülh və tərəqqiyə böyük töhfə verməkdədir. Hər iki dövlət bu əməkdaşlığın daha da inkişaf etdirilməsi, müttəfiqlik münasibətlərinin dərinləşməsi istiqamətində səylərini artırır ki, bu da hər iki dövlətlə yanaşı, bütün regionin mənafeyinə uyğundur.

 

Seymur ƏLİYEV

Moderator.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.6.  istiqaməti üzrə (Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi) hazırlanmışdır. 

 

 

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər